Şriftin ölçüsü :

Saytın rəngi :

2016

Binəqədi Rayon İcra Hakimiyyətinin 2016-cı ildəki fəaliyyətinə dair

HESABATI

Məlum olduğu kimi, 10 yanvar 2017-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.
Müstəqil Azərbaycanın bölgədə və dünyada layiqli yerini tapması, regional liderliyini təmin etməsi, iqtisadi sahədə keçid dövrünü uğurla başa vurması da məhz ümummilli lider, dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin xalqın rəyinə əsaslanmaqla müəyyənləşdirdiyi  Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən inamla davam etdirilən uzaqgörən siyasətin nəticəsidir.
Belə ki, 2016-cı ildə dünya  bazarında neftin qiymətinin aşağı düşməsi nəticəsində ümumi daxili məhsulun artım səviyyəsi aşağı düşmüşdür. Lakin buna baxmayaraq 2017-ci ildə nəzərdə tutulan layihələrimizin, Dövlət Proqramlarının, yeni müəssisələrin və iş yerlərinin yaradılması prossesi davamlı və planlı şəkildə  həyata keçiriləcəkdir.
Ölkəmizin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının davamlı və planlı şəkildə icrası, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, irimiqyaslı və çox sahəli infrastruktur layihələrinin realizasiyasında  müstəsna rol oynamışdır.
Binəqədi rayonunun sosial-iqtisadi həyatında 2016-cı il ərzində görülən işlərin yekunu olaraq bir sıra nəticələr əldə olunmuşdur.
Belə ki, sənaye sahəsində 2016-cı ilin yanvar-dekabr aylarında 210 milyon 420 min sənaye məhsulu istehsal edilmiş manatlıq və xidmətlər göstərilmişdir.
2016-cı ilin yanvar-dekabr ayları ərzində sənaye müəssisələrində 6567 nəfər işləmiş,  müəssisələrdə orta aylıq əmək haqqı isə 458,5 manat olmuşdur.
Tikinti sektorunda hesabat dövründə bütün maliyyə mənbələri hesabına 29 milyon 972 min manat əsas fondlar istifadəyə verilmişdir. 
2016-cı ilin yanvar-dekabr aylarında Binəqədi rayonunda iqtisadi və sosial sahələrin inkişafı üçün maliyyə mənbələrindən əsas kapitala 57 milyon 898 min manat məbləğində investisiya yönəldilmişdir ki, onlardan 52 milyon 469 min manatı tikinti-quraşdırma işlərinə sərf edilmişdir. Bu dövrdə tikinti-quraşdırma təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 205 milyon 907 min manat olmuşdur. Tikintidə işçilərin orta siyahı sayı 3404 nəfər olmuşdur. Fəhlə və qulluqçuların orta aylıq əmək haqqı  406,8 manat təşkil etmişdir. 
Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 40 milyon 159 min manat həcmində xidmət göstərilmişdir. Ötən dövrdə nəqliyyat sektorunda 4653 nəfər işçi çalışmış, orta aylıq əmək haqqı 354,4  manat təşkil etmişdir.
Rabitə müəssisələri tərəfindən Binəqədi rayonu üzrə ümumilikdə 5 milyon 155 min manatlıq xidmətlər göstərilmiş və rabitə müəssisələrində 477 nəfər işçi çalışmışdır. Orta aylıq əmək haqqı  isə 398,2 manat təşkil etmişdir.
Son illərdə istehlak bazarında müsbət irəliləyişlər əldə edilmişdir. Hesabat dövründə istehlak bazarı dinamik inkişaf etməkdə davam etmiş və pərakəndə ticarət şəbəkəsindən rayon əhalisinə 1 milyard 209 milyon 236 min manatlıq istehlak malları satılmışdır.            
Əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 400 milyon 51 min manat təşkil etmişdir. 2016-cı ilin yanvar-dekabr aylarında əhaliyə göstərilən xidmətlərin 15,8%-i dövlət müəssisələrinin payına düşmüşdür.
2016-cı ilin yanvar-dekabr ayları ərzində orta aylıq nominal əmək haqqı 409,8 manat, qeyri-dövlət sektorunda  isə 474,4 manat olmuşdur.
Ötən dövr ərzində Binəqədi rayonu üzrə işçilərin orta sayı  41771 nəfər olmuşdur.
Dövlət sektorunda işçilərin orta aylıq sayı 16227 nəfər olmuş, qeyri-dövlət sektorunun payına isə 25544 nəfər düşmüşdür.
2016-cı ilin 12 ayında Binəqədi rayonunda 5986 yeni iş yeri açılmışdır ki, bunun da hamısı daimi iş yerləridir.
Hesabat dövründə işlə təmin olunmaq məqsədilə 6352 nəfər vətəndaş müraciət  etmişdir ki, onlardan da 5083 nəfəri işaxtaran kimi qeydiyyata alınmışdır. Bunlardan 1528 nəfəri, o cümlədən 279 nəfəri qadın olmaqla müxtəlif sahələrdə daimi işlə təmin edilmiş və 160 nəfər isə müxtəlif peşə kurslarına cəlb olunmuşdur. İşsizlik müavinəti başa çatmış vətəndaşlardan 20 nəfər Mərkəzin göndərişi ilə işlə təmin olunmuş, 487 nəfərə işsizlik statusu verilmiş,  ümumilikdə 487 nəfərə  işsizlik müavinəti təyin olunmuşdur. 
Əhalinin sosial təminatının yaxşılaşdırılması məqsədilə, 2016-сı il ərzində 3215 ailəyə və ya 12608 nəfər ailə üzvünə  ünvanlı sosial yardım təyin edilmişdir.
Hal-hazırda 8920 nəfər, o cümlədən, 341 nəfər – yaşa görə, 2836 nəfər - əlilliyə görə, 508 nəfər – ailə başçısının itirilməsinə görə təqaüd alır. 
Binəqədi Rayon Dövlət Sosial Müdafiə Fondu tərəfindən 247 nəfər tək ahıl vətəndaşa və əlilə xidmət göstərilir və həmin xidmət sektorunda 25 nəfər sosial işçi çalışır.
2016-cı il ərzində 34802 pensiyaçıya xidmət göstərilmişdir. Bunlardan 23130 nəfərini yaşa görə, 9042 nəfərini əlilliyə görə, 2630 nəfərini isə ailə başçısını itirməyə görə pensiya alanlar təşkil edir.
Ötən dövr ərzində Binəqədi rayonu üzrə pensiyaçılara ödənilən pensiya məbləği 90,5 milyon manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 5,7 milyon manat çoxdur. Rayon üzrə orta pensiya məbləği artaraq  219,7 manat olmuşdur.
