Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda könüllü fəaliyyəti

   Son illərdə ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Respublikamızda könüllülük fəaliyyəti geniş vüsət almış, yeni dövrə qədəm qoymuşdur. Ölkəmizdə gənclər arasında könüllülük fəaliyyəti artıq ənənəyə çevrilib. Respublikamızın ev sahibliyi etdiyi irimiqyaslı tədbirlərdə könüllü fəaliyyəti göstərən gənclərimiz böyük uğura imza atmaları ölkə başçısı cənab İlham Əliyevin könüllülərin fəaliyyətinə verdiyi yüksək qiymətin bariz nümünəsidir.

   Ölkəmizdə uğurla həyata keçirilən könüllü fəaliyyəti Binəqədi rayonunda da uğurla davam etməkdədir.

  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Binəqədi Rayon İcra Hakimiyyəti arasında razılaşmaya uyğun olaraq, Rayon İcra Hakimiyyəti Başçısının 21 yanvar 2015-ci il tarixli 11 nömrəli Sərəncamı əsasında “ASAN könüllüləri” artıq 4 ilə yaxın müddətdir ki, mütəmadi olaraq İcra Hakimiyyətinin başçısı Aparatında, YAP Binəqədi rayon təşkilatında və Binəqədi rayon Gənclər və İdman İdarəsində təcrübəyə cəlb olunurlar. Ötən dövr ərzində “ASAN könüllülərinin” “Master-2” təcrübə proqramı çərçivəsində 176 nəfər (103 qız, 73 oğlan) könüllünü əhatə etmiş 16 könüllü heyəti 2 aylıq təcrübə müddətini uğurla başa vurmuşdur. Könüllülərin hərtərəfli inkişafı üçün müvafiq iş şəraiti yaradılmış, təcrübəli əməkdaşlar tərəfindən onlara dövlət qulluğu haqqında ətraflı məlumat verilmişdir. Təcrübə müddəti ərzində gənclərdə müxtəlif şöbələrin işləri barədə təsəvvür yaratmaq üçün rotasiya qaydasında yerdəyişmə aparılmış, beləcə, hər bir könüllüyə bir neçə şöbədə təcrübə keçmək imkanı yaradılmışdır.

  İş prosesindən əlavə, könüllülərin təcrübə müddətinin maraqlı keçməsi və onların asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədilə “Binəqədi ASAN-Tur” ekskursiyaları təşkil olunmuşdur. Ekskursiya çərçivəsində könüllülər rayon ərazisində fəaliyyət göstərən dövlət və özəl qurumlara, muzeylərə, o cümlədən, Heydər məscidinə, “Binəqədi IV dövr Flora və Fauna” muzeyinə, “Kənd təsərrüfatı” muzeyinə, tarixi memarlıq abidələrinə, bələdiyyələrin inzibati binalarına, Binəqədi Gənclər Evi Sosial Xidmətlər Müəssisəsinə, orta məktəblərə, eləcə də, “ASAN Radio”nun inzibati binasına səfər etmiş, onlar üçün gəzintilər təşkil edilmişdir. Bundan əlavə, xüsusi günlərdə və bayramlarda könüllülər üçün konsert və musiqili-əyləncəli proqramlar təşkil olunmuşdur. Qeyd etmək istərdim ki, Binəqədi rayonunda təcrübə keçən ”ASAN könüllüləri”nin könüllülük proqramı tərtib olunarkən onların təşəbbüsləri, öz istək və arzuları daima nəzərə alınmışdır. Məhz könüllülər tərəfindən hazırlanmış çoxsaylı videoçarxlar və tamaşaya qoyulmuş əsərlər Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında nümayiş olunmuşdur.

  Ötən dövr ərzində gənclərə praktik təcrübə ilə yanaşı nəzəri biliklər də aşılanmışdır. Belə ki, könüllülərin 2 aylıq könüllü fəaliyyəti ərzində onlara müxtəlif (“İdarəetmə”, “İctimaiyyətlə əlaqələrin qurulması”, “Liderlik”, “Dövlət qulluğu nədir?”) mövzularda təlimlər keçirilmişdir.

  Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçmiş hər bir könüllü, fəaliyyətini başa vurduqdan sonra sertifikatlar və rayonun ictimai həyatında xüsusi fəallığı ilə fərqlənmiş könüllülər isə fəxri fərmanlarla təltif edilmişdirlər.

Keçidlər