Şriftin ölçüsü :

Saytın rəngi :

2018-ci ilin üçüncü rüb

2018-ci ilin üçüncü rüb Binəqədi Rayon İcra Hakimiyyətinin 2018-ci ilin üçüncü rübündəki fəaliyyətinə dair

 HESABATI


Məlum olduğu kimi,  9 oktyabr 2018-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin 9 ayının  sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.
Respublikanın rayon və şəhərlərinin sosial-iqtisadi inkişafı üçün indiki dövrdə həyata keçirilən tədbirlər və gələcək dövrlərə hesablanmış, eyni zamanda bu kontekstdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hökumətin qarşısında qoyduğu vəzifələrin davamlı və uğurlu icrası artıq son illər ərzində tendensiya halına düşərək müsbət nəticələrini verməkdədir.
Belə ki, 2018-ci ilin 9 ayı ərzində ölkəmizdə makroiqtisadi sabitlik qorunub saxlanılmış, hesabat dövründə iqtisadiyyatın davamlı inkişafı nəticəsində qeyri-neft sektoru 1 faiz, kənd təsərrüfatı 4,3 faiz artmışdır.
9 ayın yekunu üzrə ölkənin valyuta ehtiyatları artaraq 45 milyard dollar səviyyəsinə çatmış, ticarət dövriyyəsi 37 faiz  artmışdır.  9 ay ərzində 85 min daimi iş yeri açılmışdır.
Hörmətli yığıncaq iştirakçıları!
Binəqədi rayonunun sosial-iqtisadi həyatında da 2018-ci ilin yanvar-sentyabr ayları ərzində görülən işlərin yekunu olaraq bir sıra nəticələr əldə olunmuşdur.
Belə ki, sənaye sahəsində 2018-ci ilin yanvar-sentyabr aylarında  281 mln 825 min manatlıq  məhsul  istehsal edilmiş və xidmətlər göstərilmişdir.
Qeyd etmək istərdik ki, 2018-ci ilin yanvar- sentyabr aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 60 mln 332  min manat, rabitə müəssisələri tərəfindən isə 3 mln 941 min manat həcmində xidmət göstərilmişdir.
Son illərdə istehlak bazarında müsbət irəliləyişlər əldə edilmişdir. Hesabat dövründə istehlak bazarı dinamik inkişaf etməkdə davam etmiş və pərakəndə ticarət şəbəkəsindən rayon əhalisinə 1 mlrd 80 mln 599 min manatlıq istehlak malları satılmışdır ki, bu da  əvvəlki ilin eyni dövrünə nisbətən 12 faiz artım deməkdir.            
Tikinti sektorunda hesabat dövründə bütün maliyyə mənbələri hesabına 38 mln 891  min manat əsas fondlar istifadəyə verilmişdir.  Dövr ərzində Binəqədi rayonunda iqtisadi və sosial sahələrin inkişafı üçün maliyyə mənbələrindən əsas kapitala 9 mln 230 min manat məbləğində vəsait yönəldilmişdir .
Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 332 mln 958 min manat təşkil etmişdir 2018-ci ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilən xidmətlərin 13,4%-i dövlət müəssisələrinin payına düşmüşdür.

ƏMƏK BAZARI ÜZRƏ

Ötən dövr ərzində Binəqədi rayonu üzrə işçilərin orta sayı 45236 nəfər olmuşdur. 2018-ci ilin sentyabr ayının 1-i tarixinə olan məlumata əsasən, Binəqədi rayonunda 4478 yeni iş yeri açılmışdır ki, bunun da hamısı daimi iş yerləridir. 9 ay ərzində orta aylıq nominal əmək haqqı 449.3 manata çatmışdır ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 5.1% artım deməkdir. 
Hesabat dövründə işlə təmin olunmaq məqsədilə Rayon Məşğulluq Mərkəzinə 2402 nəfər vətəndaş müraciət  etmişdir ki, onlardan da 1496 nəfəri işaxtaran kimi qeydiyyata alınmış, 1262 nəfər işaxtaran vətəndaş  müxtəlif  sahələrdə  daimi  işlə  təmin olunmuşdur.
Eyni zamanda qeyd etmək istərdik ki, əhalinin məşğulluğu barədə məlumatlar və qeyri-məşğul əhalinin ödənişli əsaslarla ictimai faydalı əməyə cəlb edilməsi ilə əlaqədar Binəqədi Rayon Məşğulluq Mərkəzi tərəfindən işə ehtiyacı olan vətəndaşların qeydiyyata götürülərək, aidiyyəti vakant iş yerləri ilə təmin edilməsi prosesi davam edir. Görülən işlərlə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən müəyyən olunmuş formaya uyğun olaraq, məlumatlar mütəmadi olaraq təhlil edilir.
Binəqədi rayonu ərazisində yanvar ayının 1-dən sentyabr ayının 30-dək 1120 yeni iş yeri açılmış, 1120 şəxs işlə təmin olunmuşdur. O cümlədən rayon ərazisində abadlıq, mənzil fondunun əsaslı təmiri üzrə 220 nəfər, ağac əkimi və digər ictimai işlərə cəlb olunmaq üçün isə 900 nəfər vətəndaş işlə təmin olunmuşdur.
25 may 2018-ci il tarixində Baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Kordinasiyası Komissiyasının sədri cənab Əli Əhmədovun sədrliyi, rayon (şəhər) icra hakimiyyətləri yanında məşğulluğa kömək üzrə əlaqələndirmə komitələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş müşavirədə verilən tapşırıqlara uyğun olaraq qeyri-rəsmi  məşğulluğun  qarşısının  alınması  sahəsində  müvafiq  işlər görülmüş, 28 sentyabr tarixində Binəqədi Rayon İcra Hakimiyyəti yanında məşğulluğa kömək üzrə əlaqələndirmə komitəsinin iclasında  qarşıda  duran  vəzifələr  bir  daha  müzakirə  edilmişdir. 09 oktyabr 2018-ci il tarixində tərəfimizdən aparılmış araşdırmalar nəticəsində faktiki işçi sayı ilə əmək müqaviləsi bağlanmış işçi sayları  arasında  kəskin  fərqlər  aşkarlanmış 17 sahibkarlıq subyekti ilə görüş keçirilmiş və onlara qanunvericiliyin tələbləri izah edilərək əmək müqaviləsi bağlanılması barədə Elektron Hökumət Portalına bildiriş daxil edilməmiş işçilərlə ən qısa müddətdə əmək müqavilələrinin bağlanılması ilə əlaqədar müvafiq tapşırıq və tövsiyələr verilmişdir.

