Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının 2019-cu ildəki fəaliyyətinə və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi

27 fevral 2020 | 11:00
27 fevral 2020-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 2019-cu ildəki fəaliyyətinə və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.
 
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi–təşkilat məsələləri şöbəsinin 1-ci ərazi sektorunun müdiri Tağı Tağıyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, RİH başçısı Aparatının məsul işçiləri, rayonun hüquq mühafizə orqanları, icra strukturlarının rəhbərləri və rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdilər.

Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildirdilər.

Hesabat yığıncağı Prezident İlham Əliyevin ötən il rayona etdiyi səfərlər, rayonda həyata keçirilən abadlıq-quruculuq işləri, əldə olunan nailiyyətlər, Binəqədi Rayon İcra Hakimiyyətinin illik fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başladı.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev Şura iclasını açaraq, iclasın gündəliyini elan etdi.
2019-cu ildəki fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edən RİH başçısı Elxan Allahverdiyev “Nəsimi ili” kimi qeyd edilən 2019-cu ili uğurlu bir il kimi səciyyələndirərək ölkə Prezidentinin siyasi iradəsi sayəsində Azərbaycanın uğurla, sürətlə inkişaf etdiyini, qarşıya qoyulan bütün vəzifələrin icra olunduğunu, ölkəmizin hərtərəfli dinamik inkişafının təmin edildiyini bildirdi. RİH başçısı həmçinin, Binəqədi rayonunun sosial-iqtisadi həyatında da 2019-cu il ərzində görülən işlərin yekunu olaraq bir sıra nəticələrin əldə olunduğunu bildirdi.

Belə ki, sənaye sahəsində 412 mln 527 min manatlıq  məhsul  istehsal edilmiş və xidmətlər göstərilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,5 faiz daha çox sənaye məhsulu istehsal edildiyinin göstəricisidir.

2019-cu ilin yanvar-dekabr aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 85 mln 515  min manat, rabitə müəssisələri tərəfindən isə 7 mln 450 min manat həcmində xidmət göstərilmişdir. Bu isə ötən dövrlə müqayisədə nəqliyyat sektorunda 13 faiz, rabitə sektorunda isə 7,4 faiz artım deməkdir.

Hesabat dövründə istehlak bazarı dinamik inkişaf etməkdə davam etmiş və pərakəndə ticarət şəbəkəsindən rayon əhalisinə 1 mlrd 639 mln 872 min manatlıq istehlak malları satılmışdır ki, bu da  əvvəlki ilin eyni dövrünə nisbətən 1,4 faiz artım deməkdir.

Tikinti sektorunda hesabat dövründə bütün maliyyə mənbələri hesabına 54 mln 635  min manat əsas fondlar istifadəyə verilmişdir.  Binəqədi rayonunda iqtisadi və sosial sahələrin inkişafı üçün maliyyə mənbələrindən əsas kapitala 119 mln 933 min manat məbləğində vəsait yönəldilmişdir.
 
Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 44,6 faiz artaraq 742 mln 685 min manat təşkil etmişdir. 2019-cu ilin yanvar-dekabr aylarında əhaliyə göstərilən xidmətlərin 8,9 faizi dövlət müəssisələrinin payına düşmüşdür.
 
Ötən dövr ərzində Binəqədi rayonu üzrə işçilərin orta sayı 12,2 faiz artaraq 52767 nəfər olmuşdur. 2019-cu ilin yanvar-dekabr ayları ərzində, Binəqədi rayonunda 8760 yeni iş yeri açılmış, orta aylıq nominal əmək haqqı 512,1 manata çatmışdır ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 13,3 faiz artım deməkdir.
 
Hesabat dövründə işlə təmin olunmaq məqsədilə Rayon Məşğulluq Mərkəzinə 9127 nəfər vətəndaş müraciət  etmişdir ki, onlardan da 6134 nəfəri işaxtaran kimi qeydiyyata alınmış, 2998 nəfər işaxtaran vətəndaş  müxtəlif  sahələrdə  daimi  işlə  təmin olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının tapşırıq və tövsiyələrinə uyğun olaraq, son illər Binəqədi rayonu ərazisində həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində hesabat ilində rayon ərazisində 7 abad məhəllə salınmış, 141 saylı körpələr evi-uşaq bağçası Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına əsaslı təmir edilmiş, 1 peşə təhsil mərkəzi və 300 nömrəli tam orta məktəb əsaslı təmirdən sonra istifadəyə verilmişdir.

Rayonun qəsəbələrarası və məhəllədaxili yollarında, mərkəzi prospektlərdə, yaşayış binalarının fasad və dam örtüklərində, həmçinin digər infrastruktur sahələrində yenidənqurma və əsaslı təmir işləri aparılmış, bu istiqamətdə işlər davam etdirilməkdədir.

Hesabat dövrü ərzində abadlıq-quruculuq işləri ilə bərabər, milli-mənəvi dəyərlərimizin qorunub saxlanması, təbliğ etdirilməsi, tarixi hadisələrin, əlamətdar günlərin qeyd edilməsi, rayonda fəaliyyət göstərən ictimai təşkilatlar, təhsil, səhiyyə və mədəniyyət müəssisələri, siyasi partiyalar və dini qurumlarla qarşılıqlı münasibətlərin qurulması, onların fəaliyyətinin koordinasiyası prioritet istiqamətlərdən olmuşdur.

Daha sonra hesabat yığıncağında RİH başçısının müavini Aygün Əliyeva ölkədə könüllülər üçün yaradılmış şərait və əldə olunan nailliyyətlər barədə, Binəqədi qəsəbə bələdiyyəsinin sədr müavini Niyaz Niftiyev və “Akabe” MMC-nin direktoru Səməd Hacıyev hesabat məruzələri ilə çıxış etdilər. 

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi–təşkilat məsələləri şöbəsinin 1-ci ərazi sektorunun müdiri Tağı Tağıyev Azərbaycan Respublikasının 2019-cu ildəki sosial-iqtisadi inkişafının nəticələri, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə gedən hərtərəfli və sürətli tərəqqidən danışaraq çıxışlara yekun vurdu. 

Şura iclasının qərar layihəsinin oxunmasından sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən Binəqədi rayonunun sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafında fəal iştirakına görə bir qrup şəxsin mükafatlandırma mərasimi oldu.

Sonra Prezident cənab İlham Əliyevə yığıncaq iştirakçıları adından müraciət oxundu.

Yığıncağın sonunda Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev yekun nitqi ilə çıxış edərək, 2020-ci ildə də ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən layiqli və uğurlu siyasət nəticəsində nailiyyətlərin daha çox olacağını vurğuladı.
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Keçidlər