Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası

“AZƏRBAYCAN - 2020: GƏLƏCƏYƏ BAXIŞ” İNKİŞAF KONSEPSİYASI

MÜNDƏRİCAT

1. Mövcud vəziyyət

2. Müasir çağırışlar

3 Azərbaycan – 2020: strateji baxış və əsas prioritetlər

4. Yüksək rəqabət gücünə malik iqtisadiyyata doğru

4.1. Səmərəli dövlət tənzimləməsinə və yetkin bazar münasibətlərinə əsaslanan iqtisadi modelin formalaşması

4.2. İqtisadiyyatın strukturunun təkmilləşdirilməsi, qeyri-neft sektorunun inkişafı

4.3. Elmi potensialın və innovasiya fəaliyyətinin dəstəklənməsi

5. Nəqliyyat, tranzit və logistika infrastrukturunun təkmilləşdirilməsi.

Bölgələrin tarazlı inkişafı

6. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı və informasiya cəmiyyətinə keçidin təmin olunması

7. İnsan kapitalının inkişafı və səmərəli sosial müdafiə sisteminin qurulması

7.1. Əhalinin sağlamlığı və səhiyyə sahəsində qarşıda duran başlıca vəzifələr

7.2. Müasir təhsil sisteminin formalaşdırılması

7.3. Sosial müdafiə sisteminin təkmilləşdirilməsi

7.4. Gender bərabərliyinin təmin olunması və ailənin inkişaf etdirilməsi

7.5. Gənclərin potensialının və idmanın inkişafi

8. Qanunvericiliyin təkmilləşdirilməsi və institusional potensialın gücləndirilməsi

9. Vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi

10. Mədəni irsin qorunması və səmərəli idarə edilməsi

11. Ətraf mühitin qorunması və ekologiya məsələləri

 

1. Mövcud vəziyyət

Müasir Azərbaycan öz müstəqilliyinin 20 ili ərzində mürəkkəb və eyni zamanda

şərəfli yol keçmişdir. 1990-cı illərin əvvəlində sosializm ictimai-siyasi quruluşunun dərin iflası və sovetlər birliyi kimi nəhəng bir dövlətin süqutu digər postsovet ölkələri ilə yanaşı, Azərbaycanda da siyasi xaos, iqtisadi iflic və sosial kollaps vəziyyətinin yer alması ilə nəticələnmişdi. Həmin ərəfədə ölkəmizin hərbi təcavüzə məruz qalması, erməni millətçiliyinin soyqırım və işğal siyasəti nəticəsində ölkə ərazisinin 20 faizinin işğalı, bir milyon azərbaycanlının öz yer-yurdundan didərgin düşməsi vəziyyətin ifrat dərəcədə ağırlaşmasına səbəb olmuşdu.

Ötən əsrin 90-cı illərinin ortalarından etibarən ulu öndər Heydər Əliyevin rəhbərliyi altında ölkəmiz tədricən dirçəlməyə və taleyüklü problemlərin həlli istiqamətində inamlı addımlar atmağa başladı. İlk növbədə, əldə olunmuş dövlət müstəqilliyimizin dayanıqlığı təmin edildi və ölkə daxilində siyasi sabitliyin bərqəraredilməsinə nail olundu.

Eyni zamanda, makroiqtisadi tarazlığın köklənməsi və o vaxt mövcud olan hiperinflyasiyanın qarşısının alınması istiqamətində təsirli tədbirlər həyata keçirildi, böyük əzmlə ağır yüklü sosial məsələlərin həllinə başlanıldı.

Azərbaycanın karbohidrogen ehtiyatlarının xalqın maraqlarına sərf olunmasının əsası məhz bu dövrdə “Əsrin Müqaviləsi”nin bağlanılması ilə qoyulmuş, eyni zamanda düşünülmüş şəkildə genişmiqyaslı iqtisadi islahatların həyata keçirilməsinə start verilmişdir. Sovet dönəmindən qalmış inzibati amirlik üsulidarəsinin yeni sərbəst rəqabət münasibətləri ilə əvəzlənməsi üzrə həyata keçirilən köklü institusional dəyişikliklər, bazar iqtisadi sisteminin formalaşdırılması istiqamətində məqsədyönlü siyasət tədbirləri, dövlət mülkiyyətinin özəlləşdirilməsi və yeni mülkiyyət münasibətlərinin formalaşdırılması, torpaq islahatlarının aparılması kimi vacib dəyişikliklərin özülü məhz sözügedən illərdə qoyulmuşdur.

2000 -ci illərdə ölkəmizdə aparılan genişmiqyaslı islahatların daha da dərinləşdirilməsi sürətli inkişafa əlverişli imkanlar açmaqla cəmiyyətimizin daha yüksək sosial-iqtisadi inkişaf pilləsinə yüksəlməsinə şərait yaratmışdır. Ölkədə investisiya mühitinin yaxşılaşdırılmasında mühüm addımlar atılmış, dövlət idarəçiliyi müasir meyarlara uyğun yenidən qurulmuşdur.

Təbii resursların geniş şəkildə hasilatına və ixracına nail olmaqla yeni impuls qazanan iqtisadi artım dinamikası, 2009-cu ildə qlobal iqtisadi böhran şəraitində belə Azərbaycan iqtisadiyyatında iqtisadi artımın qeydə alınması seçilmiş strateji kursun uğurla həyata keçirilməsinin təzahürüdür. Bununla bərabər, neft gəlirlərinin qeyri-neft sektoruna yönəldilməsi ilə bu sahənin inkişafında da ciddi nailiyyətlər qazanılmış, son on ildə qeyri-neft sektorunun orta illik artım tempi təxminən 11 faiz olmuşdur.

2011-ci ildə real ÜDM 2003-cü illə müqayisədə 3 dəfə artmış, 2011-ci ilin yekunlarına əsasən Azərbaycan Cənubi Qafqaz üzrə yaradılan əlavə dəyərin 70 faizdən çox hissəsinə sahib olmaqla regionun lider dövləti kimi mövqeyini gücləndirmişdir.

Son 8 ildə ölkənin strateji valyuta ehtiyatları 22 dəfədən çox artaraq 2011-ci ilin yekunlarına əsasən 41 milyard ABŞ dollarına çatmışdır ki, bu da xarici dövlət borcunu təxminən 10 dəfə üstələyir.

Bununla yanaşı, qeyri-neft sektorunda yeni istehsal sahələrinin açılması və yeni iş yerlərinin yaradılması, istehsal, nəqliyyat və kommunal infrastrukturun misli görünməmiş miqyasda inkişaf etdirilməsi, müasir sosial infrastruktur müəssisələrinin yaradılması, o cümlədən, yeni təhsil, səhiyyə, idman müəssisələrinin inşası sözügedən dövrdə bütövlükdə ölkəmizin dinamik və dayanıqlı yüksəlişinin əsasını təşkil etmişdir.

Xüsusi qeyd olunmalıdır ki, Azərbaycanda bu illər sosial problemlərin səmərəli həllində dönüşlü irəliləyişə nail olunmuş, əhalinin sosial müdafiəsi sistemi qabaqcıl beynəlxalq standartlara uyğun yenidən qurulmuşdur. Yeni pensiya sistemi fəaliyyətə başlamış, ünvanlı dövlət sosial yardımı, sosial müavinətlər sistemi təsbit olunmuş və inkişaf etdirilmişdir. Uğurlu sosial siyasət nəticəsində yoxsulluq səviyyəsi 2000-ci ildəki 49 faizdən 2011-ci ildə 7,6 faizə qədər azalmış, əməkhaqqı və pensiyalar dəfələrlə artırılmışdır.

Respublikanın iqtisadi potensialı artdıqca səhiyyənin inkişafı üçün əlverişli şərait yaranmış və əhalinin sağlamlığının qorunması problemləri ardıcıllıqla öz həllini tapmağa başlamışdır. Səhiyyəyə ayrılan büdcə vəsaiti son 10 il ərzində 10 dəfədən

çox artaraq hazırda 650 milyon manatı keçmişdir. Son 10 il ərzində böyük əksəriyyəti respublikanın bölgələrində olan 400-dən artıq tibb müəssisəsinin tikintisi və ya əsaslı təmiri həyata keçirilmiş, tibb müəssisələrinin hamısı müasir texnika və avadanlıqla təchiz edilmişdir.

Respublika əhalisinin sağlamlığının qorunmasında və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasında vacib tədbirlər həyata keçirilmişdir. Yoluxucu xəstəliklərlə mübarizə işində əhəmiyyətli nailiyyətlər qazanılmış və bu sahə praktik səhiyyənin prioritet istiqaməti kimi daim diqqət mərkəzində saxlanılmaqdadır.

Son illərdə ölkəmizin modernləşdirilməsinə istiqamətlənmiş sosial-iqtisadi siyasətlə təhsil sahəsində əhəmiyyətli nailiyyətlərin əldə olunması da bilavasitə bağlıdır. Təkcə onu demək kifayətdir ki, təhsil sahəsinə ayrılan büdcə vəsaitlərinin

ümumi həcmi 2003-cü illə müqayisədə 5 dəfədən çox artaraq 2011-ci ildə 1,5 milyard manat təşkil etmişdir. Ötən dövr ərzində ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində önəmli addımlar atılmış, nəticədə 1 milyondan artıq şagirdin təlim şəraiti yaxşılaşdırılmışdır. Təhsilin məzmunca yenilənməsinə istiqamətlənmiş islahat tədbirləri görülmüş, Azərbaycan təhsilinin Avropa təhsil məkanına inteqrasiya istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Bununla bərabər, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almalarına dair Dövlət Proqramı” çərçivəsində indiyədək 1204 nəfər Dövlət Neft Fondu hesabına maliyyələşdirilməklə xaricdə təhsil almağa göndərilmişdir.

Ümumilikdə isə, Proqram digər mənbələr və şəxsi təşəbbüslər hesabına hazırda 10700 nəfər azərbaycanlı gənc dünyanın aparıcı universitetlərində təhsil alır.

Təhsilin informasiyalaşdırılması sahəsində əhəmiyyətli nailiyyətlər əldə edilmişdir. 2004-cü ildə hər 1063 şagirdə bir kompyuter düşdüyü halda, hazırda hər 20 şagirdə bir kompyuter nisbəti təmin olunmuşdur. “Xalq kompyuteri” layihəsi çərçivəsində 10 mindən çox müəllim kompyuterlə təmin olunmuş, 1200 təhsil müəssisəsi internet şəbəkəsinə qoşulmuş, inzibati, pedaqoji və texniki heyət əhatə olunmaqla 75 min nəfər müvafiq treninqlərdən keçərək İKT bacarıqlarına yiyələnmişdir. Müxtəlif fənlər üzrə elektron tədris resursları hazırlanıb məktəblərə verilmiş, 20 məktəbdə “elektron məktəb” layihəsi həyata keçirilməyə başlanmışdır.

Ölkənin sosial-iqtisadi sahələrdə əldə olunan nailiyyətləri beynəlxalq reytinq agentliklərinin (“Fitch Ratings”, “Moody’s”, “Standard & Poor’s”) Azərbaycan iqtisadiyyatı ilə bağlı ildən-ilə yaxşılaşan qiymətləndirmələrində də öz əksini tapmışdır. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan “Doing Business” hesabatında Azərbaycan mövqeyini yaxşılaşdırmış, Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətlilik Hesabatı”nda Müstəqil Dövlətlər Birliyi və region ölkələri arasında lider mövqeyinə yüksəlmişdir.

Azərbaycan Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə “yuxarı orta gəlirli” ölkələr qrupuna1 digər MDB dövlətləri ilə müqayisədə daha tez daxil olmuşdur. Bununla yanaşı, Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf  Proqramının İnsan İnkişafı ilə bağlı 2010-cu il üzrə olan hesabatına əsasən, “orta insan inkişafı” ölkələri qrupunu tərk edərək, “yüksək insan inkişafı” ölkələri qrupuna yüksəlmişdir.

Müstəqillik illərində Azərbaycanda demokratik cəmiyyətin, şəffaf ictimai münasibətlər sisteminin formalaşdırılması dövlət siyasətinin başlıca istiqamətini təşkil etmişdir. Ölkədə siyasi plüralizm ictimai tərəqqinin zəruri əsası kimi öz yerini tutmuşdur. Hazırda ölkədə siyasi partiyaların sərbəst fəaliyyət göstərməsi üçün zəruri hüquqi və demokratik siyasi şərait mövcuddur. Azərbaycanda bu gün 55 (Ölkələr Dünya Bankının Atlas metodundan istifadə etməklə 2010-cu il üçün hesablanmış Ümumi Milli Gəlir göstəricisinə əsasən qruplaşdırılmışdır. Adambaşına düşən ÜMG-i 1005 və daha az ABŞ dolları olan ölkələr aşağı gəlirli,1006 - 3975 olan olkələr aşağı orta gəlirli, 3976 – 12275 olan ölkələr yuxarı

orta gəlirli, 12276 və daha çox olan ölkələr isə yüksək gəlirli ölkələr qrupuna aid edilir) siyasi partiya dövlət qeydiyyatından keçmişdir ki, onlardan 11-i parlamentdə təmsil olunur. Siyasi partiyalar ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edir, seçkili və digər hakimiyyət orqanlarında təmsil olunurlar. Siyasi partiyaların maddi-texniki bazasının möhkəmləndirilməsi, ölkənin siyasi sisteminin və vətəndaş cəmiyyətinin inkişafında rolunun daha da artırılması üçün əlavə imkanlar yaranmışdır.

Demokratik dəyərlərə əsaslanan yeni ictimai münasibətlər sisteminin formalaşması cəmiyyətin strukturunda mühüm dəyişikliyə səbəb olmuş, vətəndaşların ictimai-siyasi proseslərdə daha fəal rol oynamasına şərait yaratmışdır.

Hazırda ölkədə vətəndaş cəmiyyəti coşqun inkişaf dövrünü yaşayır. Azərbaycanda

insan hüquqları, təhsil, səhiyyə, mədəniyyət, iqtisadiyyat, sosial məsələlər, ekologiya, gender və digər sahələrə aid 2700-dən artıq QHT dövlət qeydiyyatından

keçmişdir və onların sayı durmadan artır. Son 10 il ərzində QHT-lərin yaradılması və onların imkanlarından səmərəli istifadə edilməsini nəzərdə tutan qanunvericilik

bazasının təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılmış, QHT-lərin maliyyə mənbələrinə çıxışı üçün zəruri hüquqi mühit təmin edilmişdir. Bununla yanaşı, bu gün Azərbaycan Respublikasında qabaqcıl dünya standartlarına uyğun

azad, plüralist mətbuat formalaşmaqdadır.

Bütün bunlar düşünülmüş və məqsədyönlü siyasətin ardıcıl olaraq həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Ölkə rəhbərliyi səviyyəsində qəbul olunan dövlət proqramları, konsepsiya və strategiya xarakterli sənədlər, onların əməli icra olunması bu siyasətin reallaşdırılması mexanizmi kimi vacib əhəmiyyət kəsb edir.

Təkcə onu demək kifayətdir ki, hazırda 60-a yaxın dövlət proqramı, strategiya və

konsepsiya fəaliyyətdədir ki, bunlar da ölkəmizin ictimai həyatının bütün sahələrinin inkişaf etdirilməsində mühüm əhəmiyyətə malikdir.