DSMF üzrə.

2018-ci ilin 3 rübü ərzində Dövlət Sosial Müdafiə Fondunun Binəqədi Rayon şöbəsi üzrə 36335 pensiyaçıya xidmət göstərilmişdir. Bunlardan 23272 nəfərini yaşa görə, 9605 nəfərini əlilliyə görə 3458 nəfərini isə ailə başçısını itirməyə görə pensiya alanlar təşkil edir.9 ay ərzində Binəqədi rayonu üzrə pensiyaçılara ödənilən pensiya məbləği 28.8  milyon manat olmuşdur ki , bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 3  milyon manat çoxdur. Rayon üzrə orta pensiya məbləği 265.00 manat təşkil etmişdir.
DSMF-nin Binəqədi rayon şöbəsinin nəzdində fəaliyyət göstərən sosial xidmət sektoru tərəfindən 9 ay ərzində 231 nəfər tək ahıl vətəndaşa və əlilə təlimatın tələbinə uyğun olaraq 25 nəfər sosial xidmətçi tərəfindən xidmət göstərilmişdir.

DEMOQRAFİK VƏZİYYƏT

2018-ci il oktyabr ayının 1-i vəziyyətinə Binəqədi rayonunda daimi qeydiyyatda olan əhalininsayı 265 min 400 nəfər olmuşdur.
1 oktyabr 2018-ci il tarixə Binəqədi rayonunda 2396 nəfərin doğumu və 996 nəfərin ölümüqeydə alınmış, təbii artım isə 1400 nəfər təşkil etmişdir. Cari ilin yanvar-sentyabr aylarında 1228 nikah və 402 boşanma halları qeydə alınmışdır. Binəqədi rayonu ərazisində Respublikanın işğal olunmuş bölgələrindən olan 12165 ailə - 47067 nəfər məcburi köçkün faktiki məskunlaşmışdır.

Bildiyiniz kimi Binəqədi rayonu ərazisində Koroğlu Rəhimov küçəsi 53 ünvanında hər həftənin şənbə, bazar günləri və bayram günlərində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kənd təsərrüfatı və ərzaq məhsullarının satış-yarmarkası təşkil olunurdu. Yarmarkanın yerləşdiyi ərazidə antisanitar şəraitin yaranması və yol infrastrukturuna maneələr törətməsi həmin ərazidə yaşayan vətəndaşların haqlı narazılığına səbəb olurdu. Vətəndaşların bir çox qurumlara, o cümlədən Binəqədi Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciətlərini nəzərə alaraq, həmin ərazidə yarmarkanın fəaliyyəti dayandırılmışdır. Hazırda yarmarkanın yeni ünvanda və müasir standartlara cavab verən formada təşkil edilməsi istiqamətində işlər aparılır.