Əhalinin sağlamlığının qorunması məqsədilə, il ərzində küçə və yol kənarlarında mənşəyi məlum olmayan ərzaq məhsullarının satışının qarşısının alınması üçün Rayon İcra Hakimiyyətinin, Gigiyena və Epidemiologiya Mərkəzinin və aidiyyəti strukturların əməkdaşları ilə mütəmadi reydlər keçirilmiş və qanunsuz pərakəndə ticarət fəaliyyəti, eyni zamanda gigiyenik normalara cavab verməyən iaşə xidmətlərinin qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilmişdir. Aparılmış monitorinqlər zamanı aşkar olunmuş sanitar-gigiyenik nöqsanlar barəsində aidiyyəti orqanlara rəsmi məlumatlar göndərilmişdir.
2016-cı il ərzində Ədliyyə Nazirliyinin reyestrinin çıxarışı əsasında sanitariya müayinələri aparılmış, 59 inzibati cərimə tətbiq edilmiş (ümumilikdə 6400 manat), aşkar olunmuş sanitar-gigiyenik nöqsanlara görə 2 obyektin fəaliyyətinin dayandırılması haqqında qərar çıxarılmışdır.
2017-ci il yanvar ayının 1-i vəziyyətinə Binəqədi rayonunda daimi qeydiyyatda olan əhalinin sayı 263 min 200 nəfər olmuşdur. Binəqədi rayonunun ərazisi 170 km2, əhalinin sıxlığı 1 km2 1548 nəfər təşkil edir. 
2016-cı il yanvar-dekabr aylarında Binəqədi rayonunda 4069 nəfərin doğumu və 1278 nəfərin ölümü qeydə alınmış, təbii artım isə 2791  nəfər təşkil etmişdir.
2016-cı ilin yanvar-dekabr aylarında 1834  nikah və 516 boşanma halları qeydə alınmışdır.
2017-ci ilin yanvar ayının 1-i tarixədək Binəqədi rayon ərazisində Respublikanın işğal olunmuş bölgələrindən 52473 nəfər məcburi köçkün, 13367 ailə faktiki məskunlaşmışdır. Komitənin Binəqədi rayon sektoruna müraciət etmiş 1315  məcburi köçkün  olan şəxslərə, “Məcburi köçkün” statusu verilməsi haqqında müraciətlərinə əsasən sektorun məsul əməkdaşları tərəfindən baxılmış və onlardan 1230 nəfərinə “Məcburi köçkün” statusu verilmişdir.
Dərnəgül yaşayış massivi, S.Bəhlulzadə küçəsi 29a Azərbaycan Dövlət Pedaqoji Universitetinin 1 saylı yataqxanasında və A.Gəraybəyli küçəsi 28 ünvanında yerləşən Azərbaycan Dövlət Pedaqoji Universitetinin 3 saylı yataqxanası və Azadlıq prospekti 161 ünvanında yerləşən Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin 5 saylı yataqxanası Məcburi Köçkünlərin Sosial  İnkişaf  Fondu tərəfindən təmir olunmuşdur.
2016-cı ilin fevralın 24-də Xocalı Soyqırımı ilə əlaqədar Goradil bağlar massivində yerləşən  2 saylı Evtikmə Kombinatının istirahət zonasında məskunlaşmış Xocalı şəhərindən olan sakinlərlə görüş keçirilmiş və 120 aztəminatlı və şəhid ailələrinə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən ərzaq bağlaması paylanmışdır. Bununla yanaşı, Xocalı şəhərindən olan məcburi köçkün ailələrinin hüzür mərasimində iştirak edilmiş və onlara maddi köməklik olunmuşdur.
Bundan əlavə, Goradil bağlar massivində yerləşən 2 saylı Evtikmə Kombinatının istirahət zonasında məskunlaşmış məcburi köçkün və şəhid ailələrinə Ramazan bayramı ilə əlaqədar Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına iftar süfrələri açılmışdır. Rayon ərazisində təşkil olunan yarmarkalarda Binəqədi rayonunda məskunlaşmış məcburi köçkünlər işlə təmin olunmuş, fərdi əməklə məşğul olunmaları üçün bazarlarda və yarmarkalarda müvafiq şərait yaradılmışdır.
Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu icrası nəticəsində rayonumuzda ətraf mühitin qorunması, sahibkarlığın dəstəklənməsi, vətəndaşların gündəlik rahat həyatı üçün lazım olan bütün infrastrukturun yaradılması, o cümlədən səhiyyə, təhsil, mədəniyyət, gənclər və idman, əhalinin sosial müdafiəsi sahələrində keyfiyyətli xidmət göstərilməsinə nail olunmuş, genişmiqyaslı işlər görülmüşdür. 
Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq ayrı-ayrı təhsil müəssisələrinin əsaslı surətdə təmiri və yenidən qurulması işləri ardıcıl olaraq həyata keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq son illər Binəqədi rayonu ərazisində həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işlərinin tərkib hissəsi kimi, rayonun mikrorayonlarında və qəsəbələrində yeni parklar, xiyabanlar, yaşayış məntəqələrində nümunəvi məhəllələr salınmış, park və məhəllələrdə fəvvarələr, şəlalələr çoxsaylı müasir oturacaqlar, uşaq idman-oyuncaq elementləri, quraşdırılmış, yol kənarlarında və nümunəvi məhəllələrdə milli ornamentləri özündə əks etdirən landşaft memarlığına uyğun çəmən örtüyü salınmış, həmin çəmənliklərdə müasir dekorativ və ekzotik ağac növləri əkilmişdir.
Rayon ərazisində mərhələli və planlı şəkildə həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində 2016-cı il ərzində rayonun qəsəbələrarası və məhəllədaxili yollarında, mərkəzi prospektlərdə, yaşayış binalarının fasad və dam örtüklərində, park və meydanlarda, həmçinin digər infrastruktur sahələrində yenidənqurma və əsaslı təmir işləri aparılmış, bu istiqamətdə işlər bu gündə davam etdirilməkdədir. 
Rayon ərazisində ümumilikdə 492 çoxmənzilli yaşayış binası mövcuddur ki, 2016-cı il ərzində 153 yaşayış binasında 11558 kv.m yumşaq dam örtüyü təmir edilmiş, 27351 m2 çardaqlı dam örtüyü, 1297 giriş kənar əşyalardan təmizlənmiş və 415 p/m yağış suyu novalçaları dəyişdirilmişdir. K.Rəhimov küçəsi 53, Azadlıq prospekti 156, 158, 160, Z.Bünyadov 11, 11b, 9, 9a, 7, 7a, 9/5, C.Hacıbəyli küçəsi 64, 66, 68, 70, Ş.Rəhimov küçəsi 51,54, 53, 56, 57, 58, 60, 62, Ə.Əlixanov küçəsi 89 saylı və  S.Məmmədova küçəsi 205b, 207, 209 saylı binaların 109 girişi əsaslı təmir edilmişdir. Əsaslı təmir zamanı pilləkən meydançalarının döşəmə örtükləri dəyişdirilmiş, girişlərə 109 ədəd dəmir seyf qapı quraşdırılmış, girişlərdə sıradan çıxmış 495 ədəd pəncərələr plastik pəncərələrlə əvəz edilmişdir. Hesabat dövrü ərzində yaşayış binalarının zirzəmilərində 1456 p/m kanalizasiya, 1184 p/m su xətti cari təmir edilmişdir. Eyni zamanda 285 çoxmənzilli binaların zirzəmilərində təmizlik və dezinfeksiya işləri aparılmışdır.  S.S.Axundov küçəsi 1v saylı və S.S.Axundov küçəsi 4 saylı yaşayış binalarının yaxınlığında ümümilikdə 1505 kv.m asfalt örtüyü salınmışdır. Azadlıq prospektində 45200 kv.m, rayon ərazisində məhəllədaxili yollarda 28120 kv.m, Binəqədi qəsəbəsində 78000 kv.m, M.Ə.Rəsulzadə qəsəbəsində 2400 kv.m, Biləcəri qəsəbəsində 20896 kv.m asfalt örtüyü salınmışdır. Hesabat dövründə 176121 kv.m asfalt örtüyü salınmışdır.