Tam əminliklə demək olar ki, Azərbaycanda artıq keçid dövrü başa çatmışdır. Sərbəst bazar münasibətlərinə və siyasi plüralizmə söykənən, öz qanunauyğunluqlarına malik yeni sosial-iqtisadi sistem bərqərar olmuşdur. Səmərəli iqtisadiyyatın fəaliyyət göstərməsi üçün zəruri infrastrukturun formalaşdırılması başa çatmaq üzrədir. Əhalinin etibarlı sosial-müdafiə sistemi qurulmuşdur və bu system hazırda da təkmilləşdirilməkdədir.

Azərbaycan Respublikasının Prezidenti öz Sərəncamı ilə “Azərbaycan –2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə tapşırıq vermişdir. Belə bir Konsepsiyanın hazırlanması zərurəti ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyması ilə bağlıdır. Əldə olunmuş nailiyyətlər imkan verir ki, Azərbaycan daha yüksək məqsədlər qoysun və bu məqsədlərdən irəli gələn vəzifələri müəyyənləşdirsin.

 

2. Müasir çağırışlar

XXI əsrin ilk onilliyində sürətlə inkişaf edən və yayılan informasiya və kommunikasiya texnologiyaları, bununla bağlı yeni təkan almış qloballaşma prosesləri ölkələrin sosial-iqtisadi həyatına ciddi şəkildə təsir etməkdədir. Bu mənada Azərbaycan istisna deyil. Qlobal, planetar xarakterli amillər ölkə həyatının demək olar ki, bütün sahələrində - iqtisadi, sosial, siyasi, humanitar-mədəni və s. sahələrdə gedən proseslərin axınına nüfuz edir. Bununla yanaşı, hər bir ölkədə olduğu kimi, Azərbaycanda da öz mənşəyinə və təsir dairəsinə görə regional (region ölkələrinə xas olan), yaxud ölkədaxili xarakter daşıyan amillər mövcuddur ki, onların da ölkənin ictimai həyatının müxtəlif sahələrinin idarə edilməsində nəzərə alınması səmərəli siyasətin formalaşdırılması baxımından vacib əhəmiyyətə malikdir.

Müasir dövrümüzün əsas amilləri (çağırışları) şərti olaraq aşağıdakı kimi qruplaşdırıla bilər.

1 . Qloballaşma şəraitində innovasiya fəaliyyətinin keyfiyyətcə yeni müstəvidə fəallaşması ilə bütün dünyada iqtisadi və təsərrüfat proseslərinin dəyişmə tempi, innovativ yeniliklərin nüsxələşdirilməsi, onların istehsal sahəsində tətbiqi misli görünməmiş şəkildə sürətlənir. Bu, əslində qloballaşmanın “müsbət yüklü” effektidir və getdikcə daha da artan sayda ölkələrin innovasiyalar sahəsindəki nailiyyətlərdən, qabaqcıl texniki standartlardan və idarəetmədə yeni metodlardan yararlanmasına imkan verir. Proqnozlara görə, yaxın və ortamüddətli gələcəkdə dünya iqtisadiyyatının artımı məhz bu amilin təsiri nəticəsində baş verəcəkdir. Növbəti illərdə dünya üzrə ticarətin istehsala nəzərən daha yüksək sürətlə artacağı, qloballaşma ilə birlikdə regional inteqrasiyaların da genişlənəcəyi gözlənilir. Beynəlxalq ticarət, rəqabət, əqli mülkiyyət və ətraf mühitlə bağlı yeni standartların

müəyyənləşəcəyi və bu istiqamətdə beynəlxalq təşkilatların rolunun güclənəcəyi ehtimal olunur. Beynəlxalq bazarlarda ixtisaslaşmaya üstünlük verən, istehsal texnologiyasını, innovasiya potensialını inkişaf etdirən və beləliklə yüksək əlavə dəyər yaradan sahələri təşviq edən ölkələrin qlobal və regional səviyyədə rəqabətə

davamlılıqlarının artacağı gözlənilir. Sənayenin innovasiyalar əsasında inkişafı elm və texnologiya potensialının gücləndirilməsi və təhsil imkanlarının genişləndirilməsi nəticəsində mümkün olacaqdır. İnkişaf etməkdə olan ölkələrin məhsuldarlığa əsaslanan iqtisadi artıma nail olmaları və müqayisəli üstünlüyü olan yeni istehsal sahələrini formalaşdırmaları zəruridir.

2 . Belə bir şəraitdə Azərbaycanın qarşısında duran əsas məsələ dünya ölkələrinin inkişaf prosesində geriliyə yol verməməkdir. Bu isə ilk növbədə iqtisadiyyatda karbohidrogen ehtiyatların ixracından mövcud asılılığı aradan qaldırmaqla orta və uzunmüddətli perspektivdə dünya iqtisadiyyatının xammal əlavəsinə və texnoloji “autsayderə” çevrilmək təhlükəsinin qarşısını almaq kimi mühüm məsələnin daim diqqət mərkəzində saxlanılmasını tələb edir. Karbohidrogen ixracı amili son onillikdə iqtisadi artımın əsas aparıcı qüvvəsi olsa da, hazırki mərhələdə qarşıda duran əsas vəzifə qeyri-neft sektorunun qabaqlayıcı inkişafına nail olmaq, iqtisadiyyatın səmərəliliyini və rəqabət qabiliyyətini artırmaq və onun innovasiya əsaslı irəliləyişini təmin etməkdir. Başqa sözlə, artıq indidən ənənəvi iqtisadiyyatdan “bilik iqtisadiyyatına” keçidin əsasları qoyulmalı, bunun üçün həlledici olan insan kapitalının adekvat inkişafı ön plana çəkilməlidir. Bu isə iqtisadi modelin formalaşdırılmasında müvafiq tələblər irəli sürməklə bərabər, təhsil sisteminin də kökündən dəyişdirilməsinə, əlavə təhsil, həyat boyu təhsil kimi təhsil komponentlərinin əhəmiyyətinin artırılmasına gətirib çıxarır, həmçinin, İKT və virtual tədrisin, kompyuter-şəbəkə biliklərinin rolunun gündə-günə genişlənən miqyasda artırılmasını nəzərdə tutur. Eyni zamanda, əsas missiyası yaradıcılığın, innovasiyaların stimullaşdırılmasına və bazarın tənzimlənməsinə dəstək olan əqli mülkiyyətin əhəmiyyəti də yüksələcəkdir.

3. Geniş imkanlarla yanaşı, böyük riskləri də bərabərində gətirən qloballaşma beynəlxalq miqyasda istehsalın, ticarətin, kapital axınlarının və əmək miqrasiyasının sərbəstləşməsi tendensiyalarını kəskin artırmışdır. Dünya ölkələrində inkişafın qeyrimüəyyən xarakteri daha da güclənmiş, dünyəvi iqtisadi dinamikanın müəyyənləşməsində həlledici rola malik güc mərkəzləri sayılan ölkələr sırasına yeniləri - Çin, Hindistan, Braziliya və s. kimi - qoşulmuşdur. Bu isə öz növbəsində iqtisadi, ticari əlaqələrə təsir edir, resursların yenidən bölüşdürülməsinə, həmçinin beynəlxalq rəqabətin güclənməsinə gətirib çıxarır.

Növbəti dövr dünya iqtisadiyyatının əsas mərkəzləri arasında tarazlığın dəyişməsi və bununla əlaqədar onun strukturca yenidən qurulması, regional iqtisadi ittifaqların rolunun güclənməsi ilə səciyyələnəcəkdir. Azərbaycan üçün bu, həm xarici iqtisadi inteqrasiya baxımından yeni imkanlar açır, həm də sosial-iqtisadi inkişafın istiqamətlərində ümumdünya kontekstini üstün tutmağı, lokal regional dairədə aparmamağı, müxtəlif iqtisadi məkanların təsərrüfat əlaqələrində və bazarlarında iştirak etməkdən yararlanmağı qarşıya qoyur. Hazırda, birbaşa xarici investisiyaların həm təyinat yeri, həm də mənbəyi kimi inkişaf etməkdə olan iqtisadiyyatların xüsusi çəkisi artmaqdadır. Postböhran dövründə yüksək gəlirli ölkələrin iqtisadi artım tempinin inkişaf etməkdə olan ölkələrdən təqribən iki dəfə aşağı olacağı proqnozlaşdırılır. Nəticədə, inkişaf etməkdə olan ölkələr qlobal iqtisadi artımın əsas lokomotivini təşkil edəcəkdir.

4 . Qloballaşmanın səciyyəvi xüsusiyyətlərindən biri də yeni texnologiyaların, innovasiyaların yayılması kimi müsbət təsirli amillə yanaşı, mənfi yüklü iqtisadi proseslərin də yayılması, bu proseslərin ümumdünya təsərrüfat inteqrasiyasına cəlb olunmuş ölkələri “öz cənginə almaq” bacarığıdır. Bu mənada 2008-ci ildə başlayan və indi də yeni dalğada davam edən qlobal iqtisadi böhran tarixdə öz əhatə dairəsinin genişliyi ilə fərqlənir. Azərbaycan iqtisadiyyatı qlobal böhranı kifayət qədər hazırlıqlı qarşılamış, böhran dövründə investisiya risklərinin yüksək olmasına, qonşu ölkələrdəki devalvasiya dalğasının təsirlərinə baxmayaraq, xalis beynəlxalq investisiya mövqeyindəki profisit və manatın məzənnəsinin sabitliyi qorunmuşdur.

Bu, böhrandan öncəki dövrdə ölkədə həyata keçirilmiş rasional makroiqtisadi və monetar siyasət, yaradılmış valyuta ehtiyatları, maliyyə risklərinin qabaqlayıcı rejimdə idarə olunması sayəsində mümkün olmuşdur.

Bununla belə, qlobal böhran və onun fəsadları müasir iqtisadi arxitekturada mütləq depressiv ssenarilərə qarşı qoruyucu mexanizmlərin yaradılmasını və gücləndirilməsini gündəmə gətirir. Ənənəvi xilas təyinatlı maliyyə fondları ilə yanaşı, bu sırada iqtisadiyyatın dövlət tənzimləməsində istifadə olunacaq xüsusi antiböhran xarakterli tədbirlər, həmçinin, milli iqtisadiyyatın strukturunun şaxələndirilmiş olması və çevik şəkildə yeni şəraitə uyğunlaşmaq qabiliyyətinə malik olması xüsusi əhəmiyyət kəsb edir.

5 . Hazırkı mərhələdə bəşəriyyətin üzləşdiyi və hər bir ölkənin ictimai və iqtisadi həyatına güclü təsir qüvvəsinə malik məsələlərdən biri də bütün dünya çapında illər boyu sürətlənən sənayeləşmənin nəticəsində ekoloji tarazlığın pozulmasıdır. Yerli və regional kontekstdə Azərbaycan üçün ekoloji problemlər əsasən Abşeron yarımadasında və Xəzər dənizində ekoloji nəticələr nəzərə alınmadan qeyri-təkmil üsullarla onilliklər ərzində aparılmış neft hasilatı ilə bağlıdır. Bundan əlavə, ölkənin Ermənistan tərəfindən işğal olunmuş ərazilərində flora və faunanın kütləvi şəkildə məhv edilməsi, o cümlədən bu ərazilərdə törədilən genişmiqyaslı yanğınlar ən böyük ekoloji problemlərdən birinə çevrilmişdir. Azərbaycanın şirin su ehtiyatlarının böyük həcminin qonşu ölkələrdə formalaşması və bu ölkələrin ərazilərində kimyəvi, radioaktiv və digər zərərli maddələrlə intensiv çirklənməyə

məruz qalması əhalinin içməli su ilə təmin olunmasında problemlər yaradır. Bundan əlavə, Ermənistan ərazisində seysmik zonada yerləşən və texnoloji baxımdan köhnəlmiş Metsamor Atom Elektrik Stansiyası bütövlükdə region üçün təhlükə mənbəyidir.

Planetar miqyasda ekoloji tarazlığın pozulmasının təzahürü kimi iqlimin dəyişməsi və qlobal istiləşmə öz nəticələrinə görə təbii fəlakətlər yarada biləcək proseslərlə bağlıdır (çayların öz məcrasından çıxması, bütöv kəndlərin və şəhərlərin

su altında qalması, təbii normadan qat-qat artıq olan yağıntılar və sellər və s.). Bütün bunlar isə ölkənin iqtisadi və sosial həyatına birbaşa təsir edən və bu səbəbdən müvafiq siyasət tədbirlərinin işlənilib-hazırlanmasında nəzərə alınması zəruri olan amillərdir. Son illərin təcrübəsi göstərir ki, təbii fəlakət və onun nəticələri ilə səmərəli mübarizə aparmaq üçün dövlətin fövqəladə hallar üzrə müvafiq fəaliyyəti gücləndirilməli və belə hallarda əhalinin sosial müdafiəsi ilə bağlı çevik mexanizmlərin qurulması ön plana çəkilməlidir. Eyni zamanda, ölkənin bölgələrində infrastruktur layihələrinin tərtibatı və həyata keçirilməsi ehtimalı yüksək olan təbii fəlakətləri nəzərə almalı, həyati vacib infrastruktur obyektlərinin fövqəladə vəziyyətdə öz funksionallığını zəruri həcmdə saxlaması üçün onların layihələndirilməsi və inşasında müvafiq tələblər nəzərə alınmalıdır.

 

3. Azərbaycan – 2020: strateji baxış və əsas prioritetlər

Konsepsiyanın başlıca strateji baxışı mövcud imkanları və resursları nəzərə almaqla Azərbaycanda davamlı iqtisadi artım və yüksək sosial rifah, səmərəli dövlət idarəetməsi və qanunun aliliyi, insanların bütün hüquq və azadlıqlarının tam şəkildə təmin olunması və vətəndaş cəmiyyətinin ölkənin ictimai həyatında fəal statusu ilə səciyyələnən inkişaf mərhələsinə nail olmaqdır.

2020-ci ildə Azərbaycan iqtisadi və siyasi cəhətdən inkişaf etmiş, rəqabət qabiliyyətli ölkə olacaqdır. Azərbaycanın ən ucqar kəndlərində belə, vətəndaşların

rahat gündəlik həyatı üçün lazımi bütün kommunikasiyalar (rabitə, internet, bank

xidmətləri, kommunal xidmətlər, yollar və sair), səhiyyə və təhsil xidmətləri təmin

ediləcəkdir.

Azərbaycan əhalinin gəlirlərinin yüksək olduğu, işsizlik səviyyəsinin minimum həddə olduğu, yüksək dərəcədə inkişaf etmiş insan kapitalına, mühafizə edilmiş, sağlam ətraf mühitə və hər bir vətəndaşı üçün geniş imkanlara malik məkan olacaqdır. Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində dövrün sonuna ölkədə adambaşına düşən ÜDM-in həcmi iki dəfədən çox artaraq 13000 ABŞ dollarına çatdırılacaq.

2020-ci ilə Azərbaycanın Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə “yuxarı orta gəlirli ölkələr” arasında tamhüquqlu olkə olması və hazırda bu qrup ölkələr sırasında yer almanın əsas mənbəyi olan karbohidrogen ixracından asılılığın aradan qaldırılması, habelə BMT İnkişaf Proqramının İnsan İnkişafı ilə bağlı təsnifatına əsasən “yüksək insan inkişafı” ölkələri qrupunda üst sıralara yüksəlməsi hədəflənir.

