Şriftin ölçüsü :

Saytın rəngi :

2016

Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında Etik davranış məsələləri ilə əlaqədar
2016-cı il ərzində görülən işlər haqqında hesabat

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının 21-ci maddəsinə əsaslanaraq, hesabat ilində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında bir sıra işlər görülmüşdür.
Rayon İcra Hakimiyyətinin başçısı Aparatında dövlət qulluqçularının xidməti davranışlarının qanunvericiliklə müəyyən olunan etik davranış qaydalarına uyğunluğuna nəzarət edən və onun təhlilini aparan məsul şəxs – etik müvəkkilin 2016-cı il üçün İş Planı təsdiq edilmişdir.
Hesabat ilində Aparatda və ərazi nümayəndəliklərində çalışan dövlət qulluqçularını maarifləndirmək məqsədilə aşağıdakı mövzularda təlimlər keçirilmişdir:
- Dövlət qulluqçularının Etik davranış qaydaları. Dövlət qulluqçusu necə olmalıdır?
- Dövlət qulluqçularının Etik davranış qaydaları: Maraqların toqquşmasının qarşısının alınması;
- Korrupsiyanın qarşısının alınması, hədiyyə  alma ilə əlaqədar məhdudiyyətlər , maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi;
- “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” ilə yerli icra hakimiyyətlərinə həvalə edilmiş vəzifə və səlahiyyətlər;
- Dövlət qulluqçularının Etik davranış qaydaları: Vicdanlı davranış, loyallıq, mədəni davranış, insanların və hüquqi şəxslərin işgüzar nüfuzuna, şərəf və ləyaqətinə hörmət.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsində inzibati vəzifə tutan dövlət qulluqçusunun xidməti fəaliyyətinin hər təqvim ilinin sonunda qiymətləndirilməsi müəyyən edilmişdir.
Rayon İcra Hakimiyyəti başçısının 99 nömrəli, 8 may 2014-cü il tarixli sərəncamına əsasən, 1 iyun 2014-cü il tarixdən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında çalışan dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə başlanmış və Aparatın Avtomatlaşdırılmış İnformasiya Sistemində bu məqsədlə alt modul yaradılaraq qiymətləndirmə elektron şəkildə aparılır.
Hesabat ilində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 7.4-cü maddəsinə və “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nın 8-ci bəndinə əsasən, 24 nəfər dövlət qulluqçusuna növbəti ixtisas dərəcələri verilmiş, 23 iyun Dövlət qulluqçularının Peşə bayramı münasibətilə 10 nəfər əməkdaş Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilmiş, 5 nəfər təşəkkür almışdır.
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq, Aparatın əməkdaşları il ərzində 4 dəfə olmaqla ümumilikdə 2 aylıq maaş məbləğində mükafatlandırılmışlar.
Həmçinin Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə uzun illər dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mübariz Məmmədov “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.
2016-cı il ərzində Aparatın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elnur İmanov, İnformasiya təminatı və təhlil sektorunun müdiri Nicat Allahverdiyev, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov, Hüquq şöbəsinin məsləhətçisi Samir Babayev Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında qısamüddətli ixtisasartırma kurslarında iştirak edərək, müvafiq sertifikatlar almışlar.
İl ərzində Rayon İcra Hakimiyyəti başçısı Aparatında çalışan dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarının pozulmasına görə 9 şikayət daxil olmuş, müraciətləri araşdıran zaman həmin şikayətlərin əsassız olduğu müəyyən edilmişdir.
Bununla yanaşı, vətəndaşlarla münasibətdə etik davranış qaydalarını pozduğuna görə vəzifə səlahiyyətlərinin icrasını lazımi qaydada icra etmədiyinə görə Rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbə inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əlisahib Hüseynova və Biləcəri qəsəbə inzibati ərazi dairəsi nümayəndəsi İbad İbrahimova töhmət elan edilmişdir.

Keçidlər