Mənzil fondunun yaxşılaşdırılması məqsədilə binalarda tüstü və baca kanalları tutulmuş mənzillərin siyahıları dəqiqləşdirilərək, müvafiq işlərin həyata keçirilməsi istiqamətində 15210 mənzilin tüstü və ventelyasiya kanallarına baxış keçirilmiş, 2355 mənzildə tutulmuş tüstü kanalları təmizlənmişdir.
Ötən dövr ərzində 827 ədəd liftin işlək vəziyyətdə saxlanılması təmin edilmiş və 62 lift cari təmir edilmişdir. Ümumilikdə son 3 il ərzində 138 yeni lift quraşdırılmış, 208 lift əsaslı, 260 lift isə cari təmir edilmişdir. Mövsüm ərzində liftlərin fasiləsiz işləməsi üçün lift maşın şöbələrinin üzərinə sakinlər tərəfindən qanunsuz yerləşdirilmiş 121 ədəd su çəni götürülmüş, 32 ədəd su çəni isə sistemdən ayrılmışdır.
Hesabat dövrü  ərzində məişət tullantıları konteynerləri cari təmir olunaraq bərpa edilmişdir. Xaric olan bərk məişət tullantılarının müvəqqəti toplanması üçün, yaşayış massivlərində 565 konteyneraltı meydança və 2249 ədəd konteynerdən istifadə olunur. Rayon üzrə xaric olan bərk məişət tullantılarının mütəmadi daşınması üçün ümumilikdə 82 ədəd xüsusi təyinatlı maşın və mexanizmlərdən (KAMAZ-KAO, MAN-KAO, MERSEDES-KAO və digər uyğunlaşdırılmış özüboşaldan maşınlardan) istifadə olunmaqla həyata keçirilir. 
Həmçinin hesabat dövrü ərzində rayon ərazisində ümumilikdə 40739 m2 yaşıl çəmən otu, 2751 ədad müxtəlif növ ağac, 116 ədəd dekorativ ağac, 49282 ədəd müxtəlif növ bəzək gül-çiçək kolları əkilmişdir.
“Azəravtoyol” ASC tərəfindən Azadlıq prospektinin yenidən qurulması və yolun genişləndirilməsi işləri həyata keçirilmişdir. Yenidənqurma və yolun genişləndirilməsi zamanı 4030 p/m mərmər səki daşları düzülmüş, əraziyə 45200 m2 yeni asfalt örtüyü salınmışdır. Yenidənqurma işləri başa çatdırıldıqdan sonra prospekt boyunca Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə yol kənarlarında yaşıllıq zolağı salınaraq 28109 m2 çəmən örtüyü, 116 ədəd dekorativ ağac və 29732 ədəd müxtəlif növ bəzək gül-çiçək kolları əkilmiş, 506 m2 hörgü, 1459 m2 tamet daşı, 987 m2 aqlay daşı, 1416 m2 qranit səki daşları, 1100 m2 mozaika daşları düzülmüş, piyada səkilərinə 6120 m2 asfalt örtüyü salınmış, 79 ədəd işıq dirəyi, 12 ədəd oturacaqlar, 2 ədəd söhbətgah, 2 ədəd uşaq meydançası, 2 ədəd uşaq əyləncə, 10 ədəd idman  qurğuları quraşdırılmış və 200 metr velosiped yolu müəyyənləşdirilmişdir.
Qeyd etmək lazımdır ki, rayonun Xocəsən qəsəbəsi ərazisində Motodrom Yaşayış massivində “Xocəsən-Avtovağzal mənzil tunellərinin üzərində yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinin sökülməsi ilə bağlı” 64 fərdi yaşayış evi və 1 ədəd qeyri-yaşayış obyektinin sökülməsi zərurəti yaranmış və bununla əlaqədar həmin fərdi yaşayış evlərinin sahiblərinə kompensasiyalar ödənilməsi məqsədilə dövlət büdcəsindən maliyyə vəsaiti ayrılmışdır. Motodrom ərazisində RİH tərəfindən operativ qərargah yaradılmış və hazırda, 37 fərdi yaşayış evinin sahibi ilə müqavilə bağlanılaraq kompensasiyalar ödənilmişdir. Onlardan 18 evin söküntüsü işləri başa çatdırılmış, digər evlərin sökülməsi və digər vətəndaşlarla müqavilələrin bağlanması istiqamətində işlər davam etdirilməkdədir.
Məlum olduğu kimi, 2016-cı ilin oktyabr ayında yağan güclü yağışlar nəticəsində Xırdalan kollektoru daşmış və rayonun Biləcəri, Binəqədi, Rəsulzadə və Xocəsən qəsəbələri ərazisində 5 minə yaxın evin həyətyanı sahəsi, zirzəmisi və yaşayış hissələri su altında qalmışdır. Hadisə ilə əlaqədar, Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən subasan ərazilərdə qərargahlar yaradılmış, Rayon İcra Hakimiyyətinin başçısı, aparatın məsul şəxsləri və aidiyyəti qurumların rəhbərləri mütəmadi olaraq əhalinin yanında olmuş, mövcud vəziyyətdən çıxış yolu məqsədilə aidiyyəti dövlət qurumları qarşısında məsələ qaldırılmış, subasan evlərə xüsusi su çəkən nasoslar paylanılmış və FHN subasma ərazilərinə cəlb edilmişdir. Bundan əlavə məlum olduğu kimi, Bakı şəhəri ərazisində yağan yağıntılarla bağlı su basan ərazilərdə gələcəkdə zəruri tədbirlər görülməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərancamı ilə hörmətli Ramiz Mehdiyevin rəhbərliyi altında İşçi qrupu yaradılmış və aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə geniş müzakirələr həyata keçirilmişdir. İşçi qrupunun təklifləri əsasında subasma ərazilərində problemin köklü həlli nəzərdə tutulur. 