Azərbaycan Respublikası iqtisadi inkişaf baxımından regionun lider dövlətindən beynəlxalq iqtisadi münasibətlər sistemində yüksək rəqabət qabiliyyətinə sahib iştirakçı statusuna yüksəldilməsi reallaşdırılacaqdır. Bu məqsədlə əlverişli coğrafi

mövqeyi, geniş potensialı nəzərə alınaraq, ölkənin regionun ticarət mərkəzinə çevrilməsi, adambaşına düşən qeyri-neft sektoru üzrə ixrac həcminin 1000 ABŞ

dollarına çatdırılması planlaşdırılır.

Göstərilən məqsədə çatmaq üçün bazar iqtisadiyyatı şəraitində sağlam rəqabəti təmin edən səmərəli dövlət tənzimlənməsi, enerjidən səmərəli istifadə edən və yüksək əlavə dəyər yaradan ixrac yönümlü iqtisadiyyata transformasiya və sosialiqtisadi sahələrin inkişafına kompleks yanaşma prinsipləri rəhbər tutulacaqdır.

Konsepsiya çərçivəsində istehsal amillərinin ümumi məhsuldarlığının artımı nəticəsində ölkə iqtisadiyyatının səmərəliliyə əsaslanan iqtisadiyyata çevrilməsi və

innovasiyaların üstünlüyü ilə səciyyələndirilənmərhələyə keçidin təmin olunması

hədəflənir.

İqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması makroiqtisadi sabitliyin qorunması, monetar və fiskal siyasətin koordinasiyasının gücləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması və özəl təşəbbüsün dəstəklənməsi, maliyyə xidmətləri

bazarının inkişaf etdirilməsi, xarici ticarət və investisiya siyasətinin təkmilləşdirilməsi  kimi istiqamətləri özündə cəmləşdirir. Bu dövrdə inflyasiyanın məqbul səviyyədə saxlanılması, daha çevik məzənnə rejiminə tədrici keçidin həyata keçirilməsi nəzərdə tutulur.

Eyni zamanda, məqsədyönlü şəkildə iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi tədbirləri həyata keçiriləcəkdir. Neft-qaz sektoru və neft-kimya sənayesinin modernləşdirilməsi, qeyri-neft sənayesinin şaxələndirilməsi və inkişaf etdirilməsi, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə imkanlarının genişləndirilməsi, aqrar sektorun inkişafı və ərzaq təhlükəsizliyinin gücləndirilməsi, ticarət və xidmət fəaliyyət növlərinin genişləndirilməsi və inkişaf etdirilməsi, xarici ticarətin və investisiyaların strukturunun təkmilləşdirilməsi prioritet istiqamətlər olacaqdır. Konsepsiyanın əhatə etdiyi dövr ərzində qeyri-neft sektoru üzrə ÜDM-in orta illik real artım tempinin 7 faizdən yüksək olması hədəflənir.

Hazırkı mərhələdə qarşıda duran əsas vəzifə iqtisadiyyatın şaxələndirilməsini sürətləndirmək, neft gəlirlərinin səviyyəsindən asılı olmayaraq qeyri-neft sektorunun yüksək inkişaf tempini gələcək illərdə də qorumaq, rəqabətqabiliyyətliliyini yüksəltmək və ixrac imkanlarını genişləndirməkdən ibarətdir. “Azərbaycan - 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında ixrac yönümlü iqtisadi model əsas götürülmüşdür və nəzərdə tutulur ki, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi və strukturunun təkmilləşdirilməsi qeyri-neft ixracının artımına səbəb olacaqdır. Qeyri-neft sənayesinin sürətli inkişafı ilə yanaşı, innovasiya fəaliyyətinin təşviqi və genişləndirilməsi ölkədə biliyə əsaslanan iqtisadiyyatın formalaşması üçün əlverişli zəmin yaradacaqdır.

Qarşıda duran məqsədlərə çatmaq üçün ölkənin bütün imkanlarından tam şəkildə istifadə etmək, mövcud iqtisadi, sosial, siyasi resurslardan tam səmərə ilə yararlanmaq və ölkənin potensialının gücləndirilməsinə şərait yaratmaq vacib şərtdir. Bu baxımdan enerji, nəqliyyat, tranzit və logistika infrastrukturunun inkişaf etdirilməsi, bölgələrin inkişafının diqqət mərkəzində saxlanılması, hər bir bölgənin rəqabət üstünlükləri nəzərə alınmaqla regional inkişaf mərkəzlərinin formalaşdırılması, şəhər və kənd yerlərində infrastrukturun və sosial xidmətlərin inkişaf etdirilməsi nəzərdə tutulur.

İKT və rabitə xidmətlərindən istifadə imkanlarının genişləndirilməsi, informasiya kommunikasiya texnologiyalarını inkişaf etdirilməsi istiqamətində etibarlı təhlükəsizlik sisteminin yaradılması, milli standartların formalaşdırılması və həmçinin, ölkə üzrə tam rəqəmsal yayımın tətbiq olunması və analoq yayımın dayandırılmasıvə eləcə də, e-dövlət xidmətlərinin 100 faiz tətbiq edilməsi Azərbaycanın müasir dövlət kimi formalaşmasının əsas prioritetlərindən biri kimi diqqət mərkəzində olacaqdır.

İstənilən iqtisadi artımın məqsədi sosial rifahın yüksəldilməsidir. Bu baxımdan Konsepsiyanın əsas prioritetlərindən birini sosial sahələrin və insan kapitalının inkişafı təşkil edir. Təhsil və səhiyyədə keyfiyyətin artırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, gender bərabərliyinin təmin olunması və ailənin inkişafı, gənclərin potensialının və idmanın inkişaf etdirilməsi bu prioritet çərçivəsində əsas istiqamətlərdir.

Konsepsiya çərçivəsində yoxsulluq məsələsi insan inkişafı konsepsiyası ilə bağlı müasir yanaşmalara uyğun olaraq “çoxfaktorlu yoxsulluq” anlayışı müstəvisində

dəyərləndirilir. Azərbaycanda son on ildə yoxsulluğun köklü şəkildə azaldılması istiqamətində danılmaz nailiyyətlər əldə edilmişdir. Ölkəmizdə “mütləq yoxsulluq”

probleminin həll edilməsi, yəni qəbul edilmiş meyarlar çərçivəsində yoxsulluq kateqoriyasına düşən insanların və ailələrin sayının kəskin azaldılması aparılan uğurlu sosial-iqtisadi siyasətin nəticəsidir. Hazırkı Konsepsiya çərçivəsində “Azərbaycanda “mütləq yoxsulluq” problemi yenə də daim diqqət mərkəzində olacaqdır, bununla yanaşı, ölkədə əhalinin orta təbəqəsinin genişlənməsi, bu təbəqənin rolunun gücləndirilməsi başlıca məqsədlərdən biridir. Dünya ölkələrinin təcrübəsi göstərir ki, orta təbəqə güclü olan ölkələr həm siyasi, həm də iqtisad, sosial və s. aspektdən daha dayanıqlı olur və daha yüksək inkişaf potensialına malik olur.

Əhali və onun strukturu ilə bağlı kəmiyyət və keyfiyyət göstəriciləri milli gücün əsas elementlərini təşkil edir və Azərbaycan xalqının genofondunun qorunması, miqrasiya və demoqrafiya kimi məsələlər milli təhlükəsizlik baxımından mühüm əhəmiyyətə malikdir. Konsepsiyanın əhatə etdiyi dövrdə ölkə əhalisinin hər il orta

hesabla 1,1 faiz artaraq, 2020-ci ildə təxminən 10,2 milyon nəfər təşkil edəcəyi gözlənilir.

Konsepsiyada nəzərdə tutulmuş hədəflərin reallaşdırılması məqsədilə qanunvericilik bazasının mütəmadi olaraq təkmilləşdirilməsi və müvafiq institusional potensialın gücləndirilməsi istiqamətində tədbirlər davam etdiriləcəkdir.

Mədəni irsin qorunub saxlanılması, onun səmərəli idarə olunması, yeni yaradıcılıq nəticələrinin qorunması və zənginləşdirilməsi, ətraf mühit və ekologiya problemləri də Konsepsiya çərçivəsində əsas prioritet kimi qəbul edilmiş və bu sahələrdə müvafiq siyasət tədbirlərinin həyata keçiriləcəyi nəzərdə tutulmuşdur.

 

4. Yüksək rəqabət gücünə malik iqtisadiyyata doğru

4.1. Səmərəli dövlət tənzimləməsinə və yetkin bazar münasibətlərinə əsaslanan

iqtisadi modelin formalaşması

Konsepsiya çərçivəsində qarşıya qoyulan sosial-iqtisadi hədəflərə nail olunması yüksək səmərə ilə fəaliyyət göstərən, dünya çapında yetərli rəqabət gücünə malik

iqtisadi sistemin formalaşmasını şərtləndirir. Tarixi və müasir təcrübə göstərir ki, belə bir sistem yalnız sahibkar təşəbbüsünə və sərbəst rəqabətə əsaslanan bazar münasibətləri şəraitində yer ala bilər. Bununla bərabər, iqtisadi və sosial sahələrdə

davamlı yüksək artım templərinin təmin olunması bazar iqtisadiyyatı şəraitində dövlət tənzimləməsinin adekvat şəkildə qurulmasını, qlobal dünya iqtisadiyyatındakı son meylləri və istiqamətləri nəzərə almaqla bu tənzimləmənin daha da təkmilləşdirilməsini tələb edir.

Azərbaycanda keçid dövrünün başa çatması və yetkin bazar münasibətlərinin formalaşması şəraitində dövlət tənzimləmə və idarəetmə funksiyaları əsasən makroiqtisadi sabitliyin qorunub saxlanılması, ölkədə işgüzar mühitin təkmilləşdirilməsi və sərbəst rəqabətin təmin olunması, yerli və xarici investisiyalar üçün əlverişli şəraitin yaradılması, iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tənzimləmə tədbirləri, investisiyalar və geniş miqyasda infrastruktur layihələrinin reallaşdırılması, əhalinin sosial müdafiəsinin səmərəli təşkili istiqamətlərində həyata keçiriləcəkdir.

Makroiqtisadi siyasətin koordinasiyası gücləndiriləcək, maliyyə dayanıqlılığı baxımından optimal makro-fiskal çərçivə formalaşdırılacaq və adekvat pul siyasəti

aparılacaqdır. Bu siyasətin birinci pilləsində inflyasiya hədəfi, digər makroiqtisadi

hədəflər və bunlara uyğun tənzimləmə alətləri, ikinci pilləsində isə maliyyə sektorunda sabitlik hədəfləri, sektorda aktivliyi və riskləri idarə edəcək alətlər yer

alacaqdır. İnflyasiya hədəfinə uyğun olaraq iqtisadiyyatın pula tələbatının ödənilməsinə xüsusi diqqət yetiriləcək, monetar idarəetmənin institusional bazası

təkmilləşdiriləcəkdir.

Büdcə resurslarının formalaşması və istifadəsi sahəsində fiskal intizamın təmin edilməsi, vəsaitlərin düzgün bölüşdürülməsi və xərclərin səmərəliliyinin artırılmasına  xüsusi diqqət yetiriləcəkdir. Müxtəlif büdcə riskləri (xarici, maliyyə, kənarlaşma, əməliyyat riskləri və s.) üzrə çevik qiymətləndirmə aparılacaqdır. İqtisadi sistemin rəqabət qabiliyyətinin daha da artırılması məqsədilə tədricən passiv vergi siyasətindən aktiv vergi siyasətinə keçid təmin ediləcək, vergi dərəcələrinin optimallaşdırılması istiqamətində həyata keçiriləcək tədbirlər sahibkarlıq fəaliyyəti üçün əlverişli mühitin yaradılmasına kömək edəcəkdir.

Neft və qaz gəlirlərindən istifadə olunması mexanizmi təkmilləşdiriləcəkdir. Karbohidrogenlərin satışından əldə edilən gəlirlərin tədricən həmin vəsaitlərin investisiya olunmasından qazanılan gəlirlə əvəzlənməsi strategiyası həyata keçiriləcək və bu sahədə hazırda aparılan işlər intensivləşdiriləcəkdir.

Ölkənin tədiyyə qabiliyyətinin yaxşılaşdırılmasının və iqtisadiyyatın ixraca yönəldilməsinin ayrıca vacib tələbi kimi daha çevik məzənnə siyasəti həyata keçiriləcək, xalis beynəlxalq investisiya mövqeyi üzrə profisit qorunacaqdır.

Biznes mühitinin, rəqabət qanunvericiliyi və siyasətinin daha da yaxşılaşdırılması istiqamətində görülən tədbirlər davam etdiriləcək, investorların hüquqlarının qorunması mexanizmləri təkmilləşdiriləcəkdir. Qanunların davamlı və ədalətli şəkildə tətbiq edilməsi və hüququn aliliyinin işlək sisteminin formalaşdırılması diqqət mərkəzində saxlanılacaqdır.

Xarici ticarət prosedurlarının sadələşdirilməsi və təkmilləşdirilməsi, beynəlxalq bazarlara çıxışda və xarici bazarlarda rəqabət gücünun artırılmasında sahibkarlara

göstərilən dövlət dəstəyinin artırılması istiqamətində tədbirlər həyata  eçiriləcəkdir.

Kiçik və orta sahibkarlıq subyektlərinin ixrac qabiliyyətini artırmaq məqsədilə təşviqedici tədbirlər həyata keçiriləcək, sahibkarlıq subyektlərinin dövlət tərəfindən güzəştli kreditlərlə təminat səviyyəsi yüksəldiləcək, daxili bazarın haqsız rəqabətdən qorunması üçün beynəlxalq praktikada qəbul olunmuş antidempinq və digər qoruyucu tədbirlər həyata keçiriləcəkdir.

Eyni zamanda gömrük, miqrasiya və prosedurlarının təkmilləşdirilməsi, həmçinin investorları yerli bazarlara daxil olmaqdan çəkindirən amillərin aradan

qaldırılması üçün səylər səfərbər ediləcəkdir. Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmaq üçün beynəlxalq ticarət sisteminə uyğun islahatların həyata keçirilməsi, qanunların dünya ticarət sistemində tətbiq edilən praktikaya uyğunlaşdırılması son nəticə olaraq yerli şirkətlərin və bütövlükdə ölkə iqtisadiyyatının inkişafına yeni imkanlar açacaqdır.

Bununla yanaşı, vergi dərəcələrinin və məcburi dövlət sosial sığorta haqlarının strukturunun (işəgötürənlər və sığortaolunanlar tərəfindən ödənilən hissələr) optimallaşdırılması istiqamətində həyata keçiriləcək tədbirlər sahibkarlıq fəaliyyəti

üçün əlverişli mühitin yaradılmasına kömək edəcəkdir.

Ədalətli rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyatda və xüsusilə də istehlak bazarında inhisarlaşmanın məhdudlaşdırılması üzrə tədbirlər davam etdiriləcəkdir. Antiinhisar qanunvericiliyi və praktikası təkmilləşdiriləcək, ticarətdə tətbiq edilən qeyri-tarif əngəllərinin aradan qaldırılması üçün əməli tədbirlər görüləcəkdir.

İstehlakçıların hüquqlarının müdafiə edilməsi işi gücləndiriləcək, məhsulların keyfiyyətinə səmərəli nəzarət mexanizmləri yaradılacaq, keyfiyyətə nəzarət üzrə milli standartlar hazırlanacaq və sertifikatlaşdırma sistemi təkmilləşdiriləcəkdir.

