Şriftin ölçüsü :

Saytın rəngi :

Cənnətdəki ilk doğum günün mübarək! Bu gün İkinci Qarabağ müharibəsinin şəhidi Hüseynov Ramin Qüdrət oğlunun doğum günüdür.

10 avqust 2021 | 11:00

44 günlük Vətən müharibəsində şəhid əsgər və zabitlərmiz adlarını ən yeni tarixə qızıl hərflərlə yazdılar. Bu gün Vətən torpaqları tam olsun deyə Şəhidlik adlı zirvəni bir göz qırpımında fəth edən igid oğullarımızdan biri Ramin Hüseynovun doğum günüdür!

Cənnətdəki ilk doğum günün mübarək, nur üzlü Şəhidimiz!

Şəhid Ramin Qüdrət oğlu Hüseynov 8 sentyabr 1993-cü ildə Ağsu rayonunun Çaparlı kəndində dünyaya göz açmışdı. 2001-ci ildə Çaparlı kənd orta məktəbinin birinci sinfinə daxil olmuş, 2002-ci ildə ailəsi Bakı şəhəri, Binəqədi rayonunun Biləcəri qəsəbəsinə köçdüyünə görə təhsilini Qamət Abbasov adına 284 saylı tam orta məktəbdə davam etdirmişdi.

2002-ci ilin oktyabr ayında hərbi xidmətə getmiş və 2013-cü ilin aprel ayında Vətən qarşısında borcunu şərəflə yerinə yetirib evlərinə qayıtmışdı.
Onun böyük qardaşı Röyal Hüseynov hərbiçi idi. Hərbçi peşəsi onu da özünə çəkmişdi. Ramin Hüseynov 2014-cü ilin yanvar ayında gizirlik məktəbinə daxil olub, hərbi biliklərə tam yiyələndikdən sonra Beyləqan rayon "N" saylı hərbi hissədə rabitə taborunun komandir müavini vəzifəsində xidmətə başlamışdı. 2016-cı il aprelin 2-dən başlayaraq Ermənistanın hərbi hissələri Azərbaycan Silahlı Qüvvələrinin döyüş mövqelərini bütün cəbhə boyu iri çaplı silahlar və artilleriya qurğularından intensiv atəşə tutaraq qoşunların təmas xəttində təxribat törətdilər. Cəbhəyanı bölgəyə yaxın olan yaşayış məntəqələri və məcburi köçkün qəsəbələri atəşə məruz qaldı. Azərbaycan Silahlı Qüvvələrinin qısa müddətdə həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Füzuli rayonu istiqamətində yerləşən "Lələtəpə" adlandırılan yüksəklik ələ keçirilmiş, düşmənə məxsus 6 tank, 15-ə dək artilleriya qurğusu məhv edilmiş, həmçinin onlarca hərbi qulluqçu öldürülmüşdür. Bu döyüşlərdə Ramin fəal iştirak etmişdi.

12 iyul 2020-ci ildə Tovuz istiqamətində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücum edirlər. Əsgər və zabitlərimizin həyata keçirdiyi əks tədbirlər nəticəsində düşmənin xeyli hərbi texnikası və canlı qüvvəsi məhv edilir, təxribatın qarşısı alınır.

Gizir Ramin Hüseynov və gizir Röyal Hüseynov qardaşları öz taborları ilə hər iki döyüşdə iştrak etmiş və göstərdikləri hünərə görə "Fəxri Fərman"la təltif olunmuşlar.

27 Sentyabr 2020-ci ildə Ramin kimi Vətən müharibəsinə qoşulur. Gizir Ramin Hüseynov oktyabrın 8-də Füzuli şəhərinin düşməndən azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. O, Ağsu rayonunun Çaparlı kənd qəbristanlığında dəfn olunmuşdur.

