Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və M.Ə.Rəsulzadə bələdiyyəsinin 2016-cı ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirildi

19 yanvar 2017 | 11:00

19 yanvar 2017-ci il tarixdə M.Ə.Rəsulzadə qəsəbəsindəki 100 saylı məktəbin akt zalında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və M.Ə.Rəsulzadə bələdiyyəsinin 2016-cı ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirildi.Tədbirdən öncə qəsəbə ərazisində fəaliyyət göstərən müəssisələrin istehsal etdiyi məhsullardan ibarət sərgiyə baxış keçirildi.Hesabat tədbirində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri və məsul işçiləri, Qəsəbə Bələdiyyələri Milli Assossiasiyasının məsul işçisi Tofiq Həsənov, rayonun kommunal xidmət müəssisələrinin, qəsəbə ictimaiyyətinin nümayəndələri iştirak etdilər.Hesabat tədbirini giriş nitqi ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov qeyd etdi ki, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə və bələdiyyələrin fəaliyyəti barədə mövcud qanunvericiliyə uyğun olaraq, nümayəndəlik ilin yekunu üzrə öz fəaliyyəti haqqında Rayon İcra Hakimiyyəti başçısına, bələdiyyələr isə seçicilər qarşısında hesabat verməlidir və bu günkü tədbir hesabatların müzakirəsi üçün təşkil olunmuşdur.Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov ötən hesabat ilində ölkədə və rayonda görülən işlər barədə qısa məlumat verdi, 2017-ci ilin “İslam həmrəyliyi ili” elan olunmasının ölkəmiz və dünya üçün əhəmiyyətini vurğuladı, rayonda bu istiqamətdə müxtəlif məzmunlu tədbirlərin keçirilməsi üçün təkliflərin hazırlanmasına dair tapşırıqlarını verdi  və gündəlikdəki məsələlərin müzakirəsinə keçdi.Sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mübariz Məmmədov və M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov 2016-cı il ərzində qəsəbədə görülən işlər barəsində geniş məruzə ilə çıxış etdilər.Hesabat yığıncağında məruzələr ətrafında qəsəbə sakinləri Şahvələd İbrahimov, Yaqub Əlizadə və Əli Kazımov çıxış edərək, hər iki hesabata öz münasibətlərini bildirməklə 2017-ci ildə qarşıda duran vəzifələrin icrası ilə əlaqədər öz təklif və tövsiyələrini səsləndirdilər. Müzakirələrdə çıxış edənlər əhalini narahat edən məsələlərə, xüsusilə qəsəbənin kanalizasiya şəbəkəsində və qaz təchizatında mövcud olan nöqsanlara toxunaraq, qaldırılan məsələlərin həlli yolları barədə  fikir mübadiləsi və müzakirələr apardılar.Tədbirin yekununda çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında  və 12 yanvar 2017-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətində keçirilmiş müşavirədə səsləndirilən fikirlərə toxunaraq qeyd etdi ki, ölkədə gedən sosial-iqtisadi inkişaf  2016-cı ildə də davam etmiş və ölkə Prezidenti cənab İlham Əliyevin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 6 dekabr 2016-cı il tarixli Fərmanının və digər strateji əhəmiyyətli sənədlərin imzalanması və icrası 2017-ci ildə də Respublikamızın iqtisadiyyatının inkişafında mühüm rol oynayacaqdır.Bununla yanaşı, Rayon İcra Hakimiyyətinin başçısı hər iki qurumun fəaliyyətində mövcud olan nöqsan və çatışmazlıqlara toxunaraq qeyd etmişdir ki, qəsəbədə torpaqlardan istifadənin vəziyyəti qənaətedici deyildir. Belə ki qəsəbə ərazisində torpaqların zəbt edilməsi, qanunsuz tikinti işlərinin aparılması, tullantılarla çirkləndirilməsi və yararsız hala salınması halları qalmaqda davam edir, qanunsuz tikinti işlərinin qarşısının alınması üçün görülən tədbirlər qənaətbəxş deyildir.Bələdiyyələrin, o cümlədən M.Ə.Rəsulzadə bələdiyyəsinin fəaliyyətində, bələdiyyə vergi və rüsumlarının yığılmasında, vətəndaşları narahat edən yerli əhəmiyyətli məsələlərin həllində, sakinlərin müraciətlərinə baxılmasında nöqsanlara yol verilir.Vətəndaşların müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görülsə də, vətəndaş məmnunluğunu tam təmin etmək mümkün olmamışdır.  Yerlərdə vətəndaşların müraciətlərlə əlaqədar qarşılanması və yönləndirilməsi, onların qəbulunun təşkili, müraciətlərinə baxılması və qanunamüvafiq cavablandırılması istiqamətində işin yaxşılaşdırılmasına və təkmilləşdirilməsinə ciddi ehtiyac vardır.Əhali ilə səyyar görüşlərin keçirilməsi daha da yaxşılaşdırılmalı, daim əhali arasında olmalı, onların problemlərinə qayğı ilə yanaşılmalı və aradan qaldırılması üçün tədbirlər görülməlidir.Məişət tullantılarının yığışdırılması və daşınması, əhaliyə digər kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, şəffaflığın artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində ciddi tədbirlər görülməlidir.  Dövlət və bələdiyyə qulluğunda çalışan, məsul vəzifə tutan əməkdaşlara, onların bilik və bacarığının artırılmasına, etik davranış qaydalarına ciddi əməl olunmasına tələb artırılmalıdır.Hər bir müəssisə rəhbəri əhali və tabeçiliyində işləyən əməkdaşlarla münasibətdə öz vicdanlılığı, mədəniyyəti və işgüzarlığı ilə nümunə olmalıdır.Bütün sahələr üzrə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri daha da gücləndirilməli,onların aradan qaldırılmasına dair sistemli tədbirlər hazırlanaraq həyata keçirilməli, bələdiyyə və nümayəndəliyin fəaliyyətində şəffaflıq artırılmalıdır.Sonda hər iki müzakirə olunan məsələ barədə müvafiq qərar qəbul edilmiş və qeyd edilmişdir ki, 2016-cı ilin yekunları ilə bağlı Rayon İcra Hakimiyyəti başçısının hesabat məruzəsində bu nöqsan və çatışmazlıqlara xüsusi yer ayrılmalı, ciddi müzakirələr aparılmalı, konkret tədbirlər müəyyənləşdirilməlidir.

Keçidlər