Son dövrlər Bakı şəhəri və şəhər ətrafı ərazilərdə atmosferə atılan zəhərli tullantıların  çoxalması müşahidə edilir. 2018-ci il may ayından etibarən Cənab Prezident İlham Əliyev tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə və yerli icra hakimiyyəti orqanlarına ölkə ərazisində ictimai iaşə obyektlərində, şadlıq evlərində, havaya atılan zərərli maddələrin və qoxunun qarşısının alınması məqsədi ilə müasir standartlara cavab verən təmizləyici qurğuların quraşdırılması tapşırığı verilmişdir. Ötən dövr ərzində bu istiqamətdə bir sıra işlər görülmüşdür. Bununla əlaqədar rayon ərazisində fəaliyyət göstərən 41 şadlıq evi üzrə 4 şadlıq evində filterlər quraşdırılmış, digər  37 şadlıq evi rəhbərləri ilə müvafiq şirkətlər arasında  müqavilələr bağlanmışdır və qısa zaman ərzində təmizləyici qurğuların quraşdırılması təmin olunacaqdır.
ABADLIQ QURUCULUQ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının tapşırıq və tövsiyələrinə uyğun olaraq son illər Binəqədi rayonu ərazisində həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işlərinin tərkib hissəsi kimi, rayonun mikrorayonlarında və qəsəbələrində yeni parklar, xiyabanlar, yaşayış məntəqələrində nümunəvi məhəllələr salınmış, park və məhəllələrdə fəvvarələr, şəlalələr çoxsaylı müasir oturacaqlar, uşaq idman-oyuncaq elementləri, quraşdırılmış, yol kənarlarında və nümunəvi məhəllələrdə milli ornamentləri özündə əks etdirən landşaft memarlığına uyğun çəmən örtüyü salınmış, həmin çəmənliklərdə müasir dekorativ və ekzotik ağac növləri əkilmişdir.
Rayon ərazisində mərhələli və planlı şəkildə həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində 2018-ci ilin 9 ayı ərzində rayonun qəsəbələrarası və məhəllədaxili yollarında, mərkəzi prospektlərdə, yaşayış binalarının fasad və dam örtüklərində, park və meydanlarda, həmçinin digər infrastruktur sahələrində yenidənqurma və əsaslı təmir işləri aparılmış, bu istiqamətdə işlər davam etdirilməkdədir.
Məlumat üçün qeyd edim ki, 2018-ci ilin 9 ayı ərzində Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq rayon ərazisində mövcud olan çoxmənzilli yaşayış binalarının fasad, giriş və dam örtüklərində əsaslı təmir işləri davam etdirilmişdir. Biləcəri qəsəbəsində Xeyir-Şər evinə gedən daxili yolun, M.Ə.Rəsulzadə qəsəbəsində Araz marketdən Yeganə şadlıq sarayına qədər olan ərazidə yolun asfaltlanması işləri aparılmışdır. Ümumilikdə Biləcəri qəsəbəsində 33338 kv.m, M.Ə.Rəsulzadə qəsəbəsində 16400 kv.m asfalt örtüyü salınmışdır. Hesabat dövrü ərzində ümumilikdə 49738 kv.m asfalt örtüyü salınmışdır. 
Ötən dövr ərzində yaşayış binalarının liftlərində cari təmir işləri aparılmış, 44 liftin böyük mühərriki əsaslı təmir edilmiş və 189 liftin maşın şöbəsi kənar əşyalardan təmizlənmişdir. Məlumat üçün bildirirəm ki, rayon ərazisində lifti olan 195 yaşayış binasından 118-ndə istismar müddəti başa çatmış yararsız vəziyyətdə olan 448 ədəd liftin əsaslı təmir edilməsinə ehtiyac vardır. Əsaslı təmirə ehtiyacı olan liftlər barədə aidiyyəti üzrə yuxarı dövlət qurumlarına məlumat verilmişdir.
Azadlıq prospektində 7800, Biləcəri qəsəbəsində körpünün yaxınlığında 1500 ədəd, Rəsulzadə qəsəbəsində Ramiz Aboyev parkında 1770 ədəd gül, Fərhad Hümbətov adına istirahət parkında 1500 ədəd, Biləcəri qəsəbəsində 1500 ədəd, Binəqədi qəsəbəsində 1815 ədəd müxtəlif növ gül-çiçək əkilmş, Rəsulzadə qəsəbəsində Ramiz Aboyev parkında 200 ədəd, Denderoloji istirahət parkında 60 ədəd Zeytun, 60 ədəd şam, Dərnəgül metrostansiyasının üstündəki parkda 500 ədəd, 6-cı mikrorayonda 64 ədəd Eldar şamı ağacları əkilmiş, 600 kv.m yaşıl çəmən örtüyü salınmışdır. M.Ə.Rəsulzadə qəsəbəsi, M.Davudoğlu küçəsində 90 ədəd şam ağacı, 300 ədəd sarmaşıq güllər əkilmiş, 300 kv.m yaşıl çəmən otu salınmış, yolun sağ və sol tərəflərində divarlara dibçəklərdə 55 ədəd asma güllər düzülmüşdür. 
2018-ci ilin 9 ayı ərzində 16340 ədəd müvtəlif növ bəzək gül-çiçək kolları, 974 ədəd müxtəlif növ ağaclar əkilmiş, 900 m2 yaşıl çəmən otu salınmışdır.
Rayon ərazisində aparılan abadlıq işləri çərçivəsində 7-ci mikrorayon, A.Kunanbayev küçəsi 7b və 11b saylı yaşayış binalarının həyətinin abadlaşdırılması, F.Məlikov küçəsi 1, 1q, 1b, 1v və Azadlıq prospekti 188 (Azadlıq 28) ünvanlarında abad məhəllə salınması, Atatürk prospektində mövcud olan “Ayna Sultanova” parkının yenidən qurulması işlərinə başlanılmışdır. A.Kunanbayev küçəsi 7b saylı yaşayış binasının həyətinin abadlaşdırılması işləri başa çatdırılmışdır. Abadlıq işləri zamanı ərazidə 4 ədəd günlük, uşaq əyləncə və idman qurğuları quraşdırılmışdır. 
9-cu mikrorayon, M.Cəlal küçəsində yerləşən 141 saylı körpələr evi-uşaq bağçasında Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına əsaslı təmir işlərinə başlanılmışdır.2018-2019-cu dərs ilinə hazırlıq çərçivəsində Binəqədi rayonu üzrə bir sıra ümumi təhsil müəssisələrinin tikintisi və təmiri aparılmışdır. Rayonun 179 və 306 nömrəli tam orta məktəblər üçün yeni binanın tikintisi başa çatdırılmışdır. 300 nömrəli tam orta məktəbdə isə korpus əsaslı təmir edilərək istifadəyə verilmişdir.  
Əhalinin qaz təchizatının yaxşılaşdırılması məqsədilə 2018-ci ilin 9 ayı ərzində  7896 p/m yeni qaz xətti çəkilmiş, 7 ədəd yeni şkaf tipli qaz tənzimləyici məntəqə quraşdırılmış, 10919 dəfə qaz tənzimləyici şkaflar təftiş edilərək texniki baxış keçirilmiş, 3478 dəfə ərazinin müxtəlif yerlərində tənzimləmə işləri aparılmışdır. Müxtəlif xarakterli 35297 çağırış və şikayətlərə baxılmış və görülmüş zəruri tədbirlər nəticəsində nöqsan və iradlar aradan qaldırılmışdır. 2061 ədəd mexaniki sayğaclar smart-kart tipli qaz sayğacları ilə əvəz edilmişdir. Eyni zamanda istismara yararsız qaztənzimləyici şkafların yeni müasir tipli qaztənzimləyici məntəqələrlə əvəz olunması qaztənzimləyici stansiyaların ətrafının abadlaşdırılması, yerüstü magistral qaz xətlərinin boyanması və bəzi yerlərdə əhalinin qaz təchizatının yaxşılaşdırılması üçün yeni qaztənzimləyici məntəqələrin quraşdırılması və siyirtmələrin təftiş olunması işləri həyata keçirilmişdir. Sakinlərin çoxsaylı müraciətləri nəzərə alaraq Çiçək yaşayış massivində 700 p/m yeni qaz xətti çəkilərək sakinlərin istifadəsinə verilmişdir. Bundan başqa M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən 100 saylı tam orta məktəbin qarşısında Azəriqaz İstehsalat Birliyi tərəfindən yeni qaz xəttinin çəkilməsi işləri aparılır.