Sahibkarların ictimai birliklərinin, o cümlədən, peşə assosiasiyalarının yaradılması və inkişafı dəstəklənəcək, sahibkarlığın inkişafını əngəlləyən amillərin aşkar edilməsi və aradan qaldırılması məqsədilə müntəzəm monitorinqlər həyata keçiriləcəkdir.

Konsepsiyanın əhatə etdiyi dövrdə həyata keçiriləcək tədbirlər Azərbaycanda maliyyə xidmətləri bazarının əsas seqmentlərinin (bank sektoru, qeyri-bank kredit

təşkilatları, sığorta bazarı, lizinq bazarı, qiymətli kağızlar bazarı və faktorinq bazarı) tarazlı inkişafını təmin edəcəkdir. Bank nəzarəti alətləri təkmilləşdiriləcək, bank sisteminin sabit və təhlükəsiz inkişafının təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçiriləcəkdir. Bank sektorunda konsolidasiya tədbirləri və struktur islahatları davam etdiriləcək, rəqabətin stimullaşdırılması, bank-maliyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, o cümlədən elektron ödəniş sistemləri infrastrukturunun təkmilləşdirilməsi və onun əhatə dairəsinin genişləndirilməsi diqqət mərkəzində saxlanılacaqdır. Bank sisteminin kapitallaşması davam etdiriləcək, regionlar üzrə bank şəbəkəsinin genişlənməsi təşviq olunacaq, tikinti-əmanət banklarının yaradılması dəstəklənəcək, ipoteka kreditləşdirilməsi mexanizmi təkmilləşdiriləcəkdir.

Elektron ödəniş, poçt əmanət sistemləri inkişaf etdiriləcək, bank xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi gücləndiriləcəkdir.

Sığorta şirkətlərinin kapitallaşma səviyyəsinin və sığorta məhsullarının çeşidinin artırılması, təkrar sığortanın, həmçinin həyat sığortasının və tibbi sığortanın tətbiqinin genişləndirilməsi ölkədə sığorta bazarının inkişafına yol açacaqdır. Kənd

təsərrüfatı istehsalının sığortalanmasını stimullaşdırmaq məqsədilə müvafiq qanunvericiliyin təkmilləşdirilməsi planlaşdırılır. Habelə, lizinq xidmətlərinin göstərilməsi üçün qanunvericilik və institusional mühitin təkmilləşdirilməsi lizinq

təşkilatlarının inkişafına və onların bazara daha asan daxil olmasına imkan yaradacaqdır ki, bu da lizinq təşkilatlarının infrastruktur və investisiya layihələrinin icrasında, kənd təsərrüfatının texnika təminatının daha münasib şərtlərlərə yaxşılaşdırılmasında mühüm maliyyə mənbəyi kimi lizinqin payını artıracaqdır.

Müasir, beynəlxalq standartlara uyğun, iqtisadiyyata geniş kapitalizasiya imkanları təqdim edən və risklərin etibarlı idarə edilməsini təmin edən, yüksək səmərə ilə fəaliyyət göstərən qiymətli kağızlar bazarının formalaşdırılmasıistiqamətində mühüm addımlar atılacaq, qiymətli kağızlar üzrə qeyri-mütəşəkkilbazarın məhdudlaşdırılması, bazarın investorlar üçün cəlbediciliyinin artırılmasıməqsədilə sistemli tədbirlər həyata keçiriləcək, bazarın peşəkar iştirakçılarının fəaliyyətini və onlara nəzarət mexanizmlərini tənzimləyən qanunvericilik təkmilləşdiriləcəkdir.

Qiymətli kağızlar bazarının institusional inkişaf səviyyəsinin yüksəldilməsi və

onun beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi, ölkə iqtisadiyyatında

kapitallaşma dərəcəsinin yüksəldilməsinə nail olunması və iqtisadi layihələrin

maliyyələşdirilməsində fond bazarı vasitəsilə cəlb olunan qeyri-inflyasiya mənşəli

investisiya vəsaitlərindən istifadənin genişləndirilməsi tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda, iqtisadi subyektlərin və əhalinin yığımlarının fond bazarında səmərəli yerləşdirilməsi üçün və ölkənin qiymətli kağızlar bazarının tədricən beynəlxalq kapital bazarlarına inteqrasiya olunması məqsədilə müvafiq şəraitin formalaşdırılması daim diqqət mərkəzində olacaqdır.

4.2. İqtisadiyyatın strukturunun təkmilləşdirilməsi, qeyri-neft sektorunun inkişafı

Konsepsiyanın əhatə etdiyi dövr ərzində neft-qaz hasilatı, nəqli və email sistemlərinin tikilməsi, yenidən qurulması və modernləşdirilməsi nəzərdə tutulur.

Həmçinin, iqtisadiyyatın klasterlər əsasında inkişafı çərçivəsində neft, qaz emalı və

neft-kimya zavodlarından ibarət kompleksin inşası planlaşdırılır. Kompleksin təşkili zəruri investisiyaların cəlb edilməsinə, ekoloji normativlərə riayət olunmasına, son məhsulun istehsalına qədər olan texnoloji zəncirin qurulmasına, hazır məhsulun rəqabət qabiliyyətinin yüksəldilməsinə, bu sahədə ixracın həcminin və çeşidinin genişlənməsinə imkan yaradacaqdır.

Eyni zamanda, qeyri-neft sənayesinin inkişaf etdirilməsi məqsədilə ölkənin malik olduğu təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi genişləndiriləcək və onlardan istifadənin səmərəliliyi yüksəldiləcəkdir.

K o n sepsiyanın əhatə etdiyi dövr ərzində alternativ (bərpa olunan) enerji mənbələrindən istifadənin sürətləndirilməsi məqsədilə stimullaşdırıcı tədbirlərin

həyata keçirilməsi, institusional mühitin inkişaf etdirilməsi, elmi-texniki otensialın

gücləndirilməsi, mütəxəssis hazırlığının davam etdirilməsi və enerji istehlakçılarının maarifləndirilməsi istiqamətində işlərin aparılması planlaşdırılır. Bu sahədə dövlət tərəfindən həyata keçirilən layihələrlə yanaşı, özəl sektorun da bu prosesdə yaxından iştirakı təşviq ediləcək, alternativ enerji tariflərinin çevik tənzimlənməsi təmin ediləcəkdir.

Qeyri-neft sektorunun inkişafına xidmət edən və müasir tələblərə cavab verən istehsal, sosial və bazar infrastrukturu şəbəkəsi yaradılacaq, təsərrüfatçılığın və idarəçiliyin mütərəqqi formalarından istifadə genişləndiriləcəkdir.

Bölgələrdə yerli xammala əsaslanan sənaye müəssisələrinin fəaliyyətinin keyfiyyətcə müasir səviyyədə qurulması və yeni müəssisələrin yaradılması istiqamətində tədbirlər həyata keçiriləcəkdir. Konsepsiyanın reallaşdırıldığı dövrdə

ölkədə polad istehsalı, neft-qaz emalı və neft-kimya kompleksləri, gübrə, gəmiqayırma və sement zavodları inşa ediləcəkdir. Alüminium sənayesi inkişaf etdiriləcək, ilkin alüminium istehsalı artırılacaq, özəl sektorun iştirakı ilə son məhsulun istehsalına qədər texnoloji zəncir qurulacaq, bu sahənin ixrac potensialı

genişləndiriləcəkdir.

Sənaye müəssisələrində innovasiya yönümlü texnologiyaların tətbiqi stimullaşdırılacaq, ixtisaslaşmış və ümumi təyinatlı sənaye şəhərcikləri yaradılacaqdır. İqtisadi rayonlar üzrə sənaye şəhərciyi infrastrukturunun formalaşdırılması qeyri-neft emal sənayesinin inkişaf etdirilməsi ilə bağlı dövlət

investisiya siyasətinin əsas istiqamətini təşkil edəcəkdir. Bu baxımdan, Konsepsiyanın əhatə etdiyi dövrdə xüsusi iqtisadi zonanın yaradılması və iqtisadi

potensialı nəzərə alınmaqla hər bir iqtisadi rayon üzrə sənaye şəhərciklərinin (o cümlədən, Sumqayıtda neft-kimya məhsullarının emalı, Balaxanıda məişət tullantılarının emalı və Gəncədə metal (alüminium) məmulatların istehsalı üzrə sənaye şəhərcikləri) qurulması hədəflənir.

Qeyri-neft sənayesinin ənənəvi istehsal sahələrinin (kimya sənayesi, metallurgiya, maşınqayırma, elektrotexnika, elektronika, yüngül sənaye, yeyinti sənayesi və s.) inkişaf etdirilməsi və ixrac imkanlarının artırılması ilə yanaşı rəqabətqabiliyyətli yeni istehsal sahələrinin yaradılması dəstəklənəcəkdir. Ölkənin qeyri-neft sektoruna yerli və xarici investisiyaların cəlb edilməsinin intensivləşdirilməsi məqsədilə stimullaşdırıcı mexanizmlər tətbiq ediləcək, İxrac yönümlü qeyri-neft sektorunun inkişafı məqsədilə dövlət və özəl sektorun investisiya əməkdaşlığı inkişaf etdiriləcəkdir.

Əqli fəaliyyətin nəticələrinin həvəsləndirilməsi, innovasiya və yaradıcılığa investisiya qoyuluşu üçün əlverişli şəraitin yaradılması və əqli mülkiyyətə əsaslanan kreativ iqtisadiyyatın davamlı inkişafı, ölkənin ÜDM-də onun payının artırılması üzrə tədbirlər həyata keçiriləcəkdir.

Konsepsiya çərçivəsində turizm infrastrukturunun inkişaf etdirilməsi, beynəlxalq standartlara cavab verən turizm xidmət sahələrinin dairəsinin genişləndirilməsi, bu sahənin rəqabət qabiliyyətinin yüksəldilməsi və ÜDM-də xüsusi çəkisinin artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Turizmin inkişaf etdirilməsi məqsədi ilə bu sahəyə dair qanunvericilik və  standartlar təkmilləşdiriləcək, Xəzər dənizinin turizm potensialından tam şəkildə istifadə edilməsiüzrə zəruri tədbirlər görüləcək, bölgələrdə turizm fəaliyyəti stimullaşdırılacaq, informasiya-təbliğat işi gücləndiriləcək, milli, tarixi-mədəni, sosial-iqtisadi və təbii xüsusiyyətlər nəzərə alınmaqla müxtəlif turizm növləri müvafiq turizm marşrutları yaradılmaqla təşviq ediləcəkdir.

Qeyri-neft sənayesinin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edən sahələrdən biri kimi kənd təsərrüfatı məhsullarının emalına xüsusi diqqət yetiriləcək, mövcud aqroemal müəssisələrinin müasir texnologiyaların tətbiqi nəticəsində istehsal güclərinin artırılması və yeni müəssisələrinin yaradılması istiqamətində kompleks tədbirlər həyata keçiriləcəkdir.

Aqrar sektorun intensiv və səmərəli inkişafının stimullaşdırılması üçün dövlət dəstəyi tədbirləri beynəlxalq təcrübəyə uyğun olaraq davam etdiriləcəkdir. Özəl bankların və kredit təşkilatlarının bu sektora vəsait (kredit) ayırmalarının daha da təşviqləndirildiyi mühiti yaratmaq üçün əlavə tədbirlər həyata keçiriləcək, kənd təsərrüfatının sığortalanması mexanizmi təkmilləşdiriləcəkdir. Nəticə olaraq kənd təsərrüfatında məhsuldarlıq artacaq və kənd əhalisi qabaqcıl beynəlxalq təcrübə ilə daha yaxından tanış olacaqdır.

Növbəti illərdə ölkədə torpaq bazarı inkişaf etdiriləcək, fermerlərin könüllülük əsasında birgə təsərrüfatçılıq ənənələrinin formalaşması təşviq olunacaqdır.

Meliorasiya və irriqasiya tədbirləri gücləndiriləcək, torpaqların eroziyaya uğramasının, suvarılan əkin sahələrinin şoranlaşmasının qarşısının alınması və münbitliyinin artırılması istiqamətində tədbirlər gücləndiriləcəkdir.

Ölkədə ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı stimullaşdırılacaqdır. Həmçinin, genetik ehtiyatların və bioloji müxtəlifliyin qorunması,tingçilik, toxumçuluq və damazlıq işlərinin daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçiriləcəkdir.

Kənd təsərrüfatı istehsalçılarının müasir texnika, gübrə, toxum və ting ilə təminatı yaxşılaşdırılacaqdır. Aqrar sahədə elmi təminat və kadr hazırlığının daha da yaxşılaşdırılması nəzərdə tutulur. Kənd təsərrüfatının müxtəlif sahələrinin intensiv

inkişaf etdirilməsi üçün stimullaşdırıcı tədbirlər həyata keçiriləcək, iri taxılçılıq təsərrüfatlarının yaradılması təşəbbüsləri dəstəklənəcəkdir.

Bölgələrdə ən müasir texnologiyalar əsasında anbar komplekslərinin yaradılması kənd təsərrüfatının intensiv inkişafı, mövsümi qiymətlərin tənzimlənməsi, məhsul itkisinin qarşısının alınması, daxili bazarın qorunması və ixrac potensialının artırılması baxımından əhəmiyyətliliyini nəzərə alaraq, bu sahədə ardıcıl tədbirlər

davam etdiriləcəkdir.

4.3. Elmi potensialın və innovasiya fəaliyyətinin dəstəklənməsi

Uzunmüddətli davamlı iqtisadi inkişafının təmin edilməsi, bilik iqtisadiyyatının formalaşdırılması, elmtutumlu texnologiyanın, məhsulun (işin, xidmətin) yaradılmasının sürətləndirilməsi məqsədilə innovasiya fəaliyyətinin genişləndirilməsi əsas istiqamətlərdən birini təşkil edəcəkdir. Bununla əlaqədar olaraq, elmin inkişafı onun ölkəmizdəki tarixinə və dünyada gedən meyllərə əsasən prioritetləşdiriləcək və mütərəqqi dünya elminə səmərəli inteqrasiya prosesi davam

etdiriləcəkdir. Elmi infrastruktur təkmilləşdiriləcək, elmin maddi-texniki bazası müasirləşdiriləcək və bu sahədə informasiya təminatı sistemlərinin elektron formaya keçirilməsi təmin ediləcəkdir.

Eyni zamanda, elmin maliyyələşdirilməsinə dövlət büdcəsi resursları ilə yanaşı, digər mənbələrin də cəlb olunması stimullaşdırılacaq ki, bu da son nəticədə elmi fəaliyyətlə məşğul olan işçilərin sosial müdafiəsini gücləndirəcək və “beyin axını”nın qarşısını alacaqdır.

Ölkədə innovativ iqtisadiyyatın yaradılması məqsədilə elm və istehsal arasındakı əlaqələr gücləndiriləcək, tətbiqi elmi araşdırmaların bazarın tələbatına müvafiq olaraq aparılması məqsədlə zəruri mexanizmlər yaradılacaqdır.

İnnovasiya fəallığının yüksəldilməsi yolu ilə rəqabətqabiliyyətli məhsulların istehsalının stimullaşdırılması, innovasiya fəaliyyətinin həyata keçirilməsi üçün zəruri mexanizmlərin qurulması, innovasiya potensialının səmərəli istifadəsi və inkişafının təmin edilməsi məqsədilə dövlət dəstəyi tədbirləri reallaşdırılacaq və müvafiq qanunvericilik bazası yaradılacaqdır.

