Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində yeni yerüstü piyada keçidinin inşası ilə bağlı işlər davam etdirilir

29 mart 2017 | 11:00

Bakı-Şamaxı avtomobil yolunun 12.8-ci km-də, Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində yeni yerüstü piyada keçidinin inşası ilə bağlı işlər davam etdirilir.
İnşaat işləri çərçivəsində dəmir-beton özül dayaqlarının (döşəməsinin) tikintisi başa çatdırılıb, metal aşırım hissələri quraşdırılıb. Eyni zamanda hər iki tərəfdən metal pilləkənlərin da quraşdırılması işləri yekunlaşıb.
Metal aşırım hissələrinin tənzimlənməsindən və məhəccərlər quraşdırıldıqdan sonra keçidin ətrafında abadlıq və yaşıllaşdırma işlərinə başlanılacaq, keçiddə müasir işıqlandırma sistemi qurulacaq, təhlükəsizlik kameraları quraşdırılacaq.
Eyni zamanda piyada keçidinin ətrafında 2 ədəd avtobus dayanacağı qoyulacaq və ümumi hərəkətə maneə yaratmadan dayanacağa giriş-çıxışını təmin etmək üçün xüsusi “cib”li  hissələr yaradılacaq, lazımi yol nişanları quraşdırılacaq.
Sözügedən yüngül konstruksiyalı piyada keçidi 1 aşırımlı (orta dayaqsız) və üstü açıq olaraq qurulub. Layihəyə uyğun olaraq keçidin uzunluğu 50 metr təşkil edir. Pilləkən hissələri də daxil qalereyasının ümumi uzunluğu 64.75 metr, eni isə 3 metrdir. Keçidin yol səthindən hündürlüyü 5.5 metr-dir.
Aşırım və pilləkən hissəsi metal konstruksiyalı olan piyada keçidi avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazidə inşa edilib. Bununla da həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarından keçməsi, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkəti təmin olunacaq.
Piyada keçidi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin piyadaların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən inşa olunur.

Keçidlər