Rayon üzrə əhalinin içməli su təchizatının və kanalizasiya şəbəkəsinin yaxşılaşdırılması istiqamətində 2018-ci ilin 9 ayı ərzində bir sıra zəruri əhəmiyyət kəsb edən işlər həyata keçirilmişdir. Rayon ərazisində müxtəlif ünvanlarda ümumilikdə 3485 p/m müxtəlif diametrli yeni su xətti çəkilmiş və sakinlərin istifadəsinə verilmişdir. Su xətləri üzrə 43 ədəd yeni siyirtmə quraşdırılmış, müxtəlif markalı 29 ədəd nasos, 21 ədəd müxtəlif markalı elektrik mühərriki təmir olunmuşdur. Hesabat dövrü ərzində əhalini keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə müxtəlif ünvanlarda su xətlərində 5263 ədəd qəzanın qarşısı alınmış, kanalizasiya şəbəkəsində 9037 qəzanın qarşısı alınmış, 392 p/m kanalizasiya xətti dəyişdirilmiş, həmçinin 21134 p/m müxtəlif diametrli kanalizasiya xətti xüsusi təyinatlı texnika ilə, 74846 p/m xətt isə mexaniki üsulla təmizlənmiş, 18 ədəd kanalizasiya baxış quyusu quraşdırılmışdır. Binəqədi şosesində “Azpetrol” yanacaqdoldurma məntəqəsindən “Böyük Şor” gölü istiqamətində 3000 metr və Baksol yaşayış massivindən “Böyük Şor” gölü istiqamətində 2000 metr məsafədə mövcud olan açıq kanalda təmizləmə işləri aparılmışdır.
2018-ci ilin 9 ayı ərzində əhalinin keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi və bu sahədə mövcud olan problemlərin aradan qaldırılması məqsədilə rayon ərazisində ümumilikdə 1916 metr müxtəlif gücə malik yeni kabel xətləri çəkilmiş, 1040 metr istismara yararsız kabel xətti dəyişdirilərək yenisi ilə əvəz edilmiş, 3 ədəd cərəyan transformatoru dəyişdirilmiş və transformator məntəqələri təftiş edilərək təmizlik işləri aparılmışdır. Ötən dövr ərzində əhalinin keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi məqsədilə rayon ərazisində mövcud olan transformator məntəqələrində elektrik qurğularına və avadanlıqlarına mütəmadi olaraq texniki xidmət göstərilmişdir. 9-cu mikrorayon, M.Cəlal küçəsində və 8-ci mikrorayon, S.S.Axundov küçəsində Kəmalə-Nərmin Şadlıq Sarayının yaxınlığında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yolun yenidən qurulması işləri həyata keçirilmişdir. Bununla əlaqədar həmin ərazilərdən keçən yüksək gərginlikli elektrik hava xətlərinin yeraltı xətlərə keçirilməsi işləri aparılmışdır.
2018-ci ilin 9 ayı ərzində əhalinin istiliklə təmin edilməsi və bu sahədə mövcud olan problemlərin həlli məqsədilə rayon ərazisində müxtəlif diametrli 1982 metr  məhəllədaxili istilik xətti dəyişdirilmiş, 112 ədəd  siyirtmə  əsaslı təmir olunmuşdur. 136 ədəd qazan və 11 istilik mübadilə qurğusu mexaniki üsulla təmizlənmiş, 54 ədəd şəbəkə və dövriyyə nasosları cari təmir edilmiş, 92 ədəd istilik kamerası təmizlənmişdir. Yaşayış binalarının məhəllədaxili və aşağı paylama istilik xətlərində əsaslı və cari təmir işləri aparılmışdır. Görülmüş tədbirlər nəticəsində 2018-2019-cu illərin qış mövsümündə 448 yaşayış binası, 12 məktəb, 9 uşaq bağçası, 7 səhiyyə müəssisəsi, 3 büdcə təşkilatı, 187 digər təyinatlı binalar istiliklə təmin olunacaqdır.
Binəqədi rayonu ərazisində yerləşən  96 Mənzil Tikinti Koperativi tərəfindən tikilmiş yüksəkmərtəbəli binalarda elektrik generatorlarının quraşdırılması həlli vacib olan məsələlərdəndir. Ötən dövr ərzində binaların 30-da elektrik generatoru quraşdırılmışdır. Generator quraşdırılmamış digər 66 binanın rəhbərliyinə generator quraşdırılması ilə bağlı müvafiq tapşırıq verilmiş və prosesin gedişatı nəzarətə götürülmüşdür. Hal-Hazırda bu istiqamətdə işlər davam etdirilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Binəqədi və Qaradağ rayonunun Sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 8 saylı 22 yanvar 2016-cı il tarixli Qərarı ilə “Pilot layihə” formatında beş il müddətinə Binəqədi Rayon İcra Hakimiyyətinə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulması, dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi, mənzil fondunun yenilənməsi və görülmüş işlər barədə Nazirlər Kabinetinə məlumat verilməsi tapşırılmışdır.
Binəqədi rayonu, Azadlıq prospekti ilə Z.Qəmbərov küçəsinin kəsişməsində yerləşən 5, 7, 9 saylı qəzalı vəziyyətdə olan binaların sökülərək yerində yeni binaların tikintisinin həyata keçirilməsi məqsədilə “RELT HOUSE” MMC tikinti şirkəti seçilmiş və şirkətlə Rayon İcra Hakimiyyəti arasında müvafiq qaydada müqavilə bağlanmış və hal-hazırda 2 binanın tikintisi yekunlaşmış, 3-cü binanın tikintisi davam etdirilir.
Binəqədi rayonu, Dərnəgül yaşayış massivi 3095-ci məhəllə, H.Hüseynov küçəsi 37A ünvanında yerləşən qəzalı vəziyyətdə olan və rayonun ümumi memarlıq görüntüsünə xələl gətirən, xüsusi mülkiyyətdə olan, 1,5 ha torpaq sahəsində mövcud əmlak kompleksinin sökülərək, həmin əmlak kompleksinin inzibati binalarında və müəssisənin ərazisində inşa edilmiş özbaşına tikililərdə uzun illərdir məskunlaşmış 104 ailənin mənzillərlə təmin edilməsi şərti ilə yerində yeni çoxmənzilli yaşayış binalarının tikintisinin həyata keçirilməsi məqsədilə “Dərnəgül” MTK tikinti şirkəti Rayon İcra Hakimiyyətinə müraciət etmiş və şirkətlə müvafiq qaydada müqavilə bağlanmışdır. Hazırda inşa edilən 7 binadan 3-ündə tamamlama işləri aparılır. Digər 4 binada dəmir-beton işləri tam başa çatdırılmış və işlər davam etməkdədir.
“İnam-İnşaat 555” MMC tərəfindən Binəqədi rayonu, Azadlıq prospekti 187 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və rayonun ümumi memarlıq görüntüsünə xələl gətirən, xüsusi mülkiyyətdə olan, 0,5 ha torpaq sahəsində mövcud əmlak kompleksinin (İnam-İnşaat 555” MMC-nin təsisçilərinin ümumi yığıncağının Qərarı əsasında) sökülərək, həmin əmlak kompleksinin inzibati binasında məskunlaşmış 26 ailənin mənzillərlə təmin edilməsi şərti ilə yerində 1 ədəd 16 mərtəbəli “Çoxmənzilli yaşayış binasının tikintisinin layihələndirilməsinə dair” Rayon İcra Hakimiyyəti başçısının 12.08.2016-cı il tarixli 175 saylı Sərəncamı imzalanmışdır. İnşa ediləcək binanın təməlqoyma işləri davam etdirilir.
M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Dağıstanlı küçəsi 32 ünvanında “Turan+T.T” MTK tərəfindən 2 ədəd 18 və 1 ədəd 19 mərtəbəli yaşayış binasının tikintisi işlərinə başlanılmışdır.  4-cü mərtəbə səviyyəsində betonlama-qəlibləmə işləri yekunlaşmışdır. 
8-ci mikrorayon, 18-ci  Dağlıq  küçəsi, ev 1 ünvanında  “MAHAL”  MTK  tərəfindən 1 ədəd 4 girişli
16 (+mansarda) mərtəbəli yaşayış binasının tikintisi işləri aparılır. Hazırda binada 7-ci mərtəbə səviyyəsində betonlama-qəlibləmə işləri aparılır.
Atatürk prospekti 64 ünvanında “ÜMİD-VQM” MMC tərəfindən 1 ədəd 1 girişli 16 (+mansarda) mərtəbəli  yaşayış binasının tikintisi işlərinə başlanılmış və hazırda 2-ci mərtəbə səviyyəsində betonlama-qəlibləmə işləri aparılır. 