İnnovasiya sahibkarlığının inkişaf etdirilməsi və yeni fəaliyyət növlərinin və məhsullarının inkişafına əlverişli mühitin formalaşdırılması ilə yanaşı, qabaqcıl texnologiyaların transferi və mənimsənilməsi istiqamətində tədbirlərin gücləndirilməsi, elmtutumlu məhsulların və texnologiyaların işlənilməsi və tətbiqi

üçün texnoparkların və innovasiya zonalarının yaradılması nəzərdə tutulur. Bu baxımdan, müvafiq normativ-hüquqi baza hazırlanaraq qəbul ediləcək, innovativ

sahibkarlığın və biliklərə əsaslanan iqtisadiyyatın inkişafını təmin etmək məqsədilə

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun yaradılması nəzərdə

tutulur.

İqtisadi məqsədlər və resurslar, biliklər və mədəniyyət sahəsinin vəzifələri, həmçinin informasiya texnologiyalarının inkişafı arasındakı əlaqələrin müəyyən edilməsi uzunmüddətli dövr üçün Əqli mülkiyyət üzrə Milli Strategiyada və ondan irəli gələn Dövlət Proqramında əksini tapan innovasiya potensialının inkişafına kömək edəcəkdir.

Növbəti illərdə qabaqcıl dünya təcrübəsindən istifadə etməklə Azərbaycanda informasiya cəmiyyətinin tələblərinə uyğun olaraq yeni bilik və texnologiyaların istifadəsini, mənimsənilməsini və yayılmasını təmin edən milli innovasiya sisteminin formalaşdırılması prosesi tamamlanacaqdır.

 

5. Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi.

Bölgələrin tarazlı inkişafı

Azərbaycanın regionun ticarət mərkəzinə çevrilməsi məqsədilə ölkənin strateji coğrafi mövqeyindən səmərəli istifadə etməklə tranzit və nəqliyyat xidmətlərinin inkişaf etdirilməsi, ölkənin bölgələrində logistika mərkəzlərinin formalaşdırılması

nəzərdə tutulur. Bütün bunlar eyni zamanda istehsal və investisiya mərkəzi kimi də

ölkənin cəlbediciliyinin artmasına, yeni biznes və məşğulluq imkanlarının yaranmasına yol açacaqdır.

Yerli və beynəlxalq daşımaların idarə olunması mexanizmi təkmilləşdiriləcək, ölkənin nəqliyyat sisteminin beynəlxalq nəqliyyat sisteminə inteqrasiyası genişləndiriləcəkdir. Bununla əlaqədar avtomobil, dəmir yolu, su, hava və yeraltı (metro) nəqliyyatı üzrə vahid strateji yanaşmanı əks etdirən ümumiləşdirilmiş tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Avropa-Qafqaz-Asiya və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərində ölkənin rəqabət qabiliyyətinin artırılması məqsədilə Azərbaycan ərazisində yükdaşımalar ilə bağlı xərclərin azaldılması, idxal-ixrac əməliyyatları və tranzit üçün sərf edilən vaxtın qısaldılması və prosedurların sadələşdirilməsi tədbirləri həyata keçiriləcəkdir.

Yaxın illərdə Ələtdə Beynəlxalq Dəniz Ticarət Limanının inşası tamamlanacaq, dəniz donanması yeniləşdiriləcək və genişləndiriləcək, nəqliyyat-logistika mərkəzi tikiləcək, Bakı-Böyük Kəsik və Bakı-Yalama dəmir yolu xətlərinin bərpası və modernləşdirilməsi həyata keçiriləcək, dəmir yolu şəbəkəsinin diversifikasiyası siyasətinə uyğun olaraq Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə veriləcəkdir. Eyni zamanda, dəmir yolu nəqliyyatının baş yollarında zəruri yenidənqurma işləri

aparılacaq, daşıma parkı yeniləşdiriləcək, bütün yollarda dəyişən cərəyanlı dartı sisteminə keçid təmin olunacaqdır.

Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri istiqamətində avtomobil magistrallarının genişləndirilməsi, respublika əhəmiyyətli yolların yenidən qurulması və tikintisi layihələrinin başa çatdırılması ilə ölkənin yol-nəqliyyat infrastrukturunun beynəlxalq standartlara uyğunlaşdırılması təmin ediləcəkdir.

Yol nəqliyyatı üzrə çınqıl örtüklü yollar tədricən bərk örtüklü avtomobil yolları ilə əvəz ediləcək, ölkə əhəmiyyətli yolların yenidən qurulması və genişləndirilməsi davam etdiriləcək, yüksək ekoloji standartlara keçid təmin ediləcək, yol qovşaqları,

körpülər tikilib, təmir ediləcək və digər modernləşdirmə işləri aparılacaqdır. Yeni

yolların salınması əhalinin təhlükəsizliyinin təmin olunması prinsipi ilə davam etdiriləcək, şəhərdaxili və şəhərdən kənar avtoparkların tikintisi sürətləndiriləcək,

müvafiq infrastrukturun təkmilləşdirilməsi ilə yanaşı, böyük şəhərlərdə nəqliyyatın

intellektual idarə olunması sisteminin tətbiqi reallaşdırılacaqdır. Paytaxtın və digər

şəhərlərin, rayonların, kəndlərin ictimai nəqliyyat sistemi əhəmiyyətli dərəcədə inkişaf etdiriləcək.

Ölkənin dəmir yolu şəbəkəsi və hava nəqliyyatı daha da təkmilləşdiriləcək, bölgələrin tarazlı inkişafı və turizmin şaxəli irəliləyişi üçün zəmin yaradacaqdır.

Konsepsiyanın əhatə etdiyi dövr ərzində Bakı Metropoliteni sürətlə inkişaf etdiriləcək və genişləndiriləcək, o cümlədən, yeni stansiyalar tikiləcək və vaqon parkı yeniləşdiriləcəkdir.

Hava nəqliyyatı üzrə Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksi, uçuş-enmə zolağı və anqarlar istifadəyə veriləcək və bu ərazidə azad iqtisadi zona yaradılacaq, digər 6 beynəlxalq hava limanı və hava donanmasının yeniləşdirilməsi işləri davam etdiriləcəkdir.

Regional inkişaf prioritetləri nəzərə alınmaqla, bölgələrdə dövlətin infrastruktur və investisiya siyasəti ilə biznesin investisiya strategiyaları əlaqələndiriləcək və əsasən iqtisadi səmərəlilik baxımından prioritetləşdiriləcəkdir (xərc-gəlir təhlilləri aparılmaqla). Həyat səviyyəsi və keyfiyyətinə, adambaşına düşən məhsul buraxılışı və investisiyaların həcminə görə ölkənin iqtisadi rayonları üzrə mövcud olan fərqlər azaldılacaqdır.

Müasir yanaşma çərçivəsində yerli özünüidarəetmə orqanlarının iqtisadi qərarların qəbul olunmasında çevikliyi artırılacaqdır. Kənd yerlərinin inkişafı istiqamətində xüsusi layihələr həyata keçiriləcək, infrastrukturun və sosial xidmətlərin yaxşılaşdırılması tədbirləri davam etdiriləcəkdir. Regionlarda və kəndlərdə də yol

problemi daim diqqətdə saxlanılacaq və nəqliyyat sektoruna tələbin qarşılanması

məqsədilə müvafiq addımlar atılacaqdır.

Ölkənin bölgələrində infrastruktur təminatının yaxşılaşdırılması, informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, turizm və rekreasiya zonalarının, iqtisadiyyatın prioritet sahələri üzrə ərazi-istehsal klasterlərinin, hər bir bölgənin rəqabət üstünlükləri nəzərə alınmaqla, yeni regional inkişaf mərkəzlərinin formalaşdırılması bölgələrin sosial-iqtisadi inkişafını sürətləndirəcəkdir.

Regional inkişaf mərkəzləri bölgələrdə tarazlı sosial-iqtisadi inkişafın təmin edilməsini stimullaşdıracaq, regional bərabərsizliyin aşağı salınmasına, əmtəə dövriyyəsinin iqtisadi rayonlar üzrə strukturunda kəskin fərqlərin azaldılmasına, iqtisadi resursların əsasən mərkəzi şəhərlərdə təmərküzləşməsinin səngiməsinə gətirib çıxaracaqdır.

 

6. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı və informasiya

cəmiyyətinə keçidin təmin olunması

İnformasiya cəmiyyətinə keçidin təmin edilməsi, İKT-nin inkişafı ilə biliyə əsaslanan iqtisadiyyatın qurulması, dövlət və yerli özünüidarəetmə orqanlarında İKTnin tətbiqinin genişləndirilməsi və elektron xidmətlərin inkişaf etdirilməsi, Elektron Təhlükəsizlik üzrə Milli Mərkəzin fəaliyyətinin inkişaf etdirilməsi, cəmiyyətin informasiya məhsul və xidmətlərinə tələbatının dolğun ödənilməsi, rəqabətqabiliyyətli və ixrac yönümlü İKT potensialının gücləndirilməsi Konsepsiya çərçivəsində qarşıda duran prioritet vəzifələrdəndir.

Kosmik sənayenin inkişafı ilə bağlı müvafiq tədbirlər həyata keçiriləcək, Azərbaycan öz süni peykinə sahib ölkələr sırasına daxil olacaqdır.

Telekommunikasiya şəbəkəsində yeni texnologiyaların tətbiqi genişləndiriləcək, milli radio və televiziya proqramlarının peykdən paket yayımı təşkil ediləcəkdir.

“ Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsinin həyata keçirilməsi ilə region ölkələri arasında rəqəmsal fərqin aradan qaldırılması, güclü və dayanıqlı informasiya infrastrukturunun yaradılması hesabına ucuz və keyfiyyətli genişzolaqlı internetə çıxışın təmin edilməsi, e-ticarət, e-bazar sisteminin inkişaf etdirilməsi, eticarət əqdlərində iştirak edən iştirakçıların müdafiəsini və təhlükəsizliyini təmin etmək üçün qanunvericiliyin inkişaf etdirilməsi, həmçinin ölkənin qlobal informasiya məkanına inteqrasiyasının sürətləndirilməsi hədəflənir.

Qarşıdakı illərdə İKT və əqli mülkiyyətin qarşılıqlı təsirindən və əqli mülkiyyət hüquqları ilə qorunan bir çox obyektlərin qlobal rəqəmli şəbəkəyə miqrasiyasından

çıxış edərək, on-line lisenziyalaşmaya və one-stop-shops formatında xidmətlərin

göstərilməsinə əsaslanan rəqəmli hüquqların idarəçiliyi sistemi yaradılacaqdır.

Kompyuter, telefon və mobil rabitə istifadəçilərinin sayı, evdən internetə və geniş zolaqlı rabitə xidmətlərinə çıxışı olan ev təsərrüfatlarının ölkə üzrə bütün ev təsərrüfatlarında payı, şagirdlərin sayının onlara ayrılan kompyuterlərin sayına nisbəti kimi zəruri göstəricilər daha da yaxşılaşdırılacaq, xüsusilə, bölgələrdə İKT-nin tətbiqi genişləndirilməklə rəqəmli hazırlıq səviyyəsi yüksəldiləcəkdir. Telefon rabitəsi və internet xidməti tarifləri optimallaşdırılacaq, o cümlədən, TDM tipli ATS-lərin İP ATS-lərlə əvəz olunması, Wi-Fi texnologiyasının tətbiqinin daha da genişləndirilməsi, 4G texnologiyalı CDMA stansiyalarının qurulması həyata keçiriləcək, ölkədə universal telekommunikasiya və poçt xidmətlərinin təşkili başa çatdırılacaqdır.

Elektron hökumətin formalaşdırılması ilə bağlı tədbirlər ardıcıl və mərhələli qaydada dövlət orqanlarında müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini, vahid infrastruktur əsasında öz aralarında təhlükəsiz informasiya mübadiləsinin həyata keçirilməsini, funksional vəzifələr üzrə e-xidmətlərin göstərilməsini, mövcud informasiya təhlükəsizliyinin təmin edilməsini, səriştəli istifadəçi və mütəxəssislərin hazırlanmasını və digər vacib istiqamətlərdə fəaliyyətləri nəzərdə tutur.

 

7. İnsan kapitalının və sosial sahələrin inkişaf etdirilməsi

Konsepsiya çərçivəsində ölkədə əhalinin keyfiyyətli səhiyyə və təhsil xidmətləri

ilə təmin olunması və bu xidmətlərin müxtəlif sosial qruplar, o cümlədən aztəminatlı ailələr və yoxsul vətəndaşlar üçün əlçatanlığına nail olunması əsas strateji xətt olaraq ön plana çəkilir.

7.1. Əhalinin sağlamlığı və səhiyyə sahəsində qarşıda duran başlıca vəzifələr

Bu məqsədlərlə səhiyyəyə ayrılan vəsaitin ümumi daxili məhsulda payının

dinamik şəkildə artırılması və ayrılmış vəsaitin səmərəli və məqsədyönlü istifadə

olunmasını təmin edən mexanizmlərin formalaşdırılması nəzərdə tutulur. Səhiyyənin maddi-texniki bazasının gücləndirilməsi üçün tibb müəssisələrinin tikintisi, əsaslı təmiri və yenidən qurulması, tibb müəssisələrinin müasir tibbi avadanlıqla təchiz edilməsi həyata keçiriləcək, eyni zamanda səhiyyə islahatları planlı şəkildə davam etdiriləcəkdir. Səhiyyənin idarə olunmasında həddən artıq mərkəzləşmədən imtina edilməsi, idarəetmədə sırf icraçı funksiyalarının inzibati-iqtisadi formalarla əvəz  edilməsi üçün tədbirlər görüləcək və bununla da müxtəlif səviyyəli idarəetmə strukturlarının səlahiyyətlərinin səmərəli şəkildə ayırması və onların fəaliyyətinin əlaqələndirilməsi təmin ediləcəkdir.

İcbari tibbi sığortaya keçilməsi təmin ediləcək və onun əsasında tibbi yardımın keyfiyyətinə, pasiyentlərin hüquqlarının qorunmasına nəzarət mexanizmlərinin təkmilləşdirilməsinə şərait yaradılacaqdır. Səhiyyə sisteminin islahatları nəticəsində sahənin əsasən stasionar yardıma istiqamətləndirilmiş təbabətdən ilkin tibbisanitariya yardımının üstünlük təşkil etdiyi təbabətlə əvəzlənməsi reallaşdırılacaq, ailə həkimi praktikasının genişləndirilməsinə müvafiq şərait yaradılacaqdır. Eyni zamanda ambulator-poliklinika xidmətinin təkmilləşdirilməsi üzrə fəal və məqsədyönlü iş aparılacaqdır.

Dövlət tərəfindən sosial xəstəliklərlə (diabet, hemofiliya, talassemiya, onkoloji xəstəliklər, immunoprofilaktika, hemodializ, vərəm, QİÇS və s.) mübarizə, əhalinin sağlamlaşdırılması üzrə profilaktik tədbirlər, sanitariya-maarifi işi, narkomaniya, alkoqolizm və tütünçəkmə ilə mübarizə üzrə müxtəlif dövlət proqramları vasitəsilə həyata keçiriləcəkdir. Yoluxucu xəstəliklərin profilaktikası məqsədilə profilaktika tədbirlərinin aparılması işi gücləndiriləcək, müvafiq tədbirləri nəzərdə tutan 2015– 2020-ci illər üçün sanitariya-epidemioloji xidmətin inkişaf proqramı hazırlanacaqdır.

