Şriftin ölçüsü :

Saytın rəngi :

Ağayev Həmdəm Mayıl oğlu

Soyad: Ağayev
Ad: Həmdəm
Ata adı: Mayıl
Doğum tarixi: 09.09.1975
Şəhid olub: 09.10.2020
Rütbə: Polkovnik-leytenant
Təltifləri:

Ağayev Həmdəm Mayıl oğlu 1975-ci il sentyabrın 9-da Ağdam rayonunun Sırxavənd kəndində anadan olub. Ailəli idi. Bir oğul və bir qız atası idi.

Həmdəm Ağayev 1993-1994-cü illərdə - hələ 18 yaşında olarkən könüllü olaraq Birinci Qarabağ müharibəsində Ağdərə rayonunun müdafiəsi uğrunda döyüşlərdə iştirak edib. 1994-cü ilin mayında müharibənin bitməsindən sonra Həzi Aslanov adına Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olan Həmdəm Ağayev, 1999-cu ildə ali hərbi təhsilini bitirdi və Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başladı.

Həmdəm Ağayev 2000-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan MR ərazisində yerləşən hərbi hissəsində leytenant hərbi rütbəsində xidmətə başladı. O, 2003-cü ildə baş leytenant, 2004-cü ildə kapitan, 2006-cı ildə mayor, 2012-ci ildə isə polkovnik-leytenant hərbi rütbəsi aldı. Həmdəm Ağayev Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2010-cu il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi. 2010-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin 4-cü Ordu Korpusunda xidmət edən Həmdəm Ağayev, 2017-2018-ci illərdə Qusar şəhərində yerləşən "N" saylı hərbi hissənin komandir müavini - qərargah rəisi vəzifəsində xidmət eləyib. Həmdəm Ağayev 2018-ci ildən 4-cü Ordu Korpusunun qərargah rəisi vəzifəsində xidmət edirdi.

Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Həmdəm Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərin fəal iştirakçısı olub.

Həmdəm Ağayev oktyabrın 9-da Füzulinin azad edilməsi uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə ucalıb. II Şəhidlər Xiyabanında dəfn olunub.

Xidməti müddətində Ağayev Həmdəm "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı, "İgidliyə görə" medalı, Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı,"Hərbi xidmətlərə görə" yubiley medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medal," Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı, "Azərbaycan Silahlı Qüvvələri Veteranı" medalı, həmçinin, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatları və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni", "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Binəqədi rayonunda şəhidimizin adına küçə verilmişdir.

memorial.az/az/qehremanlarimiz/1426

Keçidlər