Şriftin ölçüsü :

Saytın rəngi :

Quliyev Azay Əjdər oğlu – Milli Məclisin üzvü, Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri

23 iyun 1971-ci ildə Ermənistan SSR-in, Sisian rayonunun Vağudi kəndində anadan olmuşdur. 1992-1997-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində, 1995-1996-cı illərdə Ankarada Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunun "Beynəlxalq Dövlət İdarəçilik Proqramı"nda, 2010-cu ilin fevral-mart aylarında ABŞ-da Harvard, "Kennedy School"da "QHT Liderləri üçün Strateji İdarəetmə" proqramında, 2007-2013-cü illərdə isə Bakı Dövlət Universitetinin Doktoranturasında təhsil almışdır.
2005 və 2010-cu illərdə (III və IV çağırış) 46 saylı Şirvan seçki dairəsindən, 2015-ci və 2020-ci illərdə isə (V və VI çağırış) 8 saylı Binəqədi birinci seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə üzv seçilmişdir. 2005-ci ildən Azərbaycan-Rumıniya Parlamentlərarası İşçi qrupunun rəhbəri, Azərbaycan-Çexiya, Azərbaycan-Estoniya və Azərbaycan-Türkiyə Parlamentlərarası İşçi qruplarının üzvüdür.
2005-ci ildən ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, 2013-2016-cı illərdə bu qurumun Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini olmuş, 2016-cı ildən ATƏT PA-nın vitse-prezidentidir. 2017-ci ildə Qırğızıstan Respublikasında keçirilən prezident seçkilərində ATƏT-in Seçki Müşahidə Missiyasının xüsusi koordinatoru olmuş, 2017-ci ildə ATƏT PA-nın "İpək Yoluna Dəstək Qrupu”nun (Silk Road Support Group of the OSCE PA, SRG) Sədri seçilmişdir. 2020-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəridir. ATƏT çərçivəsində 15-dən artıq ölkədə keçirilən seçkilərdə müşahidəçi olmuşdur. Siyasi elmlər üzrə fəlsəfə doktorudur.

“Könüllü fəaliyyət” haqqında Azərbaycan Respublikasının Qanunu (2009) və “İctimai iştirakçılıq” haqqında Azərbaycan Respublikasının Qanununun (2013) müəlifidir.

“ATƏT Regionunda Vətəndaş Cəmiyyəti İnstitutlarının Gücləndirilməsi” (2013), “ATƏT Regionunda Mədəni Mülkiyyətin Qorunması” (2014), “ATƏT Ərazisində Dövlətlərarası Münasibətlərdə Helsinki Prinsiplərinə Bağlılıq” (2015) və “Nəqliyyat şəbəkələrinin və dəhlizlərin inkişafı yolu ilə, o cümlədən qədim İpək Yolunun dirçəldilməsi vasitəsilə ATƏT regionunda qarşılıqlı əlaqəliliyin artırılması” (2018) beynəlxalq qətnamələrin müəlifidir.

Azay Quliyev 1999-cu ildən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurasının, 2001-ci ildən Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının, 2005-ci ildən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının vəİnsan hüquqları məsələləri üzrə birgə işçi qrupun, 2013-cü ildən Azərbaycan Respublikasının Avropaya İnteqrasiya üzrə Dövlət Komissiyasının üzvüdür. 2019-cu ildən Azərbaycan-Almaniya, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-İspaniya və Azərbaycan-İtaliya Parlamentlərarası İşçi qruplarının üzvüdür.

1993-1998-ci illərdə "Elitar" Gənclər Klubunun və "Azərbaycan Gənclərinin Sülh və Təhlükəsizlik İttifaqı" İctimai Birliyinin sədri, 1998-1999-cu illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri olmuş, 1999-2008-ci illərdə Azərbaycan Milli QHT Forumunun prezidenti vəzifəsində çalışmış, 2012-ci ildən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Ölkələri QHT-lərinin Forumunun prezidentidir. Beynəlxalq Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin sədridir.

İngilis, rus və türk dillərini bilir.
Ailəlidir, üç övladı var.

Keçidlər