Şriftin ölçüsü :

Saytın rəngi :

İbrahimov Məhərrəm Əli oğlu

Soyad: İbrahimov
Ad: Məhərrəm
Ata adı: Əli
Doğum tarixi: 16.04.1982
Şəhid olub: 04.06.2021
Rütbə: jurnalist
Təltifləri

 

 

Məhərrəm İbrahimov (Əlioğlu) həyatsevər və nikbin insan, peşəsinə qəlbən bağlı, vətənpərvər jurnalist idi. O, 44 günlük Vətən müharibəsinin ilk günündən cəbhə xəttinə yollanaraq hərbi əməliyyatların gedişini işıqlandırır, Ermənistanın müharibə cinayətləri, mülki insanları hədəfə alması barədə birbaşa hadisə yerindən xəbərlər, reportajlar hazırlayıb göndərirdi. Ümumiyyətlə, peşəkar jurnalist olaraq daim qaynar nöqtələrə, hadisələrin mərkəzində olmağa can atırdı.

Müharibə başlayandan qurtarana qədər, hətta bu acı xəbəri eşitdiyimiz günədək onunla görüşüb, doyunca söhbət edə bilmədik. Sorağı işğaldan azad edilmiş ərazilərdən - Füzulidən, Cəbrayıldan, Ağdamdan, Qubadlıdan gəlirdi. Hər dəfə ayaqüstü söhbətlərimizdə “tezliklə gələcəyəm, görüşərik” deyirdi. Qarabağa tələsirdi, erməni vandallarının viran qoyduğu qədim yurd yerlərimizi jurnalist həmkarları ilə birlikdə kəndbəkənd gəzib dağıntıları lentə alır, yazıya köçürürdü ki, bu dəhşətlərdən gələcək nəsillər də xəbər tutsun. Müharibədən sonra da hərbi formanı əynindən çıxarmayan AZƏRTAC-ın peşəkar müxbiri Məhərrəm Əlioğlu və Azərbaycan Televiziyasının operatoru Sirac Abışov beləcə şəhadətə ucaldılar. Tarix yazan həmkarlarımız erməni məkrinin qurbanı oldular.

Məhərrəm Əli oğlu İbrahimov 1982-ci il aprelin 16-da Ermənistanın Krasnoselo rayonunun Ardanış kəndində anadan olub. 1989-cu ildə Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində 100 saylı orta məktəbin birinci sinfinə gedib. 1999-cu ildə orta məktəbi bitirərək Ali İctimai-Siyasi Kollecin jurnalistika fakültəsinə daxil olub. 2003-cü ildə ali məktəbi bitirib və həqiqi hərbi xidmətə yollanıb. 2004-cü il iyulun 15-də həqiqi hərbi xidmətini Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında başa vurub.

2004-cü il sentyabrın 1-dən AZƏRTAC-da müxbir, 2007-ci il yanvarın 16-dan aparıcı müxbir vəzifəsində çalışıb.

AZƏRTAC-da işlədiyi bu illər ərzində Məhərrəm Əlioğlu bir əsgər ömrü yaşayıb. Ən qaynar nöqtələrdən ən operativ xəbərləri çatdıranlardan biri məhz Məhərrəm olub. Qarşıda böyük planları, arzuları vardı... Təəssüf ki, düşmən minası onun da arzularını yarıda qoydu.

Məhərrəm Əlioğlu qələm adamı, peşəkar jurnalist olmaqla yanaşı, həm də vəfalı, sadiq dost idi. Çətinə düşənlərə imkanı daxilində kömək əli uzadar, həmkarlarının xoş günlərinin sevincini ürəkdən bölüşərdi. Cavan olmasına baxmayaraq, təmkinli davranışı, ünsiyyət yaratmaq qabiliyyəti ilə insanların qəlbinə tez yol tapırdı.

Məhərrəm İbrahimov 2021-ci il iyunun 4-də işğaldan azad olunmuş ərazilərin çəkilişinə yollanan zaman Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb həlak olmuşdur.

İki oğul atası idi Məhərrəm. Övladları – 7 yaşlı Uğur və 5 yaşlı Toğrul yadigar qalıb.

Prezident İlham Əliyev iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş İbrahimov Məhərrəm Əli oğlunu "3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

president.az/articles/52099

report.az/media-xeber/sehid-jurnalist-meherrem-ibrahimov-ve-sirac-abisov-teltif-olunub/

www.azerbaijan-news.az/posts/detail/azertac-pesekar-emekdasi-meherrem-elioglu-ile-vidalasir-1622817316

Keçidlər