Bildiyimiz kimi Cənab Prezidentin ən mühüm tapşırıqlarından biri məmur-vətəndaş münasibətlərinin normal tənzimlənməsi, bu məsələyə xüsusi diqqətin ayrılmasıdır.
Bu tapşırığa uyğun olaraq Binəqədi Rayon İcra Hakimiyyəti başçısının mütəmadi olaraq vətəndaşlarla birbaşa, o cümlədən yerlərdə səyyar qəbulları təşkil edilmiş, vətəndaşların müraciətləri, irad və təklifləri diqqətlə öyrənilərək onların icrası baxımından “Tədbirlər Planı” təsdiq olunmuş və aidiyyəti qurumlara göndərilərək tədbirlərin icrası nəzarətdə saxlanılmışdır.
2018-ci ilin 9 ayı ərzində  Rayon İcra Hakimiyyəti başçısının ümumilikdə 29, o, cümlədən 14 səyyar görüşü və  15  “Açıq qapı” vətəndaş forumu çərçivəsində səyyar qəbulu  keçirilmişdir. Həmin görüşlərdə Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Hüquq mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərlərinin iştirakı təmin edilmişdir. Keçirilən görüşlərdə ümumilikdə 2690  nəfər vətəndaş iştirak etmiş, 316  məsələ qaldırılmışdır.
Məlumat üçün bildirirəm ki, bu günə olan məlumata əsasən, vətəndaşlar tərəfindən qaldırılan  316  məsələnin 84-ü yerində həll edilmiş, 232 məsələ Tədbirlər Planına daxil edilmiş, 145 məsələ planda nəzərdə tutulan müddətdə həllini tapmış, 10 məsələ ilə əlaqədar müvafiq izahat verilmiş, 39 məsələ ilə əlaqədar aidiyyəti üzrə yuxarı instansiyaya müraciət olunmuş, 48 məsələ isə hal-hazırda icraatdadır.
2018-ci ilin 9 ayı ərzində vətəndaşlardan ümumilikdə 3118 müraciət daxil olmuşdur ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 506 vahid və ya 16,2% çoxdur. Hesabat dövründə Binəqədi rayonundan daxil olmuş vətəndaş müraciətlərindən  2427-si ərizə və 691-i şikayət olmuşdur.
Binəqədi rayon İcra Hakimiyyəti başçısı Aparatına 2018-ci 9 ayı ərzində daxil olmuş vətəndaş müraciətlərinə baxılmasının mövzular və növlər üzrə bölgüsü barədə məlumatlar təhlil edilərək müəyyən edilmişdir ki, müraciətlərin əsasən 33,7%-i şəhərsalma və tikinti məsələləri, 21,4%-i mənzil məsələləri, 11,5% şəhər, rayon icra hakimiyyətlərinin və bələdiyyələrin fəaliyyəti ilə əlaqədar, 6,8%-i əhalinin sosial müdafiəsi məsələləri, 5,9%-i torpaq məsələləri, 3,4%-i qaçqınlar və məcburi köçkünlərlə bağlı məsələlər, 8%-i digər mövzular ilə əlaqədar olmuşdur.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında 3287 vətəndaş qəbul edilmişdir. O cümlədən, RİH başçısı tərəfindən 378 vətəndaş qəbul edilmişdir.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının 2018-ci il üçün təsdiq edilmiş İş planına uyğun olaraq, 2018-ci ilin 9 ayı ərzində 20 Şura iclası keçirilmiş və 26 məsələ müzakirəyə çıxarılmışdır. Müzakirə olunan məsələlərlə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən müvafiq tapşırıqlar verilmişdir. Həmin tapşırıqların icrası ilə bağlı mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq işlər görülür.
İctimai-siyasi