Əhalinin qaz təchizatının yaxşılaşdırılması məqsədilə 2016-cı il ərzində müxtəlif diametrli 3415 p/m qaz xətti çəkilmiş, 3 ədəd yeni ŞQTM, 1 ədəd RDUK-150 quraşdırılmış, 31 ədəd istismara yararsız qaz tənzimləyici yenisi ilə əvəz edilmiş, 5 ədəd yeraltı qaz xətləri üzərində olan quyular təmizlənmiş və siyirtmələr car təmir edilmiş, 5 ədəd yeraltı qaz sızması,  58 ədəd açıq tipli qazsızma aradan qaldırılmış, 105 ədəd qeyri-qanuni qoşulmaların qarşısı alınmış, 87 ədəd istifadə olunmayan yararsız qoşulma nöqtəsi ləğv olunmuş, 7145 dəfə qaz tənmzimləyici şkaflar təftiş edilərək, texniki baxış keçirilmiş, 2873 dəfə ərazinin müxtəlif yerlərində tənzimləmə işləri aparılmışdır. Müxtəlif xarakterli 13200 çağırış və şikayətlərə baxılmış və görülmüş zəruri tədbirlər nəticəsində nöqsan və iradlar aradan qaldırılmışdır. Biləcəri qəsəbəsində 210 ədəd mexaniki sayğaclar smart-kart tipli qaz sayğacları ilə əvəz edilmişdir.
2016-cı il ərzində rayon üzrə əhalinin içməli su təchizatının və kanalizasiya şəbəkəsinin yaxşılaşdırılması istiqamətində bir sıra zəruri işlər həyata keçirilmişdir. Rayon ərazisində müxtəlif ünvanlarda ümumilikdə 977 p/m müxtəlif diametrli yeni su xətti çəkilmiş, 241 p/m  kanalizasiya xətti dəyişdirilərək yenisi ilə əvəz edilmiş və sakinlərin istifadəsinə verilmişdir. Su xətləri üzrə 15 ədəd yeni siyirtmə quraşdırılmış, müxtəlif markalı 19 ədəd nasos təmir edilmiş, 7 ədəd elektrik mühərriki təmir olunmuşdur. Hesabat dövrü ərzində əhalinin keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə müxtəlif ünvanlarda su xətlərində 2995, kanalizasiya şəbəkəsində 5093 qəzanın qarşısı alınmış, həmçinin 5620 p/m müxtəlif diametrli kanalizasiya xətti xüsusi təyinatlı texnika ilə, 36520 p/m xətt isə mexaniki üsulla təmizlənmiş, 21 ədəd su anbarları yuyulmuşdur.  
Eyni zamanda 2016-cı il ərzində əhalinin keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi və bu sahədə mövcud olan problemlərin aradan qaldırılması məqsədilə rayon ərazisində ümumilikdə 2799 metr müxtəlif gücə malik yeni kabel xətləri çəkilmiş, 4000 metr istismara yararsız kabel xətti dəyişdirilərək yenisi ilə əvəz edilmiş, 2 ədəd transformator dəyişdirilmiş, əhali abonentlərə 3620 ədəd qeyri-əhali abonentlərə isə 587 ədəd yeni müasir tipli elektron sayğaclar quraşdırılmış, 1510 metr hava xətti yeraltı kabel xəttinə keçirilmiş, “SİP” dayaqlar rənglənmiş və transformator məntəqələri təftiş edilərək təmizlik işləri aparılmışdır.
2016-cı il ərzində rayon ərazisində 20 yeni küçə işığı dirəkləri quraşdırılmış, 1570 m. kabel xətti çəkilmişdir.
2016-cı il ərzində əhalinin istiliklə təmin edilməsi və bu sahədə mövcud olan problemlərin həlli məqsədilə rayon ərazisində müxtəlif diametrli 1043 metr yeni magistral və məhəllədaxili istilik xətti çəkilmiş, 883 metr istilik xətti dəyişdirilmiş, 103 metr istilik xətti cari təmir edilmiş, 9 ədəd siyirtmə dəyişdirilmiş, 303 ədəd  siyirtmə  əsaslı və cari təmir olunmuşdur. 48 qazan və 9 istilik mübadilə qurğusu mexaniki üsulla təmizlənmiş, 107.0 km istilik xətləri yuyularaq hidravlik təzyiqlə yoxlanılmış, 31 ədəd qazan cari təmir olunmuş, 84 nasos əsaslı təmir olunmuşdur. Yaşayış binalarının məhəllədaxili və aşağı paylama istilik xətlərində əsaslı və cari təmir işləri aparılmışdır. Görülmüş tədbirlər nəticəsində 2016-2017-ci illlərin payız-qış mövsümündə 448 yaşayış binası, 9 uşaq bağçası, 13 məktəb və 30 digər təyinatlı obyektlər istiliklə təmin olunmuşdur.
2016-cı il ərzində  Rayon İcra Hakimiyyəti başçısının ümumilikdə 41 görüşü, səyyar qəbul və digər xarakterli görüşləri keçirilmişdir. Həmin görüşlərdə Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Hüquq mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərlərinin iştirakı təmin edilmişdir. Keçirilən görüşlərdə ümumilikdə 7380 nəfər vətəndaş iştirak etmiş və 322 məsələ qaldırılmışdır. Görüşlərdə sakinlər tərəfindən qaldırılan irad və təkliflər protokollaşdırılaraq aidiyyəti üzrə Prezident Administrasiyasına ötürülməsi təmin edilmiş, 27 Tədbirlər Planı tərtib edilmiş, qaldırılan məsələlərlə əlaqədar aidiyyəti qurumlara və cavabdeh şəxslərə paylanmışdır. Tərtib edilən Tədbirlər Planında hər bir məsələnin icrası ilə bağlı  vaxt müəyyən edilmiş və həmin vaxt ərzində məsələlərin həlli şöbə tərəfindən nəzarətdə saxlanılır. Vətəndaşlar tərəfindən qaldırılan  322  məsələnin 76-sı yerində həll edilmiş, 246 məsələdən  160 məsələ planda nəzərdə tutulan müddətdə həllini tapmış, 5 məsələ ilə əlaqədar aidiyyəti üzrə yuxarı instansiyaya müraciət olunmuş, 7 məsələ ilə əlaqədar müvafiq izahat verilmiş, 1 məsələ məqsədəmüvafiq hesab edilməmiş, 73 məsələ isə hal-hazırda icraatdadır.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidentinin 27 avqust 2009-cu il tarixli,  153 nömrəli “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında”  və  24 may 2010-cu il tarixli,  272 nömrəli “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə”  Fərmanları ilə  Mənzil Məcəlləsinin icrası ilə bağlı yerli icra hakimiyyətləri qarşısında bir sıra vəzifələr müəyyən edilmişdir.
Belə ki, Binəqədi rayonunda müəyyən ünvanlarda “Binəqədi 1”, “Binəqədi-2” “Binəqədi-3”, “Binəqədi-6”, “Binəqədi-7”, “Binəqədi-9” Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətləri yaradılaraq dövlət qeydiyyatından keçməsi üçün sənədlər toplanmış, Ədliyyə Nazirliyinə təqdim edilmiş və müvafiq olaraq qeydiyyatdan keçmişdirlər.