Bununla yanaşı, qeyri-infeksion xəstəliklərlə (tütünçəkmə, piylənmə, fiziki aktivliyin olmaması, spirtli içkilərdən sui-istifadə və s.) mübarizəyə dair 2013–2020-ci illəri əhatə edən xüsusi Strategiya qəbul ediləcək və sağlam həyat tərzi üçün şəraitin və imkanların yaradılması, əhalinin öz sağlamlığına məsuliyyətinin və marağının artırılması üçün maarifləndirmə işlərinin genişləndirilməsi istiqamətində əməli tədbirlər görüləcəkdir.

Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2013–2020-ci illəri əhatə edən Dövlət Proqramı qəbul ediləcək, uşaq və yeniyetmələr arasında profilaktik müayinələrin və dispanserizasiyanın aparılması işi gücləndiriləcəkdir.

Yoluxucu xəstəliklərlə mübarizənin gücləndirilməsi məqsədilə uşaqlar arasında immunoprofilaktika tədbirlərinin aparılması üçün bu sahədə müvafiq tədbirlər həyata keçiriləcəkdir. Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə milli fəaliyyət planı (2014–2020-ci illər) hazırlanacaq, uşaqlara göstərilən stasionar xidmətin gücləndirilməsi ilə bağlı uşaq tibb müəssisələri profilləşdiriləcəkdir.

Bunlarla bərabər, əsas həyati vacib dərman preparatlarının bütün əhali qrupları üçün fiziki və iqtisadi cəhətdən əlçatan olmasının, həmçinin dərman preparatlarının

keyfiyyəti, səmərəliliyi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə onların vahid

qeydiyyat sisteminin yaradılması üçün zəruri tədbirlər görüləcəkdir. Dərman bazarına lisenziyalaşmamış və aşağı keyfiyyətli dərman preparatlarının daxil olmasının qarşısının alınması istiqamətində əməli addımlar atılacaqdır.

Səhiyyə sahəsində kadr təminatının təkmilləşdirilməsi ən vacib məsələ kimi diqqət mərkəzində olacaq, tibb mütəxəssislərinin bilik və bacarıqlarının daim yüksəldilməsi üçün müvafiq mexanizmlər yaradılacaq, o cümlədən, xarici ölkələrdə təlimlər təşkil ediləcəkdir. Kənd yerlərində işləyən həkim və orta tibb işçiləri üçün uyğun həyat şəraitinin yaradılması üzrə müvafiq işlər görüləcək və təşviqləndirici maddi təminat mexanizmləri müəyyənləşdiriləcəkdir. Tibb işçilərinin əməyinin son nəticəyə görə qiymətləndirilməsi prinsipinin tətbiq olunması üçün tədbirlər həyata keçiriləcəkdir.

Əhalinin sağlamlıq monitorinqi üzrə müxtəlif tibbi elektron registrlər, vətəndaşların “elektron sağlamlıq kartı” sistemi və vahid səhiyyə informasiya sistemi yaradılacaqdır.

7.2. Müasir təhsil sisteminin formalaşdırılması

2013–2020-ci illərdə təhsil sahəsinə ayrılan vəsaitlərin ümumi həcminin ÜDMdəki payı ilbəil artırılaraq inkişaf etmiş ölkələrin müvafiq göstəricisi səviyyəsinə çatdırılacaqdır. Təhsildə keyfiyyətin yüksəldilməsi üçün stimullaşdırıcı mexanizmlər yaradılacaq, xüsusən adambaşına maliyyələşdirmə prinsipinin, həmçinin innovativ fəaliyyəti təşviqləndirən qrant maliyyələşdirməsinin tətbiqi genişləndiriləcəkdir.

Təhsildə idarəetmənin təkmilləşdirilməsi davam etdiriləcək, bütün maraqlı tərəflərin cəlb olunmasını təmin edən idarəetmə modelinə üstünlük veriləcəkdir. Bu, bütün növ təhsil müəssisələrinin müstəqilliyinin artırılması, ictimaiyyətin (valideyn, şagird, tələbə, yerli icma və s.) geniş şəkildə cəlb olunması vasitəsilə təhsil ocaqlarının dövlət-ictimai xarakterdə idarə olunması, digər müasir idarəetmə

texnologiyalarının tətbiq olunması və s. kimi istiqamətlərdə islahatyönlü tədbirlərlə

həyata keçiriləcəkdir.

Ölkə üzrə azyaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunma səviyyəsi orta Avropa göstəriciləri səviyyəsinə çatdırılacaqdır. Bu məqsədlə dövlət uşaq bağçaları

şəbəkəsinin genişləndirilməsi, şərait və təchizatının yaxşılaşdırılması ilə yanaşı müxtəlif mülkiyyət formasına aid olan (bələdiyyə, icma, özəl, ailə bağçaları) məktəbəqədər təhsil müəssisələrinin yaradılması və fəaliyyəti üzrə dəstəkləyici tədbirlər həyata keçiriləcək və təşviq mexanizmləri yaradılacaqdır.

Məktəblərin tikintisi və əsaslı təmiri sahəsində həyata keçirilən işlər davam etdiriləcək, ümumi təhsil müəssisələrinin şəbəkəsinin rasionallaşdırılması istiqamətində xüsusi proqram hazırlanıb həyata keçiriləcəkdir. 12 illik ümumi təhsil sisteminə keçid təmin ediləcək. Şagirdlərin idrak fəallığını, ümumi inkişafını ləngidən mövcud “yaddaş məktəbi”ndən “təfəkkür və düşüncə məktəbi”nə keçidin təmin olunması məqsədilə sistemli tədbirlər həyata keçiriləcəkdir. Tam orta təhsil səviyyəsində təhsil təmayüllər üzrə təşkil olunacaq, istedadlı uşaqlar üçün inkişafetdirici fərdi proqramlar yaradılacaqdır. Eyni zamanda, xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud uşaqlar üçün müxtəlif inkişafetdirici, korreksiyaedici və inklüziv təhsil proqramları tətbiq ediləcəkdir.

Ali təhsil müəssisələri üçün universitet şəhərcikləri (kampuslar) və müvafiq texnoparkların yaradılması reallaşdırılacaqdır. Ali təhsil müəssisələrinin ölkənin sosial-iqtisadi inkişaf tələblərinə uyğun bilik və bacarıqlara malik mütəxəssis yetişdirməsinə və onların təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsinə dəstək verən standartlar hazırlanıb tətbiq ediləcəkdir.

Təhsil sisteminin informasiyalaşdırılması, bütövlükdə təhsilin müasir səviyyədə qurulmasının əsas istiqamətlərindən biri kimi, daim diqqət mərkəzində olacaqdır. Bu məqsədlə 2013 - 2020-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin

informasiyalaşdırılması üzrə Dövlət Proqramı qəbul ediləcəkdir. Dövlət Proqramı

çərçivəsində Azərbaycanın bütün təhsil müəssisələri (o cümlədən ucqar bölgələrində yerləşən məktəblər) internet əlaqəsi ilə təmin olunacaq, hər bir təhsil

müəssisəsi lazımi texniki avadanlıqla təchiz olunacaq və bütün təhsil müəssisələrinin vahid Azərbaycan Təhsil Şəbəkəsinə qoşulması reallaşdırılacaqdır. Ümumtəhsil məktəblərində hər bir sinif otağı noutbuk, proyektor və elektron lövhə ilə, təhsil alan bütün şagirdlər 1 şagird – 1 kompyuter layihəsi çərçivəsində netbuk və ya planşetlərlə təmin ediləcəkdir.

Elektron təhsil texnologiyalarının tətbiqi əhəmiyyətli şəkildə genişləndiriləcək, müəllim və şagirdlər üçün virtual öyrənmə mühiti formalaşdırılacaqdır. Bu məqsədlə bütün fənlər üzrə elektron tədris və metodiki resursların yaradılması davam etdiriləcək, elektron resursların etibarlı saxlanılması və onlara asan çıxışın təmin olunması üçün “Bulud” texnologiyaları tətbiq olunacaqdır. Ödənişsiz əsaslarla fəaliyyət göstərən Açıq Təlim Resursları yaradılacaq, bu Resurslartəhsil prosesinə və müvafiq açıq istifadəyə müəllif-hüquq lisenziyaları ilə təmən olunmaqla inteqrasiya ediləcəkdir. “Elektron məktəb”lərin sayı 1000-ə çatdırılacaqdır.

Özünütəhsil və ömür boyu təhsilə artan tələbatın ödənilməsi üçün kitabxana fəaliyyətinin modernləşdirilməsi, rəqəmsal təhsil resurslarından istifadə imkanlarının genişləndirilməsi həyata keçiriləcəkdir. Elektron kitabxanaların sayı artırılacaq, Distant Təhsil Mərkəzi yaradılacaq, ali təhsil müəssisələrində distant təhsilin tətbiqi genişləndiriləcəkdir.

İKT -nin təhsilin idarəedilməsinə səmərəli inteqrasiyası davam etdiriləcək, təhsilin vahid informasiya sisteminin yaradılması yolu ilə informasiya əsaslı idarəetmə mexanizmlərinin tətbiq edilməsinə nail olunacaqdır. Elektron sənəd dövriyyəsi sisteminin tətbiqi genişləndiriləcək və nəticədə təhsil sisteminin idarəedilməsində şəffaflıq artırılacaqdır. Eyni zamanda, Təhsil TV onlayn televiziya kanalı yaradılacaq və geniş ictimaiyyətə təqdim olunacaqdır.

Təhsil sisteminin səmərəliliyində, onun nailiyyətlərinin formalaşmasında müəllim

amilinin həlledici əhəmiyyətini nəzərə almaqla müəllim hazırlığının gücləndirilməsinə xüsusi önəm veriləcəkdir. Bütün ümumi təhsil müəllimlərinin fəal/interaktiv təlim texnologiyaları və inklüziv təhsil üzrə məqsədli ixtisasartırması təmin ediləcək, hər bir müəllimin İKT bacarıqlarına yiyələnməsi üçün çevik sistem yaradılacaqdır.

Azərbaycanda müəllimlərin təkmilləşdirilməsi beynəlxalq standartlarla uzlaşdırılacaq, müəllimlər üçün yeni modul-kredit sisteminə əsaslanan stimullaşdırıcı ixtisasartırma sistemi inkişaf etdiriləcək, müəllimlərin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması, qabaqcıl müəllimlərin iş təcrübəsinin yayılması sahəsində müasir tələblərə uyğun mexanizmlər yaradılacaqdır. Bununla yanaşı, nəticələrə əsaslanan diferensial əmək haqqı və mükafatlandırma sistemi yaradılacaqdır. Pedaqoji kadrların işə qəbulu sahəsində tətbiq edilmiş yeni mexanizm beynəlxalq təcrübəyə uyğun daha da təkmilləşdiriləcək, ucqar kənd məktəblərinin pedaqoji kadrlarla təminatı üçün nəzərdə tutulmuş maddi stimullaşdırma tədbirləri gücləndiriləcəkdir.

Azərbaycan təhsilinin dünya və Avropa təhsil məkanına inteqrasiyası gücləndiriləcəkdir. Təhsil standartlarının unifikasiyası və Bolonya prosesinin dərinləşməsi ilə yanaşı Azərbaycanın təhsil ocaqlarının, xüsusilə də ali təhsil müəssisələrinin beynəlxalq əlaqələrinin genişləndirilməsinə, təhsil sahəsində həyata keçirilən beynəlxalq proqramlara onların fəal cəlb olunması üçün müvafiq şəraitin yaradılmasına xüsusi fikir veriləcəkdir.

Eyni zamanda, 2015-ci ilədək xarici ölkələrin aparıcı universitetlərində dövlət xətti ilə təhsil alan azərbaycanlı tələbələrin sayı 5 min nəfərə çatdırılacaq, xaricdə təhsil alaraq məzun olmuş mütəxəssislərin potensialından ölkənin inkişafında səmərəli istifadəsi təmin ediləcəkdir. 2015–2020-ci illər üçün gənclərin xarici ölkələrdə təhsil almalarına dair yeni Dövlət Proqramı qəbul ediləcəkdir.

7.3. Sosial müdafiə sisteminin təkmilləşdirilməsi

Ə halinin etibarlı sosial müdafiəsinin təşkili məqsədilə ölkədə sığorta-pensiya sisteminin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər hazırda fəaliyyətdə olan “2009–2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı” çərçivəsində davam etdiriləcəkdir. Həyata keçirilən pensiya islahatlarının daha da dərinləşməsi məqsədilə 2016–2020-ci illər üçün yeni Dövlət Proqramı hazırlanacaq. Reallaşdırılacaq tədbirlər nəticəsində məcburi dövlət sosial sığorta sistemi təkmilləşdiriləcək və özəl və dövlət təqaüd-yığım mexanizmləri yaradılacaqdır.

Məcburi dövlət sosial sığorta haqlarının müəyyən hissəsinin yığım hesabına yönəldilməsi və könüllü pensiya sığortasının tətbiqi, qeyri-dövlət pensiya fondlarının fərdi yığım hesablarında toplanan vəsaitlərin idarə olunmasına cəlb edilməsi məsələsi öz həllini tapacaqdır. Eyni zamanda, vətəndaşların öz fərdi hesablarında toplanmış sosial sığorta haqlarının məbləği barədə məlumatlara müxtəlif vasitələrlə asan çıxışı təmin olunacaq.

Sığortaedənlərin qeydiyyatının tam avtomatlaşdırılması, sığortaolunanların dövlət sosial sığorta sistemində avtomatlaşdırılmış qaydada uçota alınması, məcburi dövlət sosial sığortası üzrə hesabatların və sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatların elektron qaydada ötürülməsi və qəbulu, sığortaedənlərdə auditin elektron qaydada aparılmasına nail olunacaqdır. Qeyd olunanlarla yanaşı, ölkə vətəndaşlarının pensiya təyinatı üçün hər hansı sənədin təqdim edilməsinə ehtiyacın qalmaması və müvafiq müraciətin elektron qaydada ünvanlanması, vətəndaşların elektron müraciətləri əsasında pensiya təyinatının avtomatlaşdırılmış

qaydada vahid mərkəzdən aparılması tam reallaşdırılacaqdır.

İşləyən vətəndaşların layiqli həyat səviyyəsini təmin etmək məqsədilə iqtisadiyyatın inkişafından asılı olaraq minimum əməkhaqqının məbləğini minimum yaşayış standartlarına və Avropa ölkələrində müəyyən olunmuş normativə - orta aylıq əməkhaqqının 60 faizi məbləğinə tədricən çatdırılması istiqamətində tədbirlər görüləcək; əhalinin ümumi gəlirlərində əməyin ödənilməsinin payının artırılması üçün işlərin davam etdirilməsi və sosial müdafiə sahəsində müvafiq tədbirlərin həyata keçirilməsi əsasında əhalinin gəlirlər üzrə diferensiasiyasının azaldılmasına nail olunacaqdır. İşləyən vətəndaşların təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsi sahəsində iş gücləndiriləcək, əməyin mühafizəsi və əmək şəraitinin yaxşılaşdırılması üzrə Dövlət Proqramı hazırlanacaqdır.

Əmək və məşğulluq sahəsində milli informasiya sistemi yaradılacaq, əmək bazarında yaranan vəziyyətin monitorinqi və təhlili sistemi qurulacaq; qeyri-formal

məşğulluğun qarşısının alınması üzrə ciddi tədbirlər görüləcəkdir.

Əhalinin sosial təminat sistemi daha da təkmilləşdiriləcək, sosial xidmət göstərən dövlət müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, onların növləri və şəbəkəsinin genişləndirilməsi ilə yanaşı, bu sahədə fəaliyyət göstərən qeyri-dövlət və qeyri-kommersiya təşkilatları sektoru inkişaf etdiriləcəkdir.

Sosial təyinatlı mənzillərin (evlərin) sayı artırılacaq və əhalinin həssas qruplarının bu mənzillərdə yaşamaq üçün hüquqi çıxışları təmin ediləcəkdir.

Sosial müavinətlər unifikasiya ediləcək, onların məbləğlərinin artırılması üzrə həyata keçirilən tədbirlər davam etdiriləcəkdir. Uşaqlı ailələrə verilən müavinət sistemi təkmilləşdiriləcəkdir. Ölkədə müasir sosial müdafiə sisteminin qurulması və yoxsulluğun azaldılması məqsədilə ailələrin sosial yardımlara olan ehtiyaclarının müəyyən edilməsi qaydaları təkmilləşdiriləcək, ehtiyac meyarının minimum yaşayış standartlarına uyğunlaşdırılması üçün onun həddi mütəmadi olaraq artırılacaqdır.

Müasir sosial texnologiyaların tətbiq edilməsi yolu ilə sosial yardımların səmərəliliyi artırılacaq, mövcud ünvanlı dövlət sosial yardımı sistemi ilə yanaşı aktiv sosial yardım proqramlarının (özünədəstək, güzəştli sosial kreditləşmə) tətbiq olacaqdır.

Natamam, aztəminatlı çoxuşaqlı, valideyn himayəsindən məhrum olmuş uşaqları övladlığa götürmüş ailələrə əlavə dəstək mexanizmləri yaradılacaq və himayədar qayğı sisteminin genişləndirilməsi istiqamətində zəruri işlər həyata keçiriləcəkdir. Yetkinlik yaşına çatmayanların baxımsızlığının profilaktikası üzrə reabilitasiya mərkəzləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün bölgələrdə icma əsaslı reabilitasiya şəbəkəsi genişləndiriləcəkdir.

Əlil şəxslərin cəmiyyətdən təcrid olunmasının qarşısının alınması və social infrastrukturdan maneəsiz istifadəsi üçün müvafiq layihələr hazırlanacaq və həyata

keçiriləcək, habelə həmin şəxslərin bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsi,

onlar üçün məşğulluq imkanlarının artırılması məqsədilə sosial və peşə reabilitasiya müəssisələrinin sayı artırılacaqdır. Əlilliyi olan şəxslərin informasiya və kommunikasiya texnologiyalarından faydalanmaq, onların kommunikasiya sistemləri vasitəsilə informasiya əldə etmək imkanları genişləndiriləcəkdir.

Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların sıx məskunlaşdığı məkanlarda sosial infrastrukturun təkmilləşdirilməsi, həmçinin məşğulluğun artırılması məqsədi ilə yeni iş yerlərinin yaradılması, mikrokreditlərin

verilməsi, məcburi köçkün gənclərin dəstəklənməsi, peşə təlimi və s. kimi tədbirlərlə yanaşı, icmaların inkişafı, təhsil, səhiyyə proqramlarının genişləndirilməsi, yararsız binalarda fəaliyyət göstərən təhsil, səhiyyə müəssisələri üçün yeni binaların tikintisi və müvafiq avadanlıqlarla təchiz edilməsi həyata keçiriləcəkdir. Beynəlxalq maliyyə qurumları, BMT-nin agentlikləri, xüsusən BMT-nin QAK-la və digər beynəlxalq humanitar yardım təşkilatları ilə birlikdə Böyük Repatriasiya (“Böyük Qayıdış”) proqramı hazırlanacaq və bu barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılacaqdır.

Əmək miqrasiyası proseslərinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsi istiqamətində beynəlxalq əməkdaşlıq davam etdiriləcək, ölkə vətəndaşlarının əməkçi miqrantlar qismində xarici ölkələrə göndərilməsi işinin beynəlxalq təcrübəyə uyğun tənzimlənməsi təmin ediləcəkdir. Eyni zamanda, başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanmasını tənzimləyən işlək mexanizmin yaradılması, xaricdən işçi qüvvəsinin ölkəyə qanunsuz axınının qarşısının alınması, xarici ölkələrdə çalışan vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı müvafiq işlər görüləcəkdir.

Əhalinin təhlükəsizliyinin təmin olunması sahəsində böhran vəziyyətlərində fövqəladə halların xəbərdar və idarə edilməsi sisteminin təkmilləşdirilməsi, bu sahədə idarəetmənin avtomatlaşdırılması və informasiya texnologiyalarının tətbiqi,

mülki müdafiə, yanğın təhlükəsizliyi və xilasetmə işinin yüksək səviyyədə həyata

keçirilməsi, əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan

qorunması və fövqəladə hallarla bağlı maarifləndirilməsi istiqamətində zəruri tədbirlər həyata keçiriləcəkdir.

7.4. Gender bərabərliyinin təmin olunması və ailənin inkişaf etdirilməsi

Ölkədə gender problemi diqqət mərkəzində saxlanılacaq və onun həlli istiqamətində müvafiq tədbirlər həyata keçiriləcəkdir. Bu sahədə dövlət siyasətinin

əsas istiqamətlərini gender zorakılığı halların qarşısının alınması üzrə tədbirlərin

həyata keçirilməsi, qadınlar və kişilər üçün əmək bazarında bərabər imkanların yaradılması, qadınların işdə irəli çəkilmə, rəhbər vəzifə tutmaq imkanlarının daha da genişləndirilməsi təşkil edəcəkdir.

Ana və uşaqların sosial müdafiəsi və mühafizəsinin gücləndirilməsi, BƏT-in ratifikasiya olunmuş “Ailə öhdəlikləri olan işçilər haqqında” Konvensiyasına uyğun olaraq işləyən valideynlər üçün uşaq baxımının asanlaşdırılması, uşaq bağçalarının sayının artırılması və həmçinin, ailə planlaşdırma xidmətlərinin inkişaf etdirilməsi dəstəklənəcəkdir.

Qeyd edilən istiqamətlərin reallaşdırılması məqsədilə bir sıra məqsədli sənədlər qəbul ediləcəkdir. Bununla bağlı “Azərbaycan ailəsi strategiyası”nın, gender bərabərliyi üzrə Milli Fəaliyyət Planının, Uşaq Məcəlləsinin və Milli Uşaq Strategiyasının hazırlanması nəzərdə tutulur. Bununla yanaşı, “Ailə psixoloqu” institutu, məişət zorakılığına məruz qalmış qadınlar üçün yardım mərkəzləri və sığınacaqlar, həmçinin ölkədə zorakılıq, təhsildən yayınma və erkən nikah halları

üzrə monitorinq sistemi yaradılacaqdır.

7.5. Gənclərin potensialının və idmanın inkişaf etdirilməsi

A zərbaycan gənclərinin sağlam və fəal həyat tərzini təşviq etmək və onların cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədilə 2013-2023-cü illəri əhatə edən

Azərbaycan gənclərinin inkişaf Strategiyası, bədən tərbiyəsi və idmanın inkişafı üzrə 2012-2020-ci illəri əhatə edən Milli Strategiya və 2013-2016-cı illər üçün Dövlət Proqramı hazırlanaraq həyata keçiriləcəkdir.

Bu sahədə mövcud olan normativ-hüquqi baza mütəmadi olaraq təkmilləşdiriləcək, gənclərin, bədən tərbiyəsi və idmanın sistemli inkişafını dəstəkləmək məqsədilə rayon (şəhər) İcra hakimiyyəti başçıları yanında gənclərdən ibarət məşvərətçi orqan olan Şuralar yaradılacaq, bədən tərbiyəsi və idman işlərinin qurulması, aparılması və inkişafı işlərinə yerli bələdiyyə orqanlarının fəal surətdə cəlb edilməsi təmin olunacaqdır.

Gənclərin və gənc ailələrin mənzilə olan ehtiyaclarının qarşılanması məqsədilə sosial ipotekanın şərtləri daha da təkmilləşdiriləcək, sağlamlıq imkanları məhdud olan gənclər üçün istirahət və təlim mərkəzləri istifadəyə veriləcəkdir.

Gənclərə, xüsusilə ucqar və kənd yerlərində yaşayan gənclərə məlumatməsləhət xidmətləri şəbəkəsi genişləndiriləcəkdir. Gənc nəslin iş bacarıqlarının inkişafı məqsədilə gənclərin əmək və iqtisadi əlaqələrə erkən yiyələnməsi üçün effektiv forma və metodların tətbiqi həyata keçiriləcəkdir. Ölkə və xarici təhsil müəssisələrini bitirmiş gənc mütəxəssislərin Azərbaycanın bölgələrində işləməsinin təşviq edilməsi, bununla əlaqədar onlar üçün əlavə sosial dəstək mexanizmlərinin (ayrılan müavinətlərin və əməkhaqqına əlavələrin artırılması, xidməti mənzillərin ayrılması və s.) yaradılması və tətbiq edilməsi təmin ediləcəkdir.

2020 -ci ilə kimi ölkədə fəaliyyət göstərən bütün respublika idman federasiyaları, idman klubları (peşəkar klublar), uşaq-gənclər idman məktəbləri üçün müvafiq idman növləri üzrə ixtisaslaşdırılmış təlim-idman bazaları yaradılacaqdır.

Bədən tərbiyəsi və idman müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi üzrə aparılan işlər davam etdiriləcək, kadr hazırlığı məsələləri

daha da təkmilləşdiriləcək, bu sahədə çalışan mütəxəssislərin sosial müdafiəsi gücləndiriləcəkdir.

 

8. Qanunvericiliyin təkmilləşdirilməsi və institusional potensialın

gücləndirilməsi

Konsepsiyada nəzərdə tutulmuş hədəflərə nail olmaq məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi və müvafiq institusional potensialın gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçiriləcəkdir.

Q anunvericiliyin təkmilləşdirilməsində bazar iqtisadiyyatı şəraitində sağlam rəqabəti təmin edən səmərəli dövlət tənzimlənməsi prinsipi əsas götürüləcək, biznes mühitinin yaxşılaşdırılması, milli qanunvericilik bazasının beynəlxalq ticarət sisteminin tələblərinə uyğunlaşdırılması prioritetləri diqqət mərkəzində saxlanılacaq, qanunun aliliyinin təmin edilməsi məqsədilə icra intizamı və nəzarət sistemi gücləndiriləcəkdir.

Q anunvericilik təkmilləşdiriləcək, piratçılıq və kontrafaksiya da daxil olmaqla əqli mülkiyyət hüquqlarının pozulmasına qarşı səmərəli tədbirlər görüləcəkdir.

Hüquq mühafizə orqanlarının fəaliyyətinin müasir tələblərə uyğun qurulması, onların fəaliyyətində şəffaflıq və açıqlıq prinsiplərinin rəhbər tutulması təmin ediləcəkdir. Məhkəmə infrastrukturu təkmilləşdiriləcək, bu fəaliyyətə electron xidmətlər inkorporasiya ediləcək və vətəndaşların ədalət mühakiməsinə çıxış imkanları artırılacaqdır. Vətəndaşların (və xüsusilə bölgələrdə yaşayanların) hüquqi biliklərinin artırılması daim diqqət mərkəzində saxlanılacaqdır.

Konsepsiya çərçivəsində nəzərdə tutulmuş hədəflərin reallaşması baxımından institusional potensialın gücləndirilməsi özündə üç əsas istiqaməti ehtiva edəcəkdir: dövlət sektorunda insan resurslarının inkişaf etdirilməsi, elektron-hökumət fəaliyyətlərinin genişləndirilməsi, institusional islahatların davam etdirilməsi.

Dövlət qulluqçularının sosial müdafiə və sosial təminat sisteminin gücləndirilməsi, korrupsiyaya qarşı mübarizə tədbirlərinin genişləndirilməsi, bələdiyyələrin potensialının gücləndirilməsi və bələdiyyə idarəçiliyi sahəsində ixtisaslaşmış kadrların hazırlanması, qeyri-hökumət təşkilatlarının, xüsusilə, regionlarda fəaliyyətinin dəstəklənməsi ilə bağlı tədbirlər davam etdiriləcəkdir.

Dövlət resurslarının prioritet hesab olunan dövlət xidmətləri arasında bölgüsünə, səmərəli və qənaətcil şəkildə istifadə edilməsinə xüsusi diqqət yetiriləcəkdir. Demokratik və şəffaf idarəetmənin mühüm tərkib hissəsi kimi bərabərlik, tərəfsizlik və açıqlıq prinsiplərinə uyğun olaraq vətəndaşların dövlət tərəfindən yayımlanan məlumatlara çıxış imkanları artırılacaq, dövlət sektorunda bir sıra xidmətlər müvafiq sahə üzrə ixtisaslaşmış özəl müəssisələrə ötürüləcəkdir.

Konsepsiyaya uyğun olaraq, dövlət orqanlarında idarəçilik metod və mexanizmlərinin təkmilləşdirilməsi, vətəndaş və təşkilatların xidmətlərdən sadə, asan və sərbəst istifadəsi üzrə kompleks tədbirlər davam etdiriləcək, elektron kanallar vasitəsilə ictimaiyyətə təqdim edilən dövlət xidmətlərinin sayı artırılacaqdır.

Daxili bazarın təhlükəli məhsullardan qorunmasında, ticarətdə texniki maneələrin aradan qaldırılmasında və sahibkarlığın inkişafında əhəmiyyətə malik olan standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması, təkmilləşdirilməsi və inkişaf etdirilməsi ilə bağlı zəruri tədbirlər davam etdiriləcəkdir.

Beynəlxalq təcrübəyə əsaslanaraq, dövlət qurum və müəssisələrinin fəaliyyət sferaları üzrə prioritet inkişaf məqsədlərinin müəyyən edilməsi, həmin məqsədlərin

qəbul edilmiş müvafiq dövlət proqramlarına uyğunlaşdırılması və onların effektiv

şəkildə reallaşdırılması baxımından hər bir dövlət qurum və müəssisəsi tərəfindən

strateji planın hazırlanaraq həyata keçirilməsi nəzərdə tutulur.

 

9. Vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi

Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı və milli maraqlarının təmin olunması

demokratiyanın daha da dərinləşdirilməsini, dövlətlə vətəndaş cəmiyyəti institutları

arasında münasibətlərin daim müasirləşdirilməsini, QHT-lərin fəaliyyətinin stimullaşdırılmasını zəruri edir. Konsepsiyanın həyata keçiriləcəyi dövrdə vətəndaş

cəmiyyətinin inkişafı, dövlət orqanları ilə vətəndaş cəmiyyəti institutları arasında

əməkdaşlığın təkmilləşdirilməsi istiqamətində dövlət siyasəti davam etdiriləcəkdir.

B u məqsədlə “Vətəndaş cəmiyyətinin inkişafı sahəsində Milli Fəaliyyət Proqramı” hazırlanacaq və həyata keçiriləcəkdir. Proqramda vətəndaş cəmiyyətinin inkişafını stimullaşdıran, dövlət və özəl sektorun vətəndaş cəmiyyətinə dəstəyini gücləndirən yeni qanunvericilik aktlarının hazırlanıb qəbul edilməsi, QHT-lərin layihə və proqramlarına maliyyə yardımının artırılması, “QHT evləri”nin, tədris mərkəzlərinin yaradılması və digər məsələlər nəzərdə tutulacaqdır.

