Şriftin ölçüsü :

Saytın rəngi :

Qasımov Şəhriyar Vəzir oğlu

Soyad: Qasımov
Ad: Şəhriyar
Ata adı: Vəzir
Doğum tarixi: 07.11.1995
Şəhid olub: 25.10.2020
Rütbə: Kiçik çavuş
Təltifləri:

 

Bütün sevgilərin ən ucası, ən alisi Vətən sevgisidir. Vətən doğulub üzərində yaşadığımız torpaq parçasıdır. Bu torpaq sıradan deyil, o minillərdir uğrunda canını fəda edənlərin qanı ilə yoğrulub, sevgi qoxur hər dənəsi... İnsan üçün Vətəninə layiqli yaşamaq şərəf, ölmək isə borc olur bəzən. Bu gün üzərində yaşadığımız cənnət yurdumuz şəhid və qazilərimizin qəhrəmanlıqları sayəsində  bizlərə əmanət, gələcəyə mirasdır. Bir azdan haqqında bəhs edəcəyimiz 25 yaşlı gənc də ömrünün ən gözəl çağlarını Vətənimizin bütövlüyü uğrunda qurban verənlərdəndir.

Qasımov Şəhriyar Vəzir oğlu 7 noyabr 1995-ci ildə Bərdə rayonunun Hüseynbəyli kəndində anadan olub. Özündən böyük bir bacısı var. O, 2013-cü ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanır. Ağlı kəsəndən Vətənə sevgisi ilə seçilən qəhrəmanımız hərbi xidmətdə olarkən kiçik çavuş rütbəsi də alır. Xidməti başa vurduqdan sonra – 2015-ci ildə Azərbaycan Respublikası Yüksək Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Binəqədi rayonu filialında çalışmağa başlayır. 2020-ci ildə isə təhsilini davam etdirmək üçün Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinə daxil olur.

Uşaqlıqdan ailəsinə “Mən əsgər olacağam”, “Şəhid olacağam” kimi cümlələr quran qəhrəmanımız 2020-ci ildə Qarabağ üçün, birliyimiz və azadlığımız naminə könüllü səfərbər olan yüzlərlə gəncdən biri idi. O, qismən səfərbərlik elan edilməmişdən öncə Nərimanov Rayon Hərbi Komissarlığında qeydiyyatdan keçir. Ardınca isə müharibənin ilk günlərində - 29 sentyabrda cəbhəyə yollanır.
Şəhriyar Qasımov Cəbrayıl, Zəngilan, Qubadlı və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. 26 oktyabr 2020-ci ildə isə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Qasımov Şəhriyar ölümündən sonra "Vətən uğrunda", “Xocəvəndin azad olunmasına görə”“Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.

memorial.az/az/qehremanlarimiz/553

Keçidlər