Qarşıya qoyulmuş vəzifələrin icrasının təmin edilməsi, görüləcək işlərin davamlılığının təşkil edilməsi, cari və perspektiv iş planının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 saylı 22 yanvar 2016-cı il tarixli “Bakı şəhəri Binəqədi və Qaradağ rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” qərarı ilə əlaqədar tədbirlər haqqında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 27 yanvar 2016-cı il tarixli, 17 saylı sərəncamı imzalanmışdır.
Binəqədi rayonunda qəzalı vəziyyətdə olan binaların sökülərək yerində yeni binaların tikintisinin həyata keçirilməsi məqsədilə müvafiq şirkətlərlə Rayon İcra Hakimiyyəti arasında müqavilə bağlanmışdır. Qeyri-yaşayış sahələrinin sahiblərinin yeni yaşayış binalarının 1-ci mərtəbəsində və zirzəmisində inşa ediləcək ümumi sahəsi 24191 m2 olan yeni qaraj və qeyri-yaşayış sahələri ilə təmin edilməsi nəzərdə tutulmuşdur.
Binəqədi rayonunda Ümumxalq səsverməsi azad, şəffaf demokratik seçicilərin yüksək fəallığı və Azərbaycan Respublikasının “Seçki Məcəlləsi”nə tam uyğun şəkildə keçirilməsi ilə əlaqədar  rayon rəhbərliyinin ərazidə apardığı abadlıq-quruculuq, təmir-tikinti, səliqə-səhman işləri əhali ilə keçirilən görüşlər, düzgün təşkil olunan ictimai-siyasi işlər buna birbaşa zəmindir.
Hər kəsə məlum olduğu kimi, 26 sentyabr 2016-cı il tarixdə ölkəmiz üçün çox vacib hadisə sayılan – refenrendum keçirilmişdir. Belə ki, şeçki ərəfəsində Binəqədi  rayonu ərazisində üç müstəqil - 8 saylı Binəqədi birinci, 9 saylı Binəqədi ikinci, 10 saylı Binəqədi üçüncü Seçki Dairəsi Dairə Seçki Komissiyası və bir müştərək 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsi fəaliyyət göstərmişdir. 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsi üzrə 4 seçki məntəqəsi Binəqədi rayonunun tərkib hissəsinə daxildir. Seçki günü 8 saylı Binəqədi birinci Seçki Dairəsi üzrə 40 seçki məntəqəsi (39 açıq və 11 saylı cəzaçəkmə müəssisəsində yerləşən 1 qapalı), 9 saylı Binəqədi ikinci Seçki Dairəsi üzrə 38 seçki məntəqəsi (37 açıq və 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında yerləşən 1 qapalı), 10 saylı Binəqədi üçüncü Seçki Dairəsi üzrə  36 seçki məntəqəsi ( 35 açıq və Binəqədi qəsəbə ərazisində, N saylı hərbi hissədə yerləşən 1 qapalı),  12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki dairəsi üzrə isə  4 seçki məntəqəsi, ümumilikdə rayon üzrə 118, o cümlədən, 115 açıq, 3 qapalı seçki məntəqəsi 26 sentyabr 2016-cı il tarixdə keçirilmiş ümumxalq səsverməsində Referendumda fəaliyyət göstərmişdir.
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Azərbaycan Respublikası Konstitusiyasına ediləcək əlavə və dəyişikliklərlə əlaqədar 26 sentyabr 2016-cı ildə keçirilmiş Referendumda öz işini YAP icra katibliyi tərəfindən müəyyən edilmiş Fəaliyyət planına, Azərbaycan Respublikasının Seçki Məcələsinə, Mərkəzi Seçki Komissiyasının Təqvim planına uyğun olaraq qurmuşdur.
Ümumilikdə rayon üzrə 100274 nəfər, başqa sözlə 66,2 faiz seçici səsvemədə iştirak etmiş, o cümlədən 8 DSK üzrə 32232 seçici, başqa sözlə 66,6 faiz, 9 saylı DSK üzrə 32161 seçici, başqa sözlə 65, 9 faiz, 10 saylı DSK üzrə 32493 seçici, başqa sözlə 66,1 faiz və 12 saylı müştərək DSK (4 seçki məntəqəsi üzrə) üzrə isə 3388 seçici, başqa sözlə 66 faiz seçici səsvermədə iştirak etmişdir.
2016-cı il ərzində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatına vətəndaşlardan ümumilikdə 3630 müraciət (2015-ci illə müqayisədə 292 vahid və ya 7,5% az) daxil olmuşdur.
Hesabat dövründə Binəqədi rayonundan daxil olmuş vətəndaş müraciətlərindən 2781-i ərizə (daxil olmuş müraciətlərin 76,6%-i; o cümlədən,  2015-ci illə müqayisədə 242 vahid və ya 8% az) və 846-sı (daxil olmuş müraciətlərin 23,3%-i; o cümlədən, 2015-ci illə müqayisədə 50 vahid və ya 5,6% az) şikayət,  3-ü (daxil olmuş müraciətlərin 0,1%-i; o cümlədən, 2015-ci illə eyni sayda) təklif olmuşdur.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatına 2016-cı il ərzində daxil olmuş vətəndaş müraciətlərinə baxılmasının mövzular və növlər üzrə bölgüsü barədə məlumatlar təhlil edilərək müəyyən edilmişdir ki müraciətlərin əsasən 29,9%-i şəhərsalma və tikinti məsələləri (1084 müraciət, 2015-ci illə müqayisədə 377 vahid və ya 25,8% az), 15,7%-i mənzil məsələləri (569  müraciət, 2015-ci illə müqayisədə 24 vahid və ya 4,2% az), 10,6%-i sosial müdafiə məsələləri (o cümlədən, ünvanlı sosial yardım verilməsi, birdəfəlik maddi yardın verilməsi, pensiya məsələləri və işlə təmin olunma) (384 müraciət, 2015-ci illə müqayisədə 66 vahid və ya 20,8% çox), 3,6%-i enerji daşıyıcıları və su təchizatı məsələləri (131 müraciət, 2015-ci illə müqayisədə 27 vahid  və ya 26% çox),  5,2%-i torpaq məsələləri ilə bağlı (189 müraciət, 2015-ci  illə müqayisədə 108 vahid çox), 2,9%-i təbii fəlakət hadisələri və fövqəladə hallarla bağlı (106 müraciət, 2015-ci  illə müqayisədə 42 vahid və ya 28,4% az), 2,2%-i qaçqınlar və məcburi köçkünlərlə bağlı məsələlər (79 müraciət, 2015-ci  illə müqayisədə 51 vahid və ya 39,2% az), 1,6%-i sənaye, iqtisadiyyat və sahibkarlığın inkişafı ilə  bağlı məsələlər (59 müraciət, 2015-ci  illə müqayisədə 39 vahid çox), 0,7%-i səhiyyə məsələləri (26 müraciət, 2015-ci illə müqayisədə 29 vahid az), 0,7%-i nəqliyyat məsələləri (25 müraciət, 2015-cü illə müqayisədə 6 vahid və ya 19,3% az), 2,5%-i məişət məsələləri, (89 müraciət, 2015-ci illə müqayisədə 96 vahid və ya 51,9% az), 1%-i qəbul məsələləri (38 müraciət, 2015-ci illə müqayisədə 42 vahid və ya 52,5% az), 18,4%-i şəhər, rayon icra hakimiyyətlərinin və bələdiyyələrin fəaliyyəti ilə əlaqədar (669 müraciət 2015-ci illə müqayisədə 374 vahid çox), 1,4%-i vəzifəli şəxslərin hərəkət və hərəkətsizliyindən şikayətlə bağlı  (51 müraciət, 2015-ci illə müqayisədə 64 vahid və ya 55,7% az) və 3,6%-i digər mövzular ilə əlaqədar olmuşdur.