Şriftin ölçüsü :

Saytın rəngi :

Son illər Azərbaycana avtomobil idxalı benzinə və dizel yanacağına tələbatı yüksəldib

08 yanvar 2021 | 11:00

Son illər Azərbaycana avtomobil idxalı benzinə və dizel yanacağına tələbatı yüksəldib

Son günlər ölkəmizdə sosial şəbəkələrdə ən çox müzakirələrə səbəb olan mövzulardan biri də dizel və “Aİ-92” markalı yanacağın qiymətində edilən artımla bağlı oldu. Təəssüflər olsun ki, bir çox hallarda mövzunu dərindən təhlil etmədən müəyyən fikirlər irəli sürülür. Təbii ki, yanacağın qiymətində artım haqlı olaraq cəmiyyətdə müəyyən narahatlığa səbəb ola bilər. Bununla belə, bu artımın iqtisadi səbəblərini də araşdırmaqda fayda var. Bildiyimiz kimi, pandemiya səbəbindən 2020-ci ilin əvvəlindən dünya bazarlarında neftin qiymətlərində azalma müşahidə olunsa da, ilin sonuna yaxın “COVİD-19”-a qarşı vaksinin tapılması və əksər ölkələrdə məhdudiyyətlərin nisbətən yumşaldılması enerji qiymətlərində artıma gətirib çıxarıb. Bu, benzin, dizel yanacağın və digər neft məhsullarının qiymətinə də təsir edir.

Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2019-cu ildə dünyada benzinin orta qiyməti bir litrə görə 0,91 dollar olduğu halda, 2020-ci il dekabrın sonunda artıq 1,04 dollar (1,77 manat) təşkil edib ki, bu da il ərzində 14% artım deməkdir:
- Türkiyədə benzin qiyməti 2020-ci ilin mart ayında bir litrə görə 5,5 lirəyə düşdüyü halda, indi 7,2 lirə (1,66 manat) civarındadlr -  yəni 32%-lik artım var;
- Gürcüstanda martda 2,2 lariyə olan benzin ötən ay artıq 2,4 lari (1,25 manat) təşkil edirdi;
- Ukraynada ötən ilin noyabr-dekabr aylarında yanacağın qiyməti 4% bahalaşıb:
- Rusiyada yeni il qabağı “Aİ-95” benzininin qiyməti 7% artıb.

Ötən ilin sonundan etibarən bu tendensiya artıq Avropa da  özünü göstərməyə başlayıb. Noyabr-dekabr aylarında Avropada dizel yanacağının qiymətində 29% artım qeydə alınıb. İndi isə məlum olub ki, Almaniya vətəndaşları yeni ili yanacağın qiymətində artımla qarşılayıblar – həm benzin, həm dizelin litrinə görə almanlar 11 sent artıq xərcləməli olacaqlar. Həmçinin, ekoloji məsələlərə görə Almaniyada yeni ildən avtomobil sahiblərinin ödədiyi verginin miqdarında kəskin artım müşahidə olunur. Pandemiya dövründə özünün sosial öhdəliklərini və sərmayə planlarını yerinə yetirmək üçün Almaniya hökuməti büdcəyə bu yolla əlavə vəsait cəlb etməyi düşünür. Almaniyanın ZDF telekanalının proqnozuna görə, bu ölkədə yanacağa olan qiymətdə artım 2021-ci ildə də davam edəcək.

Sratistik göstəriciləri geniş miqyasda müqayisə etsək, təhlilini aparsaq görə bilərik ki, istər inkişaf etməkdə olan, istərsə də, inkişaf etmiş ölkələrdə bu artım özünü göstərməkdədir. İstər neft ehtiyyatları zəngin olan, istərsə də neft idxal edən ölkələrdə biz bu prosesi görürük. Neft tükənməyən, amma, çox gec bərpa olunan bit sərvətdir. Elə bir iqtisadi dövrdə yaşayırıq ki, əksər dövlətlər bunu nəzərə almaqla öz gələcək və uzunmüddətli iqtisadi siyasətini qurur.

Paralel olaraq, qeyd etməliyik ki, İqtisadiyyatda qiymət tələb-təklif göstəricilərinə əsasən formalaşan tarazlıq nöqtəsinə görə formalaşır. Tələbat çoxaldıqca istənilən məhsulun qiymətində artım müşahidə olunur. Son illərdə Azərbaycana avtomobil idxalı əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2018-ci ildə 28.876, 2019-cu ildə 47.710, 2020-ci ilin 11 ayında isə 47.841 avtomobil idxal edilib. İdxalın artmasına analoji olaraq, benzinə və dizelə tələbat da yüksəlib.

