Şriftin ölçüsü :

Saytın rəngi :

Salayev Elşən Fuad oğlu

Soyad: Salayev
Ad: Elşən
Ata adı: Fuad
Doğum tarixi: 08.06.1998
Şəhid olub: 11.10.2020
Rütbə: əsgər
Təltifləri:

Elşən Fuad oğlu Salayev Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi.

Salayev Elşən Fuad oğlu 8 iyun 1998-ci ildə Bakı şəhərində anadan olub.

Salayev Elşən Fuad oğlu 2015-ci ildə 264 nömrəli məktəb-liseyin XI sinfini bitirmiş, elə həmin il 617 balla Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Tarix (ingilis bölməsi) ixtisasına qəbul olub. Universitet illərində o istər respublika, istərsə də beynəlxalq səviyyəli tədbirlədə iştirak edərək aktiv tələbəlik həyatı keçirmişdir. Universitet həyatının ikinci ilində Elşən “Erasmus +” proqramı ilə Türkiyənin Cümhuriyyət Universitetində yarımillik bir müddətdə təhsilini davam etdirmişdir.

2017-2018-ci illərdə Elşən Salayev 2013-cü ildə yaradılan Oxford Universitetinin Nizami Gəncəvi mərkəzinin mühüm elmi təşəbbüslərdən biri olan “Bərdə arxeoloji tədqiqatları” layihəsində iştirak etmişdir. Elşən, bu illər ərzində qazıntıların Torpaqqala və Qaratəpə areallarında iştirak etmişdir.

Mükəmməl rus və ingilis dillərini bilən Elşənin vətən sevgisi onun təhsil sevgisindən üstün idi. Buna görə də İrlandiyanın bir neçə universitetindən magistratura təhsili üçün təqaüd qazanmasına baxmayaraq o əsgər getməyi özünə borc bildi.

Elşən Salayev 2019-cu ildə ali məktəbi bitirmişdir. 2020-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağrılmışdır. Hərbiyə böyük marağı olmuşdur. Tərtərdəki N saylı hərbi hissədə vətənə xidmətini davam etdirirdi. Vətən Müharibəsinin başlaması ilə vətənin müdafiəsi üçün döyüşlərə qatılmışdır. Tərtər rayonunun Talış kəndi istiqamətində olan ağır döyüşlərdə iştirak etmişdir. 15 oktyabr tarixindən sonra Elşəndən heç bir xəbər alına bilmirdi. Təxminən 1 ay sonra acı xəbər gəldi. Elşən Salayev Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuşdur. 18 noyabr tarixində Bakı şəhərində son mənzilə yola salınmışdır. Elşən, Azərbaycanın tarixini onun keçmişini öyrənərək gələcəyi üçün faydalı gənc olmaq istəyirdi, ancaq onun xəyalları, planları yarımçıq qaldı.

Elşən Salayev Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda” medalı ilə təltif olunub.

memorial.az/az/qehremanlarimiz/1688

Keçidlər