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında 2016-cı il ərzində 5214 vətəndaş qəbul edilmişdir. O cümlədən, RİH başçısı tərəfindən 284 vətəndaş qəbul edilmişdir.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının 2016-cı il üçün təsdiq edilmiş İş planına uyğun olaraq, 2016-cı il ərzində 24 Şura iclası keçirilmiş və 34 məsələ müzakirəyə çıxarılmışdır. Müzakirə olunan məsələlərlə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən müvafiq tapşırıqlar verilmişdir. Həmin tapşırıqların icrası ilə bağlı mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq işlər görülür.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın 26 dekabr 2016-cı il tarixdə geniş müşavirəsi keçirilmişdir. Keçirilmiş müşavirədə səsləndirilmiş iradlarla əlaqədar Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında iclas keçirilmişdir. Binəqədi Rayon İcra Hakimiyyəti başçısı cənab Xaləddin İsgəndərov Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın 26 dekabr 2016-cı il tarixində keçirilmiş geniş müşavirəsində səsləndirilmiş iradlar barədə danışaraq müşavirədə deyilmiş iradların və qeyd edilmiş neqativ halların bəzilərinə Binəqədi rayonunda da rast gəlindiyini bildirmiş və həmin iradların bir neçə istiqamətə ayrıldığını qeyd etmişdir:
Dövlət fondu torpaqlarından istifadə zamanı yaranan neqativ hallar. Dövlət fondu torpaqlarında qanunsuz olaraq fərdi yaşayış evi, müxtəlif təyinatlı qeyri-yaşayış sahələri inşa edilmişdir;
Təhsil sahəsində neqativ halların baş verməsi, məktəb və uşaq bağçalarında valideynlərdən əsassız ödənişlər tələb edilməsi;
Səhiyyə sahəsində problemlərin mövcud olması, xəstələrdən əlavə ödənişlər tələb edilməsi, pulsuz verilməsi nəzərdə tutulan dərmanların gecikdirilməsi və ya pul ilə apteklərdə satılması, saxta dərmanların satışı, lisenziyasız tibbi fəaliyyətin göstərilməsi v.s. faktlar;
Mədəniyyət müəssisələrinin fəaliyyətində nöqsanlara yol verilməsi və  bu müəssisələrdə çalışan işçilərə əməkhaqqı borcunun yaranması;
Sökülən evlərə görə verilən kompensasiyaların az olması və bəzi yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətlərinə biganə münasibət göstərilməsi;
Qanunsuz tikililərin tikilməsi. Belə tikililərin çoxalması sonradan ərazidə müxtəlif problemlərə səbəb olur. Hətta bəzən kommunikasiya şəbəkələrinin sanitariya mühafizə zonalarında da qanunsuz tikinti işləri aparılır;
Respublikanın müxtəlif regionlarında əxlaqsızlıq yuvaları, qumarxana və digər mərc oyunları obyektlərinin fəaliyyət göstərməsi;
Korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin zəif təşkil olunması;
Dövlət və bələdiyyə qulluqçularının müvafiq etik davranış normalarına əməl etməsi vəziyyəti;
Bələdiyyələrə əməli və metodik köməklik göstərilməsi;
Kommunal xidmət orqanlarının fəaliyyətində şəffaflığın artırılması məqsədilə qanunamüvafiq tədbirlərin görülməsi;
İşə qəbulda peşəkar, bilikli, məsuliyyətli, müasir düşüncəli və mədəni davranışa malik kadrların yerləşdirilməsi məqsədilə aidiyəti qurumlarla birlikdə işlərin aparılması;
Vətəndaşların müraciətlərinə baxılması vəziyyəti.
Daha sonra nöqsan və çatışmazlıqların Binəqədi rayonu ərazisində qarşısının alınması məqsədilə cənab Xaləddin İsgəndərov sərəncam layihəsi və Tədbirlər Planının hazırlanması tapşırığını vermişdir
Hesabat dövrü ərzində milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanması, inkişaf və təbliğ etdirilməsi, tarixi hadisələrin, əlamətdar günlərin qeyd edilməsi, rayonda fəaliyyət göstərən ictimai təşkilatlar, təhsil, səhiyyə və mədəniyyət müəssisələri, siyasi partiyalar və dini qurumlarla qarşılıqlı münasibətlərin qurulması, onların fəaliyyətinin koordinasiyası prioritet istiqamətlərdən olmuşdur.
Əhalinin tibbi müayinədən keçirilməsi ilə əlaqədar Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırıqlarından irəli gələn vəzifələrin icrası məqsədilə əhalinin tibbi müayinədən keçirilməsi rayonun 8 tibb müəssisəsi tərəfindən həyata keçirilmiş və bütün səhiyyə ocaqlarında əhalinin tibbi-proflaktik müayinədən keçirilməsi üçün hərtərəfli şərait yaradılmış və fevral-mart ayları ərzində rayon əhalisindən 174321 nəfəri tibbi müayinədən keçmişdir. Eyni zamanda Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən rayonda fəaliyyət göstərən səhiyyə müəssisələrinin kollektivləri əhaliyə səhiyyə xidmətinin təşkilində fəal iştirakına görə və 17 iyun - Tibb İşçilərinin Peşə bayramı münasibəti ilə Fəxri Fərmanlarla təltif edilmiş, iyunun 17-də Fəxri Fərmanlar səhiyyə müəssisələrində kollektivlərə təqdim olunmuşdur.
1 aprel 2016-cı il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında “Qarabağ həftəsi” layihəsinə start verilmişdir. Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi rayon təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçiriləcək layihə may ayı ərzində silsilə olaraq davam etdirilərək Binəqədi rayonunda yerləşən bütün orta ümumtəhsil məktəblərini əhatə etmişdir. Layihənin həyata keçirilməsində əsas məqsəd dövlətimiz və xalqımız üçün hər zaman aktual və müqəddəs amallardan olan vətənpərvərliyin təbliği, Azərbaycanın əzəli tarixi torpaqları olan Dağlıq Qarabağın ermənilər tərəfindən işğalı faktının geniş ictimaiyyətə çatdırılmasından ibarət olmuşdur.
