Şriftin ölçüsü :

Saytın rəngi :

Hümbət Hümbətovdan, Bakı şəhəri Binəqədi rayonu, 17 oktyabr 2020-ci il

 
Möhtərəm cənab Prezident
 
Mən 1991-ci ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirmişəm. 1992-ci ildən 2005-ci ilədək Müdafiə Nazirliyinin hərbi hissələrində həkim kimi çalışmış, əsgər və zabitlərin sağalmasında xidmət göstərmişəm. 2011-ci ildə ailə münaqişəsi zəminində şərəfimi qorumaq üçün etdiyim cinayət əməlinə görə hazırda məhkumluq həyatı yaşayıram. Cəza çəkdiyim müəssisədə belə hərbi həkimlik təcrübəmdən istifadə edərək məhkumların tibbi ehtiyaclarının ödənilməsində iştirak edirəm.
 
Cənab Ali Baş Komandan, 27 sentyabr 2020-ci il tarixindən cəbhədə baş verənləri yaxından izləyirəm, düşmənlərin dinc əhaliyə qarşı hərbi təxribatları məni dərindən kədərləndirir. Buna görə də Sizin rəhbərliyinizlə cəbhə bölgəsində aparılan əks-hücum əməliyyatlarını böyük qürur hissi ilə dəstəkləyirəm. Belə bir zamanda mən də öz təcrübəmi, bilik və bacarıqlarımı Vətən uğrunda istifadə etmək, yaralı əsgər və zabitlərimizə kömək göstərmək istərdim. Təəssüf ki, məhkumluğum bu arzumun həyata keçməsinə mane olur.
 
Hörmətli Prezident, əgər şərait yaradılarsa, bir hərbi həkim kimi cəbhə bölgəsində gedən döyüşlərdə iştirak edərək, öz peşə borcumu yerinə yetirməyə hər an hazır olduğumu nəzərinizə çatdırmaq istərdim.
 
Hörmətlə,
 
Hümbət Hümbətov
 
Məhkum
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər