Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Binəqədi rayon təşkilatının 2018-ci ilin I yarımilliyi üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş Şura iclası keçirildi

06 iyul 2018 | 11:00

06 iyul 2018-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının 2018-ci ilin I yarımilliyi üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş Şura iclası keçirildi.
Şura iclasını giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov ilk öncə YAP İcra Katibliyinin 30 iyun 2018–ci il tarixdə İcra Katibliyinin yeni Qərargahında  YAP sədrinin müavini,İcra Katibi,Baş nazirin müavini cənab Əli Əhmədovun sədrliyi ilə keçirilən respublika müşavirəsində müzakirə olunan məsələlər, müşavirədə verilmiş tapşırıqlar barədə məlumat verərək Şura iclasının gündəliyini elan etdi. Gündəliyə əsasən bu ilin 11 aprel tarixində keçirilən Prezident seçkiləri və dövlət başçısı, YAP-ın sədri cənab İlham Əliyevin parlaq qələbəsindən bəhs etdi. Binəqədi rayonu ərazisində yerləşən seçki dairələri üzrə seçkilərin nəticələrini diqqətə çatdırdı. Bildirdi ki, seçkinin nəticələri ölkəmizdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə görülən işlərin, həyata keçirilən siyasətin xalq tərəfindən dəstəklənməsinin bariz nümunəsidir. Sədr, eyni zamanda seçkilər zamanı rayon təşkilatının fəaliyyətindən danışdı. Seçki qərargahının yaradıldığını, təbliğat-təşviqat kampaniyası çərçivəsində silsilə görüşlərin keçirildiyini və seçicilər ilə davamlı və sistemli iş aparıldığını söylədi. Daha sonra hesabat dövrü ərazində rayon təşkilatı tərəfindən keçirilən tədbirlər və layihələr haqqında ətraflı məlumat verdi. Rayon təşkilatının müvafiq Fəaliyyət Planına uyğun olaraq hesabat dövründə müxtəlif tarixi günlərə, əlamətdar hadisələrə həsr olunmuş tədbirlər keçirildiyini qeyd etdi. Eyni zamanda çıxışında müxalifət nümayəndələrinin pozucu fəaliyyətindən bəhs edərək onların ölkəmizdə görülən işlərə qarayaxmağa çalışdıqlarını, müxtəlif şəxsi ambisiyaları ucbatında dövlətimizə şər atdıqlarını söylədi. Bütün partiya üzvlərini onlara qarşı aktiv mübarizəyə, ölkəmizin haqlı mövqeyinin, eləcə də dövlət başçısı İlham Əliyevin uğurlu siyasi xəttinin təbliğ edilməsində səfərbərliyə çağırdı.
Şura iclasında çıxış edən YAP Binəqədi rayon təşkilatının baş təlimatçısı Kubra Əliyarlı rayon təşkilatının hesab dövrü ərzində mətbuat və sosial media sahəsindəki fəaliyyətinə həsr olunmuş hesabat məruzəsini təqdim etdi. Bildirdi ki, rayon təşkilatı media qurumları ilə əlaqələrinin daha da inkişaf etdirilməsi, tədbirlərinin işıqlandırılması istiqamətində fəaliyyətini uğurla davam etdirir. Həmçinin dövrümüzdə təbliğat vasitələrindən biri kimi sosial medianın həyatımızdakı artan yerini və rolunu nəzərə almaqla, informasiya-kommunikasiya vasitələrinin sürətli inkişafı və günün tələblərindən irəli gələrək öz fəaliyyətini KİV-lərlə yanaşı, sosial media vasitəsilə də üzvlərinə və cəmiyyətə çatdırır. Kubra Əliyarlı rayon təşkilatının artıq 5 ildir ki, istifadəyə verilən rəsmi internet saytı və onun fəaliyyəti barədə də danışdı. Vurğuladı ki, istər sosial mediada, istərsə də rəsmi internet saytında başlıca məqsəd ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyəti, eləcə də dövlət başçısı, YAP-ın sədri cənab İlham Əliyevin daxili və xarici siyasi kursu, YAP-ın və YAP Binəqədi rayon təşkilatının fəaliyyəti, həmçinin Binəqədi rayonunda görülən işlərin cəmiyyətə çatdırılmasından ibarətdir.
YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev çıxış edərək qeyd etdi ki, rayon təşkilatının Gənclər Birliyi tərəfindən görülən işlər və keçirilən tədbirlər haqqında danışdı. Qeyd etdi ki, dövlətimizin prioritet sahələrin inkişafına hesablanan siyasi istiqamətlərindən biri də gənclər siyasətidir. Gənclərə diqqət və qayğı hər il daha da artır və konkret nəticələrlə müşahidə olunur. YAP Binəqədi rayon təşkilatı da Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasətini əldə rəhbər tutaraq gənclərlə işin yüksək səviyyədə qurulmasını və onların hərtərəfli inkişaf etdirilməsini qarşısında duran əsas məqsədlərdə biri hesab edir. Xüsusilə gənclərin intellektual səviyyəsinin artırılması, elmə, təhsilə yiyələnmələri, peşəkar kadrlar olaraq yetişmələri, onlara vətənpərvərlik, dövlətçilik, azərbaycançılıq ideologiyasının aşılanması, milli-mənəvi dəyərlərin mənimsədilməsi, gənclərimizin dövlət və hökumət strukturlarında geniş təmsil olunmaları, ictimai-siyasi proseslərdə fəal iştirak etmələri üçün ardıcıl layihələr həyata keçirilib.
YAP Binəqədi rayon təşkilatının sədr müavini ,Binəqədi Rayon icra hakimiyyəti başçısının müavini Vüsar İsmayılov çıxış edərək bildirdi ki, YAP Binəqədi rayon təşkilatı 2018-ci ilin I yarımilliyi ərzində öz fəaliyyətini YAP-ın Nizamnamə və Proqramına, rayon təşkilatının müvafiq Fəaliyyət Planına uyğun qurub. Rayon təşkilatı daim səylə çalışıb, təşəbbüskarlıq göstərib, ümummilli lider Heydər Əliyev ideyalarının yaşadılmasında və təbliğində mühüm fəaliyyət həyata keçirib. Ölkə prezidenti cənab İlham Əliyevin uğurlu və məqsədyönlü siyasi rəhbərliyinin, ölkəmizin davamlı inkişafının və tərəqqisinin cəmiyyətə, insanlara çatdırılması, rayon təşkilatının sıralarının keyfiyyət göstəriciləri baxımından daha da genişlənməsi, partiya üzvləri arasında mövcud əlaqələrin daha da intensivləşdirilməsi və yüksək səviyyəyə çatdırılması istiqamətində yorulmadan çalışıb. Vüsar İsmayılov partiya üzvlərinin bundan sonra əzmlə çalışacaqlarını, bu uğurlu fəaliyyətin növbəti hesabat dövrlərində də davam etdiriləcəyinə əminliyini ifadə etdi. Bütün partiya üzvlərini dövlətimizin ətrafında sıx birləşməyə çağırdı.
Hesabat məruzəsi təsdiq edildikdən sonra YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov növbəti hesabat dövrü üçün müvafiq Fəaliyyət Planını haqqında danışdı və səsə qoyularaq təsdiq edildi,həmçinin müzakirə olunan digər məsələlər barədə də müvafiq qərarlar qəbul edildi
Şura iclası YAP Binəqədi rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə fərqlənən bir qrup şəxsin Fəxri Fərmanla təltif edilməsi ilə başa çatdı.

Keçidlər