Hesabat dövrü ərzində milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanması, inkişaf və təbliğ etdirilməsi, tarixi hadisələrin, əlamətdar günlərin qeyd edilməsi, rayonda fəaliyyət göstərən ictimai təşkilatlar, təhsil, səhiyyə və mədəniyyət müəssisələri, siyasi partiyalar və dini qurumlarla qarşılıqlı münasibətlərin qurulması, onların fəaliyyətinin koordinasiyasıprioritet istiqamətlərdən olmuşdur.Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 31 yanvar 2018-ci il tarixində 2 Fevral - “Azərbaycan Gəncləri Günü” münasibətilə Bakı Humanitar Kollecinin tələbə və gənc müəllimləri ilə görüş keçirildi.
“ASAN könüllüləri”nin növbəti qrupları Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçməyə başlamışdır. 15 fevral tarixində “ASAN Könüllüləri Gənclər Təşkilatı”nın Master-2 layihəsi çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçməyə başlayan 12-ci qrupun, 03 may tarixində 13-cü qrupun, 04 avqust tarixində isə 14-cü qrupun üzvləri ilə görüş keçirilmişdir.
07 mart 2018-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının yaradılmasının 25 illik yubileyi münasibətilə geniş tədbir keçirilmişdir.
10 martda Binəqədi rayonunda “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur aksiyada iştirak edəcək məktəblilər və onların valideynləri ilə görüş;
14 mart tarixində “Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində Binəqədi məktəblilərinin Naxçıvan Muxtar Respublikasına yola salınmaları münasibətilə tədbir keçirilmişdir.
19 mart tarixində “Cümhuriyyət ili” çərçivəsində Binəqədi rayonunda yerləşən Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Novruz bayramı münasibətilə “Vətənimin seyrinə çağırıram elləri!" adlı tədbir keçirilmişdir.
Aprelin 27-də Binəqədi rayonunda Zərifə Əliyeva adına mədəniyyət və istirahət parkında görkəmli oftolmoloq alim, Azərbaycan tibb elminə misilsiz töhfələr bəxş etmiş akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.
08 may 2018-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Ümummili lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş “Azərbaycan deyəndə Səni düşünürük biz” adlı tədbir keçirilmişdir.
2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması və ölkə başçısının “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” imzaladığı Sərəncama uyğun olaraq, martın 28-də Binəqədi Rayon İcra Hakimiyyəti ilə Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə Binəqədi rayonunun və Bilik Fondunun nümayəndə heyəti, Rayon Gənclər və İdman İdarəsinin və YAP Binəqədi rayon təşkilatının gənc fəalları, İcra Hakimiyyətində təcrübə keçən ASAN könüllülərinin Quba Soyqırımı Memorial Kompleksinə ziyarəti təşkil olunmuşdur.
13 yanvar 2018-ci il tarixdə 2016-cı il aprel döyüşlərində qələbə tariximizin başlanğıc səhifəsinə adını qızıl hərflərlə yazan, Binəqədi qəsəbəsinin sakini olmuş şəhid Fəxrəddin Qurbanlının doğum günü qeyd edilib. Belə ki, həmin gün Binəqədi rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin və Binəqədi Qəsəbə Bələdiyyəsinin təşkilatçılığı ilə Rayon Gənclər Evində şəhid Fəxrəddin Qurbanlının ad günü ilə əlaqədar tədbir keçirilmişdir. 179 saylı tam orta məktəbin şagirdləri tərəfindən hazırlanmış Fəxrəddin Qurbanlının həyat hekayəsi əks olunan "Şəhidim" filmi təqdim olunmuş, daha sonra isə bədii kompozisiya göstərilmişdir.
Rayon ictimaiyyətinin iştirakı ilə Biləcəri qəsəbəsi “Güllə Yağışı” abidəsinin önündə 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir.
02 fevral tarixində Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi Mərkəzi Mədəniyyət evinin birgə təşkilatçılığı ilə “Xocalı faciəsinin 26-ci ildönümü”nə həsr edilmiş “And iç əsgər ” adlı tədbir keçirilmişdir. Həmçinin Xocalı şəhərindən olan sakinlərlə görüş keçirilmiş və 120 aztəminatlı və şəhid ailələrinə Rayon İcra Hakimiyyəti tərəfindən ərzaq bağlaması paylanılmışdır.
Binəqədi Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Rayon Gənclər və İdman  İdarəsi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının Gənclər Birliyi və 6 №li Uşaq və Gənclərin İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “2 Fevral Gənclər Günü” qeyd edilmişdir.
22-23 fevral 2018-ci il tarixlərdə Binəqədi Rayon İcra Hakimiyyəti və M.Ə.Rəsulzadə bələdiyyəsinin birgə təşkilatçılığı ilə Binəqədi RİH-də təcrübə keçən ASAN könüllülərinin və şagirdlərin “Memorial Soyqırımı Muzeyi”nə ekskursiyası təşkil edilmişdir.
Binəqədi Rayonunun ictimaiyyəti tərəfindən fevralın 26-da Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidə ziyarət edilmişdir.
13 iyul tarixində Binəqədi Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummili lideri Heydər Əliyevin 14 iyul 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 49-cu ildönümünə həsr edilmiş “Milli dirçəlişin təməl tarixi” adlı tədbir keçirilmişdir.
Müqəddəs Qurban bayramı münasibətilə Binəqədi rayonunda humanitar aksiya keçirilmiş, aksiya zamanı rayonda yaşayan şəhid ailələri, əlillər, müharibə veteranları, məcburi köçkünlər, tənha qocalar, ahıllar və aztəminatlı ailələrə bayram sovqatı paylanılmışdır
12 sentyabr tarixində Binəqədi rayonunda 2017-2018-ci tədris ilinin yekunları münasibətilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Cümhuriyyətdən başlanan Müqəddəs yolun davamçıları” adlı təhsil konfransı keçirilmişdir.
15 sentyabr  2018-ci  il  tarixdə  Binəqədi  rayonunun  ümumtəhsil  məktəblərində “15 sentyabr – Bilik günü” və yeni dərs ilinin başlanması münasibətilə bayram tədbirləri keçirilmişdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 2018-ci ilin fevralın 12-dən mayın 1-dək əhalinin tibbi müayinədən keçirilməsinə başlanılmışdır. Bütün səhiyyə ocaqlarında əhalinin tibbi-profilaktik müayinədən keçirilməsi üçün hərtərəfli şərait yaradılmış və fevral-mart ayları ərzində rayon əhalisindən 188518 nəfəri tibbi müayinədən keçmişdir.
Ümumilikdə Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyasının Binəqədi rayon Təşkilatının birgə təşkilatçılığı ilə Binəqədi rayonunda 99 tədbir keçirilmişdir.  Belə ki, cənab Prezident İlham Əliyevin yürütdüyü siyasət və Ümumilli Lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin geniş təbliği, onun ideyalarının və irsinin öyrənilməsi məqsədilə 20,  Gənclər və İdman sahəsində 36, tarixi və əlamətdar günlərin qeyd olunması ilə əlaqədar 43 tədbir keçirilmişdir.