“Aİ-92” markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılması eyni zamanda aşağıdakı məqsədləri hədəfləyir:
- Həmin məhsulların keyfiyyətin yüksək avrostandartlara çatdırılması;
- Ekoloji mühitin yaxşılaşdırılması;
- Neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işlərinin davam etdirilməsi.

2022-ci ilin iyun ayınadək dizel yanacağının, 2023-cü ilin iyun ayınadək isə Aİ-92 markalı avtomobil benzininin AVRO-5 standartına tam uyğunlaşdırılması nəzərdə tutulur;

Tarif tənzimlənməsində konservativ yanaşma, enerji tariflərinin mümkün olan ən aşağı səviyyədə saxlanılması, əhalinin sosial müdafiəsi, istehsal subyektlərinin ucuz enerji ilə təmin edilməsi və s. kimi amillər nəzərə alınıb.

Dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə onların arasında qiymət fərqi azaldılıb.

Eyni zamanda, 2020-ci il bütün dünyada kifaət qədər ağır bir il kimi yadda qaldı. Bununla belə ölkəmizdə sosial layihələrin icrasında, yeni proqramların yaradılnası prosesində hansısa axsama yox əksinə yüksəliş baş verdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülməklə, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət həyata keçirilib. Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri üçün 3,5 milyard manat ayrılıb. Pandemiya ilə əlaqədar sosial dəstək tədbirləri təqribən 5 milyona yaxın vətəndaşı əhatə edib.

Məşğulluq və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 12 tədbir olmaqla, sosial dəstək tədbirləri əhalinin təqribən 5 milyon nəfərini əhatə edib. 190 manat birdəfəlik ödəmə proqramının əhatə dairəsi 3 dəfə artırılaraq 600 min şəxsi əhatə edib, aprel və may aylarında həmin şəxslərə ödəniş tam təmin edilib. Sərtləşdirilmiş karantin rejimi tətbiq olunan rayon (şəhər) üzrə 3-cü, 4-cü və 5-ci və dekabr ayında ölkə üzrə 6-cı dəfə ödəniş edilib və il ərzində bu ödəmə üçün 450 milyon manat sərf olunub, 100 min ailəyə ərzaq payı verilib. Özünüməşğulluq proqramının əhatə dairəsi genişləndirilib (12 min ailə, maliyyə yükü 70 mln. manat)

Ödənişli ictimai iş yerlərinin sayı 90 minə çatdırılıb. Ünvanlı dövlət sosial yardımı qaydaları sadələşdirilib və əhatə dairəsi genişləndirilib. Artım 14 min ailəni - 58 min ailə üzvünü əhatə edib, bu artım üçün ayrılan əlavə vəsait 8 mln. manat təşkil edib. Əlillik müddəti başa çatan şəxslərin ödəniş müddəti uzadılıb (14 min nəfərə şamil olunub, ayrılan əlavə vəsait 3 mln. manat) 65 yaşdan yuxarı 15 min tənha şəxsə və tənha əlilliyi olan şəxsə evlərində sosial xidmət göstərilib. Əhaliyə sosial ödənişlərin davamlılığı təmin edilib, bu məqsədlə Dövlət Sosial Müdafiə Fondunun ehtiyatından istifadə olunub (250 mln. manat).

Postkonflikt dövründə 2020-ci ilin dekabrında təsdiq olunmuş yeni sosial dəstək paketinə əsasən, şəhid ailələrinə və 20 yanvar şəhidlərinin ailələrinə aylıq müavinətlər 300 manatdan 500 manatadək artırılıb ki, bu da 66.7% artım deməkdir. Həmçinin, “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” üçün aylıq Prezident təqaüdü 1500 manatdan 1800 manata qaldırılıb. “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə aylıq 2 min manat veriləcəkdir. Əlillik dərəcəsinə görə verilən müavinətlər 40% artırılıb.

Düşünürəm ki, bu kimi tədqirə laiq halları da görmək və qiymətləndirmək lazımdır.

Keçid üçün:

https://www.movqe.az/news/iqtisadiyyat/178552.html

Keçidlər