Ramin Vətən uğrunda şəhid olsa da, qardaşı gizir Röyal Hüseynov torpaqlarımızın erməni quldurlarının tapdağından azad olunmasında qəhrəmanlıq göstərir və bu gün də hərbi xidmətini uğurla davam etdirir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə gizir Ramin Qüdrət oğlu Hüseynov Azərbaycan Respublikasının ərazi bötövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə (ölümündən sonra)"Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Ölkə başçısının 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə şəhidin qardaşı gizir Röyal Qüdrət oğlu Hüseynov Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etdirdiyinə görə "Döyüşdə fərqlənməyə görə", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Şəhid Ramin Hüseynovun anası: “Ramin balaca vaxtından çox dəcəl uşaq idi. Həmişə övladlarımdan seçilirdi. Çox cəld idi, nə desəydim, gülürdü. Raminə sual verirdim ki, böyüyəndə nə olacaqsan? Deyirdi ki: “Polis”. Soruşurdum ki, “nə üçün polis”? Deyirdi: “Polis heç kəsdən qorxmur!” Çox qorxmaz uşaq idi. Məktəbə gedəndə, yol gedəndə tez-tez gedirdi, tələsirdi. Mən nə bilərdim ki, bu tələsmələr mənə nə göstərəcək. Məktəbdə müəllimləri ilə tez dil tapırdı. Dərslərini yaxşı oxuyurdu. Haqqında nə desəm, nə qədər yazsam, azdı. Ramin uşaqla, uşaq, böyüklə, böyük idi. Böyüklərə qarşı hər zaman sonsuz hörməti var idi. Əsgər gedən zaman qohum və dostlarını dəvət edib qonaqlıq verdik. O, qonaqlıqda dayanmadan oynadı, oynamaqdan doymurdu sanki. Əsgərlikdən qayıdandan sonra heç bir işə həvəsi yox idi. Ancaq hərbiyə qayıdacağını deyirdi, tək həvəsi hərbiyə idi. Bir il çalışdım, onun fikrini yayındıra bilmədim. 6 aylıq kursdan sonra hərbiyə getdi. Bir il hərbi qulluqdan sonra yaxşı işlədiyinə görə Raminə gizirlik rütbəsi verildi. Böyük oğlum Röyal hərbiçi idi. Ramin də əsgərlikdən gələndən sonra dedi ki, mən də hərbçi olacağam. O, gizirlik məktəbini bitirib Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətə başladı. Bir ildən sonra şəklini böyütdürüb evimizə gətirdi və dedi ki, mən şəhid olacağam. Mən ağladım.

Vətən müharibəsi başlayanda halım pis oldu. Hər iki övladım üçün narahat idim amma ən çox Ramin üçün. Onun sözləri heç qulağımdan getmirdi : "Mən şəhid olacağam. 07 oktyabr gecəsi yuxuda Ramini gördüm. Dağ başında idim və üzümü hara çevirsəm, hara dönsəm hər yərdə Ramin idi. Yuxudan öz səsimlə oyandım. 8 oktabrda özümə yer tapa bilmirdim. Axşama yaxın şəhid olduğu xəbəri gələndə var gücümlə qışqırdım. Övladıma toy edə bilmədim, xoş gününü görə bilmədim. Arzu etmişdim, arzuma çata bilmədim, ancaq övladım arzusuna çatmışdı.

Ramin Füzuli şəhərini azad edərkən qəhrəmancasına şəhid oldu, qardaşı Röyal isə döyüşlərdə sona qədər iştirak etdi. Mən bir ana kimi fəxr edirəm ki, iki oğlum Vətən müharibəsində iştirak edib. Ramin şəhid olsa da, qardaşı Röyal əsgər və zabitlərimizlə addım-addım irəliləyərək, torpaqlarımızı azad edib. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev hər iki oğlumun göstərdiyi şücaəti yüksək qiymətləndirib. Ramin uşaqlıqdan ailəsinə, Vətəninə bağlı olub. Onu evləndirmək istəyirdim. Deyirdi ki, Qarabağ alınmayınca evlənmərəm. Həmişə evə gələndə mənə və bacısına hədiyyələr alardı. Ramin böyük oğlumun toyunda mənimlə çox oynadı. Həmin gün çox sevindim. Raminə dedim: Sənin üçün də olsun. O, üzumə baxıb güldü. Kaş ki, arzularım yarımçıq qalmayaydı. Bu ana üçün çox çətindir. Onun yoxluğu ilə hələ barışa bilmirəm. Elə bilirəm ki, gələcək. Şəhidimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı arzulayıram.”

Hüseynov Raminin bacısı Aynur Hüseynova: “Bütün ağrılar, acılar keçər, bu acı hər zaman təzə qalacaq. Məsafələrcə uzaqda can dediyin insan bu gün torpağın altında yatır. Ramin haqqında keçmiş zamanda danışmaq çox çətindir. Yeni ildə gözüm qapıda qalmışdı. Bir zəng, bir mesaj. Çünki hər zaman ilk o yazardı. “Hədiyyəni göndərmişəm, bir az olar çatacaq, canım ablam” - həmişə belə deyirdi. 22 illik ömrünün sonunu qəhrəmancasına şəhid kimi başa vurdun. Hər zaman qəlbimizdə üzü gülər və zarafatcıl olaraq qalacaqsan.”

Ramin Hüseynovun əkiz qardaşı Hüseynov Radim: “Gecə səhərə kimi dərdləşərdik. Ramin mənim dərd ortağım, sirdaşım hər şeyi bölüşdüyüm tək insan idi. Oktyabrın 7-si mənimlə danışdı. Dedi: “Haqqını halal et, özünü qoru”- dedi. Arzuları, xəyalları var idi. Bəzən yuxularıma gəlir. Getməməsi üçün yalvarıram, oyandıqda başa düşürəm ki, Ramin kimisi bir daha gəlməz bu dünyaya. Gözlərim hər zaman onu axtaracaq.”

Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə, RİH başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, İcra Hakimiyyəti Başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Namil Məmmədov, Biləcəri Bələdiyyəsinin sədri Etibar Cabbarov, şəhidimiz gizir Ramin Hüseynovun doğum günü münasibətilə ailəsini ziyarət etdilər.

Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!

Keçidlər