2016-cı il bizim şanlı hərbi qələbə ilimiz  kimi tarixdə qalacaqdır. 1994-cü ildən bu günə qədər ilk dəfə idi ki, Azərbaycan işğal edilmiş torpaqlarının bir hissəsini işğalçılardan azad etmişdir. Aprel ayında erməni silahlı təxribatının qarşısını alaraq ordumuz düşmənə sarsıdıcı zərbələr vurmuş, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının minlərlə hektar torpağı işğalçılardan azad edilmişdir. On minlərlə hektar torpağa indi Azərbaycan Ordusu tam nəzarət edir. Bu döyüşlərdə Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmışdırlar. Binəqədi rayonun  şəhidləri Cabbarxan Ağayev, Emin Bağırov, Fəxrəddin Qurbanlı və Mahir Mirzəyev  böyük izdiham ilə qarşılanmışlar.
Aprel döyüşləri xalqımızın vətənpərvərlik amalını, əzmini daha da gücləndirmiş, böyük Qələbəyə olan sonsuz inamın uğurlu nəticəsi olmuşdur.
Binəqədi rayonunda aprel ayında təmas xəttində baş verən hadisələrlə bağlı geniş toplantı  keçirilmiş və rayon gəncləri “Şəhidlər Ölməz”! “Vətən Bölünməz”! adlı dəstək aksiyasında birlik, həmrəylik nümayiş  etmişdirlər.
Martın 16-da Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən “Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində Binəqədi məktəblilərinin  Naxçıvan Muxtar Respublikasına yola salınmaları münasibətilə tədbir keçirilmişdir. Məktəblilər 4 gün ərzində Naxçıvan, Ordubad şəhərləri, Şahbuz, Kəngərli rayonlarının  tarixi, maddi-mədəniyyət nümunələri, turizm mərkəzləri və başqa gəzməli-görməli yerləri ilə yaxından  tanış olmuşdular. Yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayan “Ölkəmizi Tanıyaq” layihəsi çərçivəsində Naxçıvana ekskursiya Binəqədi məktəbliləri tərəfindən böyük sevinc və coşqu ilə qarşılanmışdır.
Həmçinin aprel ayının 27-də Binəqədi rayonunda görkəmli oftalmoloq alim, Azərbaycan tibb elminə misilsiz töhfələr bəxş etmiş akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü münasibətilə tədbir, may ayının 10-da isə Binəqədi rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə genişmiqyaslı ağacəkmə aksiyası keçirilmişdir. Həmçinin 28 May - Respublika günü, Dövlət Qulluqçularının peşə bayramı təntənəli surətdə qeyd olunmuşdur.
01 avqust 2016-cı il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şura və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə “Referendum və onun siyasi-hüquqi əhəmiyyəti” mövzusuda maarifləndirici tədbir keçirilmişdir
Binəqədi gəncləri 12 Avqust - Beynəlxalq Gənclər Günü münasibətilə Quba rayonunda olmuşdurlar. Quba rayonuna səfər Binəqədi Rayon İcra Hakimiyyətində təcrübədə olan bir qrup ASAN könüllüləri, rayonun yaradıcı gəncləri, “Ölkəmizi tanıyaq” layihəsinin iştirakçıları, 2016-cı tədris ilində rayon üzrə 600-dən artıq bal toplayan şagirdlər, xaricdə təhsil alan Binəqədi gəncləri, “Liderlik Məclisi” layihəsinin iştirakçıları, media nümayəndələri və rayonun digər fəal gəncləri iştirak etdilər.
9-10 sentyabr 2016-cı il tarixlərində İslam dünyasının ən əziz bayramlarından sayılan Qurban bayramı münasibətilə Binəqədi rayonunda humanitar aksiya keçirildi. Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən aksiya çərçivəsində rayonda yaşayan şəhid ailələri, əlillər, müharibə veteranları, məcburi köçkünlər, tənha ahıllar və aztəminatlı ailələrə Qurban sovqatı paylanılmışdır. Qurban bayramı münasibətilə ümumilikdə rayon ərazisində keçirilən humanitar aksiya çərçivəsində 1500-dən artıq ailəyə qurban əti paylanılmışdır.
17 oktyabr 2016-cı il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin, YAP Binəqədi rayon təşkilatının, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Bakı Atıcılıq Mərkəzində dövlət müstəqilliyinin bərpa olunmasının 25-ci ildönümünə həsr olunmuş “Müstəqilliyim, mənim yaşıdım” adlı möhtəşəm  bayram tədbiri keçirilmişdir. Tədbir 25 il ərzində dövlətimizin əldə etdiyi uğurları özündə əks etdirən mədəniyyət və multikulturalizm, təhsil, səhiyyə, iqtisadiyyat, informasiya-kommunikasiya texnologiyaları, müdafiə sənayesi, kənd təsərrüfatı, gənclər və idman sahələrini, eləcə də dünyada Azərbaycan brendi olan və müstəqilliyimizin ən böyük nailiyyətlərindən biri olan ASAN Xidmətin fəaliyyətini geniş əhatə edən pavilyonların təqdimatı ilə keçirilmişdir.
12 noyabr tarixində Binəqədi rayonu, Heydər Əliyev adına istirahət parkında dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü əlaqədar “Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində Binəqədi məktəblilərinin Cənub bölgəsinə yolasalınma mərasimi keçirilmişdir. Dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü ilə əlaqədar təşkil edilən bu aksiya şagirdlər üçün tariximizi, mədəniyyətimizi öyrənmək üçün gözəl fürsət olmuşdur. Məktəblilər 4 gün ərzində Lənkəran, Masallı və Astara rayonlarının tarixi, maddi-mədəniyyət nümunələri, turizm mərkəzləri və başqa gəzməli-görməli yerləri ilə yaxından  tanış olmuşdular.
3 dekabr 2016-cı il tarixində Binəqədi rayonunda Beynəlxalq Əlillər günü münasibətilə tədbir keçirilmişdir. Humanitar aksiya çərçivəsində Binəqədi rayonu ərazisində yaşayan müxtəlif etnik qruplardan olan əlil sakinlər evlərində ziyarət olunaraq, 200 dən çox aztəminatlı əlil vətəndaşlara ərzaq sovqatı paylanılmışdır.
Ümumilikdə, Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyasının Binəqədi rayon Təşkilatının birgə təşkilatçılığı ilə Binəqədi rayonunda 450-dən çox tədbir keçirilmişdir.  Belə ki, cənab Prezident İlham Əliyevin yürütdüyü siyasət və Ümumilli Lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin geniş təbliği, onun ideyalarının və irsinin öyrənilməsi məqsədilə 104,  Gənclər və İdman sahəsində 223, tarixi və əlamətdar günlərin qeyd olunması ilə əlaqədar 126  tədbir keçirilmişdir.