Binəqədi Rayon İcra Hakimiyyətində rayon sakinlərinin qarşılaşdığı problemlərin həll edilməsi istiqamətində operativ tədbirlər həyata keçirmək, vətəndaşlara göstərilən xidmətlərin səviyyəsini yüksəltmək üçün yaradılmış Sakinlərin Müraciət Xidmətinə 2018-ci ilin 9 ayı ərzində daxil olan zənglər təhlil edilərkən müəyyən edilmişdir ki, cavablandırılmış zənglərin sayı-23926, birbaşa cavablandırılmış zənglərin sayı – 20282,  yaradılmış əks əlaqələrin sayı–4358, tərtib edilmiş şikayət vərəqələrinin sayı –3644 olmuşdur.
İcrası təmin edilmiş şikayət xarakterli 3644 müraciətin, 3025-i və ya 83 %-i tam həll olunmuş, 343-ü və ya 9,4 %-i qismən həll edilmiş, 276-sı və ya 7,6%-inə müvafiq izahat verilmişdir.
Daxil olmuş şikayətlərin 965-i və ya 26,5 %-i qaz təchizatı, 1517-si və ya 41,5 %-i su-kanalizasiya,  208-i  və ya 5,7 %-i istilik təchizatı,  477-si və ya 13,1 %-i lift problemləri, 145-i və ya 4 %-i elektrik təchizatı, 155-i və ya 4,3 %-i sakinləri narahat edən digər məsələlər olmuşdur.  Xidmətə daxil olan təşəkkürlərin sayı isə 124 olmuşdur.
Hörmətli yığıncaq iştirakçıları!
Yuxarıda göstərilənlərlə yanaşı rayon ərazisində aşağıdakı qaydada hal-hazırkı dövrə bir sıra zəruri problemlər mövcuddur:
Problemlər!!

