Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon gəncləri “Təmiz Şəhər” ASC-də ekskursiyada oldular

05 avqust 2014 | 10:00

Avqustun 5-də Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi Rayon Təşkilatı və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa oyunlarına hazırlıq məqsədilə “Təmiz Binəqədi” layihəsi çərçivəsində bir qrup gəncin “Təmiz Şəhər” ASC-yə ekskursiyası təşkil olunub.
Ekskursiyada YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, aparat rəhbəri Qabil Qafarov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 1 və 2 saylı sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, rayon bələdiyyələrinin təmizlik işlərinin həyata keçirilməsinə məsul şəxsləri və ərazi ilk partiya təşkilatlarından olan fəal gənclər iştirak ediblər.
Ekskursiya iştirakçıları əvvəlcə “Təmiz Şəhər” ASC də oldular. Qonaqlara “Təmiz Şəhər” ASC haqqında ətraflı məlumat verildi. Bildirildi ki, “Təmiz Şəhər” ASC 12 mart 2009-cu ildə dövlət qeydiyyatına alınıb və dövlət müəssisəsi olmaqla öz təsərrüfat fəaliyyətini müstəqil qurub. Onun ümumi idarəetmə və fəaliyyətinə nəzarət səlahiyyətləri İqtisadiyyat və Sənaye Naziriliyi tərəfindən formalaşdırılan Müşahidə Şurası tərəfindən həyata keçirilir.
Sonra qonaqlara  Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodu haqda ətraflı məlumat verildi, məişət tullantılarının çeşidlənməsi prosesi və bu prosesin kompyuterləşmiş idarəetmə forması əyani şəkildə göstərildi. Qeyd edildi ki, zavod alman texnologiyası əsasında çalışır və illik qəbul gücü 200 min ton tullantı təşkil edir.
Qonaqlara  eyni zamanda  Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər” ASC tərəfindən pilot layihə kimi Qala qəsəbəsində “Təmiz Qala” layihəsinin icrası haqda da məlumat verildi.
Daha sonra ekskursiya iştirakçıları Bakı Bərk Məişət Tullantılarının Yandırılması zavoduna oldular. Qonaqlara zavodun inzibati idarəçilik və məişət tullantılarının yandırılması prosesinin getdiyi hissəsi haqqında məlumat verildi. Bildirildi ki, Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” çərçivəsində tullantıların yandırılması zavodunun yaranması qərara alınıb. Zavodun tikintisinə Fransanın CNİM şirkəti və Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən 2009-cu ildə başlanılıb və tikinti işləri 2012-ci ildə bitib. Zavodun təməlatma mərasimi Prezident İlham Əliyevin iştirakı ilə baş tutub. 2013-cü ildə zavod sınaq rejimində işləyib. 2014-cü ilin yanvar ayından isə zavod  tam gücü ilə çalışır. Ekskursiya iştirakçılarına zavodun tikinitisi prosesini əks etdirən video  nümayiş etdirildi.
Sonda zavodun nümayəndələri tərəfindən ekskursiya iştirakçılarının sualları cavablandırıldı.

Keçidlər