Şriftin ölçüsü :

Saytın rəngi :

Rüstəmov Vüsal Valeh oğlu

Soyad: Rüstəmov
Ad: Vüsal
Ata adı: Valeh
Doğum tarixi: 12.03.1993
Şəhid olub: 10.11.2020
Rütbə: Gizir
Təltifləri:

 

Rüstəmov Vüsal Valeh oğlu 12 mart 1993-cü ildə Cəbrayıl rayonunun Alıkeyxalı kəndində anadan olub. Məcburi köçkün düşdükdən sonra ailəsi əvvəlcə Şirvan şəhərində, 1995-ci ildən isə Yasamal rayonunda məskunlaşıb. 2010-cu ildə Yasamal rayon 53 saylı tam orta məktəbin məzunu olmuşdur. 2011-ci ilin aprel ayından 2013-cü ilin oktyabr ayınadək həqiqi hərbi xidmət keçmişdir. Hərbi xidmətini başa vurduqdan sonra bir müddət Binəqədi neft şirkətinin mühafizə xidmətində çalışmışdır.

Cəbrayıl rayonu işğal olunduğu zaman Vüsal 6 aylıq körpə idi. O, doğma el-obasını görməsə də, ailəsindən eşitdikləri onda vətənə çox böyük məhəbbət yaratdığından yenidən ordu sıralarına qatılmaq qərarına gəlir. 2019-cu ildə Azərbaycan Respublikasının quru qoşunlarında gizirlik kursunu bitirərək, N saylı hərbi hissənin tağım komandiri vəzifəsinə təyinat alır. Daha sonra xidmətini Goranboy, Mingəçevir rayonlarında yerləşən hərbi hissələrdə davam etdirir.

27 Sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində Füzuli, Qubadlı, Zəngilan rayonlarının işğaldan azad edilməsində böyük şücaət göstərmişdir. 10 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Binəqədi rayonu Xocəsən qəsəbəsində yerləşən Sulutəpə məzarlığında dəfn olunmuşdur. Subay idi.

Şəhidin anası Aidə Haqverdiyeva oğlu ilə fəxr etdiyini deyir: “Füzuli, Cəbrayıl alınanda zəng elədi. Dedi, atama de ki, torpağını azad etmişəm. Gəlib aparacağam sizi torpağınıza, özümə də çadır toyu edəcəyəm. Oğlumla fəxr edirəm. O, 28 illik məcburi köçkün həyatımıza son qoydu. O qədər cəsarətli oğlan idi, vətənpərvər idi. Deyirdi ki, mən torpağımı görməmişəm, amma mən gedib alacağam o torpağı, şəhid olacağam, şəhidlik böyük zirvədir”.

Vüsal Rüstəmov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

memorial.az/az/qehremanlarimiz/505

Keçidlər