Qeyd etmək lazımdır ki, 2016-cı  ildə dini qurumlarla aparılan işlər daha intensiv xarakter almışdır. Belə ki, rayon ərazisindəki dini qurumların fəaliyyəti ilə bağlı davamlı müşahidələr aparılmış, onların təbliğ etdiyi dini mövzular diqqətlə izlənilmişdir. Dini icma sədrləri və axundlarla görüşlər zamanı dini fəaliyyət sahəsində mövcud olan sabitliyin ölkənin ümumi sabitliyinin ayrılmaz tərkib hissəsi olması din xadimlərinin nəzərinə çatdırılmışdır. 
Hesabat dövründə qanunsuz tikintilərin aparılmasının dayandırılması vəzifəli şəxslərin hərəkət və hərəkətsizliyindən və korrupsiya hallarının olması barədə 37 halda vətəndaşlar tərəfindən müraciətlər olmuş, onlardan aparılmış araşdırmanın nəticəsi olaraq hər 20 müraciətdə göstərilənlər fakt olaraq təsdiqini tapmamış, 17 müraciət üzrə qanunvericiliyin tələbləri izah edilmişdir.
Vətəndaşların mənzil məişət problemləri ilə əlaqədar etdikləri 428 müraciət araşdırılmış, 367 müraciət üzrə qanunvericiliyin tələbləri izah edilmiş və 41 ailənin mənzil növbəsinə götürülməsi barədə sərəncam verilmiş, 20 müraciət araşdırılması üçün aidiyyəti üzrə göndərilmişdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qərarlarına əsasən, Rayon İcra Hakimiyyətində yaşayış yeri üzrə mənzil növbəsinə dayanmış imtiyazlı şəxslərə verilmiş mənzillərin vətəndaşların istifadəsinə verilməsi barədə 8 ailənin müraciəti təmin edilmişdir.
Həmçinin fəaliyyət qabiliyyət olmayan şəxslər üzərində qəyyumların təyin edilməsi barədə 28 müraciətdən 24-ü müsbət həll olunmuş, 4 vətəndaşa isə qanunvericiliyin tələbləri izah edilmişdir.
Ötən bir il ərzində Sakinlərin Müraciət Xidmətinin 1646 telefon nömrəsinə daxil olan müraciətlərin statistikası bu xidmətdən istifadə edən vətəndaşların sayının günü-gündən artdığını göstərir. 2016-cı il yanvar-dekabr ayları üzrə statistik rəqəmləri əks etdirən göstəricilər təhlil edilərkən müəyyən edilmişdir ki, cavablandırılmış zənglərin sayı 41795, birbaşa cavablandırılmış zənglərin sayı 33206, tərtib edilmiş şikayət vərəqələrinin sayı 8589 olmuşdur.
Şikayət xarakterli müraciətlərin 8589-nun icrası təmin edilmiş, o cümlədən 6805-i və ya 79,2 %-i tam həll olunmuş,  831-i və ya 9,6 %-i qismən həll edilmiş,  955-nə və ya 11,2 %-i müvafiq izahat verilərək həll edilmişdir.
Yanvar-dekabr ayları üzrə daxil olmuş şikayətlərin sahələr üzrə bölgüsünə gəldikdə isə müraciətlərin 3087-i və ya 35,9 %-i  su-kanalizasiya, 3339-u və ya 38,9 %-i qaz təchizatı, 704- ü və ya 8,2 %-i lift problemi, 571-i və ya 6,6 %-i istilik təchizatı, 420-i və ya 4,9%-i sakinləri narahat edən digər məsələlər, 233-ü və ya 2,7 %-i elektrik təchizatı, 92-si və ya 1,1 %-i məişət və zibil tullantıları, 74-ü və ya 0,9 %-i küçə işıqlandırılması, 69-u və ya 0,8%-i yaşıllaşdırma idarəsi  ilə əlaqədar olmuşdur.
Hesabat dövrü rayonumuzda sürətli sosial-iqtisadi inkişafa baxmayaraq, rayon ərazisində bir sıra problemləri də qeyd etmək lazımdır:
Qəsəbələrdə su təchizatının və kanalizasiya şəbəkəsinin yaxşılaşdırılması;
Çoxmənzilli yaşayış binalarında lift təsərrüfatının cari və əsaslı təmiri, yeniləşdirilməsi və müasirləşdirilməsi işlərinin davam etdirilməsi;
Biləcəri, M.Ə.Rəsulzadə, Xocəsən qəsəbələrində, Aşağı və Yuxarı Sulutəpə yaşayış massivlərində baş verən subasma hallarının qarşısını almaq məqsədilə  tədbirlərin görülməsi;
Rayonun Biləcəri, Binəqədi, Rəsulzadə, Xocasən və 28 May qəsəbələrində qəsəbədaxili yolların asfaltlanması və işıqlandırılması işlərinin davam etdirilməsi;
M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsində yerləşən 5 ədəd çoxmərtəbəli binaların istilik sistemlərinin və əvvəllər bu binalara xidmət etmiş, hazırda istifadəsiz vəziyyətdə Azərbaycan Dövlət Neft Şirkətinin balansında olan qazanxana binasınında qazanxananın bərpası və həmin binaların istiliklə təchizatı;
Xocəsən, Sulutəpə və Binəqədi qəsəbələrində məktəb, uşaq bağçası və poliklinika tikintisi üçün saziş ərazisinə düşən, lakin neft çıxarılması üçün perspektivi olmayan ərazilərdən torpaq sahəsinin ayrılması.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda ölkə başçısı yekun çıxışında qeyd etmişdir - “Biz “Multikulturalizm ili”ni uğurla keçirdik. Azərbaycan bir daha dünyaya göstərdi ki, multikulturalizm, onun ideyaları yaşayır və yaşamalıdır. Azərbaycan kimi ölkələrin sayı getdikcə artmalıdır. Həmçinin bu il Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bu da çox önəmli beynəlxalq tədbirdir, bütün müsəlman aləminin həmrəylik oyunlarına biz ev sahibliyi edəcəyik.  Bu böyük siyasi tədbirdir, bu böyük mədəni tədbirdir, bu böyük ictimai hadisədir. İslam Həmrəyliyi Oyunlarının çox böyük mənası var. Biz bu Oyunları keçirməklə bir daha gücümüzü, imkanlarımızı göstərəcəyik, dini dəyərlərimizə sadiqliyimizi nümayiş etdirəcəyik, çalışacağıq ki, İslam aləmini birləşdirək. Azərbaycan İslam aləmində çox böyük hörmətə malik bir ölkədir. Çünki bizim siyasətimiz səmimidir, düzgündür, ədalətlidir, prinsipialdır və cəsarətlidir. Bax, budur bizim siyasətimiz”.
Biz də öz növbəmizdə cənab Prezidentin tapşırıqlarına və tövsiyələrinə əsasən Binəqədi rayonunda sosial-iqtisadi infrastruktur layihələrinin yüksək səviyyədə icra edilməsi, işsizlik səviyyəsinin azaldılması, sənaye sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə müvafiq dəstəklərin göstərilməsi, sakinlərin məmnunluq səviyyəsinin artırılmasına dair bütün lazımi tədbirlərin həyata keçirməsini qarşımıza məqsəd qoyuruq.

Keçidlər