-Binəqədi-Xırdalan şosesi, döngə 10-da kanalizasiya və yağış su ötürücü qurğularının yenidən qurulması;
-Xocəsən qəsəbəsi, Yuxarı Çiçək yaşayış sahəsinə, Yeni məhəlləyə su və kanalizasiya xətlərinin çəkilməsi, 15-ci döngədə açıq kanalizasiya xəttinin boruya alınması;
-Biləcəri qəsəbəsi, Binəqədi şosesi, döngə 2-də və Biləcəri qəsəbəsində qəbiristanlığın yaxınlığına su və kanalizasiya xəttinin çəkilməsi;
-Binəqədi qəsəbəsi, I, II, III mədən, korpus 10, 25, 40, 42, 87, 100, 108, 4 saylı ETK-nın yaxınlığında və Gülüstan küçəsində yeni su və kanalizasiya xətlərinin çəkilməsi;
-M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol yeni yaşayış massivində mövcud olan açıq kanalın boru ilə əvəz olunması;
Hörmətli yığıncaq iştirakçıları!
Nazirlər Kabinetində keçirilmiş iclasda cənab Prezident, regionların, qəsəbələrin inkişafına dair Dövlət Proqramlarının tam şəkildə icra edilməsinin, prioritet infrastruktur layihələrinin proqram üzrə aparılmasının vacibliyini xüsusi ilə qeyd etmişdir. Möhtərəm Prezident bu il də ənənəvi olaraq qazlaşdırma, kənd yollarının, su və kanalizasiya xəttlərinin çəkilişinin, Taxılçılığın, pambıqçılığın inkişafı, Qeyri-neft sektorunda ixracın artırılması, xarici sərmayələrin cəlb edilməsinin önəmli vəzifələr siyahısında olduğunu vurğulamışdır. Həmçinin cənab Prezident, neftdən əldə olunan gəlirlərin düzgün istiqamətə yönəldilməsi, sənaye istehsalının inkişafı, məşğulluğun artırılması, özəl sektorun dəstəklənməsi istiqamətində işlərin gücləndirilməsi ilə əlaqədar müvafiq tövsiyələrini vermişdir. 
Biz də öz növbəmizdə cənab Prezidentin tapşırıqlarına və tövsiyələrinə əsasən Binəqədi rayonunda sosial-iqtisadi infrastruktur layihələrinin yüksək səviyyədə icra edilməsi, işsizlik səviyəsinin azadılması, sənaye sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə müvafiq dəstəklərin göstərilməsi, məcburi köçkünləri narahat edən problemlərin həll edilməsi, sakinlərin məmnunluq səviyyəsinin artırılmasına dair bütün lazımi tədbirlərin həyata keçirilməsini qarşımıza məqsəd qoyuruq.
 

Keçidlər