Dövlətlə ictimai təşkilatlar arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi, ictimai həyatın müxtəlif sahələrində mövcud olan problemlərin

alternativ həlli yolları ilə bağlı QHT-lərin əsaslandırılmış təklifləri diqqət mərkəzində saxlanılacaqdır. Mühüm əhəmiyyət kəsb edən dövlət proqramlarının hazırlanması prosesinə QHT-lərin cəlb olunması, dövlət komissiyalarının işində onların yaxından iştirakı təmin ediləcəkdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyinin dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara çatdırılması yönündə QHT-lərin potensialından daha səmərəli şəkildə istifadə olunacaqdır.

Vətəndaş cəmiyyətinin inkişafı üçün özəl sektorun donorçuluq fəaliyyətinin stimullaşdırılması və bu sahədə institusional səviyyəyə nail olmaq vacibdir. Milli

donor institutunun yaradılması korporativ sosial məsuliyyət mədəniyyətinin formalaşmasına, transmilli şirkətlərin, böyük biznes qurumlarının sosial sərmayə proqramlarının atmasına təkan verəcəkdir. Buna nail olmaq məqsədilə korporativ məsuliyyət üzrə strategiya və dövlət proqramları hazırlanacaq, qanunvericiliyə müvafiq dəyişikliklər ediləcəkdir.

Konsepsiyanın həyata keçirildiyi müddətdə vətəndaş cəmiyyəti təşəbbüslərinin nəzərə alınaraq tətbiq olunması dövlət orqanları ilə QHT-lər arasındakı qarşılıqlı münasibətləri daha da dərinləşdirəcək, regionlarda QHT-lərin sayı artacaq və maddi-texniki bazası gücləndiriləcəkdir.

Konsepsiyanın icra olunduğu uzunmüddətli perspektivdə söz və məlumat azadlığının inkişafına yönəlmiş tədbirlər davam etdiriləcək, informasiya sektorunu və KİV-lərin fəaliyyətini tənzimləyən milli qanunvericilik bazası beynəlxalq standartlara uyğun təkmilləşdiriləcək, informasiya sektorunda müasir texnologiyaların tətbiqi, KİV-lərin iqtisadi müstəqilliyinin gücləndirilməsi, onların potensialının yüksəldilməsi, qlobal informasiya məkanında öncül mövqelər əldə etməsinə hərtərəfli dəstək göstəriləcəkdir.

Qlobal transsərhəd informasiya-telekommunikasiya şəbəkəsinin, informasiya cəmiyyətinin formalaşdığı hazırkı dövrdə informasiya sektorunda prioritetlərin müəyyənləşdirilməsi və reallaşdırılması üçün zəruri tədbirlər görüləcək, müasir metodoloji və texniki yeniliklərinin öyrənilməsi və tətbiqi sürətləndiriləcəkdir. Qlobal şəbəkədə milli informasiya resurslarının kəmiyyət və keyfiyyətinin yüksəlməsi, onların əhatə dairəsinin genişlənməsi, beynəlxalq ictimai rəyə təsir imkanlarının güclənməsi qarşıda duran əsas vəzifələrdən biri olacaqdır.

Müasir dövrdə ictimai fikrin formalaşması və ifadə olunmasını təmin edən təsirli vasitə kimi, KİV-lərin cəmiyyət həyatında rolu və əhəmiyyəti yüksəlir. Buna görə də onların fəaliyyətində şəxsiyyət, cəmiyyət və dövlət maraqlarının tarazlaşdırılmasına və informasiya təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş hüquqi, iqtisadi, təşkilati və texnoloji tədbirlərin həyata keçirilməsi dövlətin informasiya siyasətinin başlıca istiqamətlərindən birini təşkil edəcəkdir.

Azərbaycan dövləti informasiya sektorunda yeni təzahürləri stimullaşdırmaqla yanaşı, həm də ənənəvi informasiya resurslarının fəaliyyətinin səmərəli şəkildə təşkilinə, onların maddi-texniki bazasının möhkəmlənməsinə dəstəyini davam etdirəcəkdir. “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu vasitəsilə KİV layihələrinin maliyyələşdirilməsi ilə yanaşı, onlara subvensiyalar, subsidiyalar, güzəştli kreditlər ayrılacaqdır. Azərbaycanın regionlarında fəaliyyət göstərən KİV-lərin inkişaf etdirilməsi məqsədilə redaksiyalara ünvanlı yardımlar göstəriləcək, “Mətbuat Evləri”, regional mətbəələr yaradılması dəstəklənəcəkdir. KİV-lərin iqtisadi müstəqilliyini təmin etmək məqsədilə reklam bazarının genişləndirilməsinə stimul veriləcək və bu sahədə mövcud problemlər aradan qaldırılacaqdır.

Kütləvi informasiya vasitələri əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi və mənzil-məişət problemlərinin həlli ilə bağlı dövlət siyasəti davamlı xarakter daşıyacaq.

Jurnalistlərin peşəkarlığının yüksəldilməsi demokratik, məsuliyyətli mətbuatın formalaşmasının əsas şərtlərindən biridir. Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün jurnalistika sahəsində kadrların hazırlanmasına diqqət artırılacaq, Azərbaycan

jurnalistlərinin peşəkarlığının artırılması məqsədilə beynəlxalq təşkilatlar və xarici

jurnalist qurumları ilə birgə tədbirlər davam etdiriləcəkdir.

2005-ci ildə qəbul edilmiş “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin fəaliyyəti təkmilləşdiriləcək, internet informasiya resursları inkişaf etdiriləcəkdir. Kütləvi informasiya vasitələrinin informasiya əldə etmək və yaymaq hüququnun təmin olunması, dövlət orqanları ilə KİV-lər arasında qarşılıqlı etimadın artırılması və əməkdaşlığın gücləndirilməsi sahəsində tədbirlər sürətləndiriləcəkdir.

 

10. Mədəni irsin qorunması və səmərəli idarə edilməsi

Azərbaycan xalqının zəngin adət və ənənələrinin təbliği, milli bayram və mərasimlərin qorunub saxlanılması, tarixi rəmz və sirlərin rekonstruksiyası, milli

musiqi və rəqslərin təşviqi, şifahi xalq yaradıcılığının qorunması, xalq oyun və tamaşalarının bərpası, təsviri, dekorativ və miniatür sənətinin zəngin ənənələrinin

inkişaf etdirilməsi, dünyanın nüfuzlu muzeylərində saxlanılan Azərbaycan incəsənəti nümunələrinin öyrənilməsi və onların Azərbaycana aid olmasının təsdiqlənməsi, UNESCO, ISESCO, TÜRKSOY və digər beynəlxalq təşkilatlarda təsviri sənətimizin təbliği və tanıdılması istiqamətində zəruri işlər görüləcəkdir.

Qeyri-maddi mədəni irsin tərkib hissələrinin qanunsuz mənimsənilməsini və əsassız itkiləri nəzərə alaraq, kollektiv generasiya olunan və nəsildən-nəslə ötürülən yaradıcılıq nailiyyətlərinin və innovasiyaların qorunub saxlanılması, folklore nümunələrinin və ənənəvi biliklərin YUNESKO-nun xüsusi qorunma siyahısına daxil edilməsi üçün əlavə tədbirlər həyata keçiriləcək, həmçinin bu istiqamətdə milli qanunvericiliyin kompleks şəkildə təkmilləşdirilməsi, müəlliflik hüququ və əlaqəli hüquqların qorunması, beynəlxalq normativ hüquqi bazanın tətbiqi və inkişafında iştirak təmin ediləcəkdir. Mədəniyyət sahəsində maddi-texniki bazanın müasir standartlara uyğun qurulması, informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi, dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin istifadəsində səmərəliliyin artırılması və qanunla qadağan edilməyən mənbələrdən vəsaitlərin cəlb edilməsi istiqamətində sistemli tədbirlər həyata keçiriləcəkdir. Bununla yanaşı, ödənişli mədəni xidmətlər sisteminin, orta və ali təhsil müəssisələrində mədəniyyət haqqında tədris kursunun yaradılması üzrə zəruri işlər görüləcəkdir.

Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası və qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafı üzrə 2013-2020-ci illər üçün Dövlət Proqramının qəbul edilməsi məqsədilə bu sahədə vahid electron məlumat baza və reyestr yaradılacaqdır.

Arxeoloji irsin qorunması və səmərəli idarə edilməsi istiqamətində ölkəmizdə arxeoloji irsin tətbiqini həyata keçirən təşkilatların fəaliyyətinin dəstəklənməsi, arxeoloji zonaların və qədim şəhər yerlərinin tədqiqinin başa çatdırılması və həmin

ərazilərin mədəniyyət və turizm təyinatlı istifadəyə uyğunlaşdırılması məqsədilə

zəruri işlər həyata keçiriləcəkdir.

Respublikada sosial, iqtisadi və mədəni inkişaf nəzərə alınmaqla, muzey işinə yeni yanaşma, muzeylərin fondlarında saxlanılan əşyaların tam mühafizəsini təmin etmək məqsədilə beynəlxalq standartlara uyğun muzey əşyaları haqqında məlumatların elektron bazası yaradılacaq və muzeylərin mərkəzləşdirilmiş informasiya sistemi təşkil ediləcəkdir. Muzeylərin əsaslı təmiri və tikintisi, onların

maddi-texniki bazasının gücləndirilməsi, yeni muzeylərin yaradılması üzrə işlər davam etdiriləcək.

İşğal olunmuş ərazilərdə oğurlanmış muzey əşyalarının qaytarılması, dünya muzeylərində saxlanılan Azərbaycan mənşəli eksponatların tədqiqi və Azərbaycana məxsusluğunun sübutu üçün materialların toplanması üzrə aparılan iş davam etdiriləcək.

Azərbaycan qeyri-maddi mədəni irsinin mədəni-siyasi təminat mexanizmlərinin inkişafı ilə yanaşı, diyarşünaslıq, folklor və xalq tətbiqi sənəti sahələrinin bilavasitə təşkil edilməsi üçün ardıcıl tədbirlər görüləcək, bu sahədə beynəlxalq təbliğat işlərinin aparılması prioritet vəzifə olaraq qalacaqdır.

Azərbaycan dili, Azərbaycan mədəniyyəti və tarixi ilə dünya ölkələrinin tanış edilməsi məqsədilə xüsusi proqram və fəaliyyət planı hazırlanacaq və həyata keçiriləcəkdir.

Ölkədə xüsusi sosial qrupların mədəniyyət obyektləri və xidmətlərindən istifadə etmə imkanlarının genişləndirilməsini nəzərdə tutan fəaliyyət inkişaf etdiriləcəkdir.

Eləcə də nəşriyyat işi və kitab sənəti sahəsi üzrə müvafiq dövlət proqramlarının hazırlanması, ölkənin kitabxana-informasiya şəbəkəsinin inkişafı, kitabxana fondlarının ədəbiyyat və müasir informasiya daşıyıcıları ilə təmin edilməsi, mədəni

sahədə fəaliyyət göstərən özəl təsisatlara dövlət dəstəyinin artırılması üzrə zəruri işlər həyata keçiriləcəkdir.

 

11. Ətraf mühitin qorunması və ekologiya məsələləri

Konsepsiyanın əsas hədəflərindən biri ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa nail olmaqdır. Biomüxtəlifliyin qorunması, yanacaq-enerji kompleksinin ətraf mühitə mənfi təsirlərinin neytrallaşdırılması, dənizin və onun akvatoriyasının çirklənməsinin aradan qaldırılması və qorunması, yaşıl ərazilərin bərpası və mövcud resursların effektli şəkildə mühafizəsi istiqamətində zəruri tədbirlər gələcəkdə də davam etdiriləcəkdir.

Meşə salınması və bərpa işləri sayəsində meşə sahələrinin ümumi torpaq sahələrinə olan nisbəti artırılacaq, yolkənarı ərazilərin və atmosfer havasının qorunması, eləcə də nəqliyyatın hərəkətindən yaranan səs-küyün azaldılması məqsədilə yolqoruyucu yaşıllıqlar yaradılacaqdır. Atmosfer havasına atılan zərərli maddələrə dair qəbul edilmiş Avropa standartlarına uyğun milli standartlar hazırlanaraq tətbiq ediləcəkdir.

Konsepsiyanın əhatə etdiyi dövrdə Azərbaycanda orta hesabla bir vahid ÜDM istehsalı üçün istifadə edilən enerjinin və emissiya olunan karbon dioksidin miqdarının İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələri üzrə müvafiq göstəriciyə yaxınlaşdırılması nəzərdə tutulur ki, bu da minilliyin inkişaf məqsədlərinin reallaşdırılması baxımından əhəmiyyətlidir.

Xammala qənaət, təbii sərvətlərdən səmərəli istifadə edilməsi və ətraf mühitin qorunması məqsədilə tullantıların təkrar istifadəsi, zərərsizləşdirilməsi, utilizasiyası, həmçinin az tullantılı və ya tullantısız texnologiyaların tətbiqi istiqamətində zəruri işlər görüləcəkdir. Tullantıların idarə edilməsi sahəsində mütərəqqi üsullardan istifadə olunacaq, sənaye və məişət tullantılarının təkrar emalı üzrə müəssisələr yaradılacaqdır.

Daşqın və subasma ilə bağlı fövqəladə halların baş verməsi gözlənilən zonalar müəyyənləşdiriləcək, müvafiq qurumların istifadəsi üçün mütəmadi olaraq proqnozlar tərtib ediləcəkdir.

Torpaq ehtiyatlarının səmərəli idarə olunması məqsədilə səhralaşma proseslərinin qarşısının alınması, iri sənaye və dağ-mədən obyektlərinin fəaliyyəti nəticəsində yararsız vəziyyətə düşmüş torpaqların reabilitasiyası, kənd təsərrüfatına yararlı torpaqlardan istifadə sisteminin təkmilləşdirilməsi, torpaqların antropogen çirklənmədən qorunmasının gücləndirilməsi ilə bağlı tədbirlər həyata keçiriləcəkdir.

Son on ildə Azərbaycanda şəhər əhalisinin xüsusi çəkisi nisbətən yüksəlmişdir. Urbanizasiya tendensiyanın növbəti illərdə də davam etməsi gözlənilir ki, bu da şəhər infrastrukturunun formalaşdırılması ilə bağlı qarşıya yeni tələblər qoyur. Paytaxtda və ölkənin digər yerlərində aparılan (həm dövlət, həm də özəl sektor tərəfindən) tikinti işləri zamanı ətraf mühitə zərər verilməməsi, sənayenin bütün sahələrinin inkişafı üzrə tədbirlər həyata keçirilərkən ətraf mühitin mühafizəsi tələbləri ön planda olacaqdır.

Konsepsiyanın əhatə etdiyi dövr ərzində mənzil-kommunal təsərrüfatı sahəsində köklü islahatlar aparılacaq, ölkə əhalisinin təkmilləşdirilmiş su xidmətlərinə və kanalizasiya sisteminə çıxışı yaxşılaşdırılacaq, şəhər və qəsəbələr təmizləyici qurğularla təmin ediləcək, bu sahədə monitorinq sistemi təkmilləşdiriləcəkdir.

Yeni istilik təchizatı sistemi qurulacaq, istilik təchizatı zonası genişləndiriləcək, yeni istilik təchizatı mənbələri tikilərək iqtisadi cəhətdən səmərəli olmayan qazanxanalar ləğv ediləcəkdir.

Bütün bunlarla yanaşı, ətraf mühitin mühafizəsinə dair qanunvericiliyin qabaqcıl beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi, səmərəli monitorinq və nəzarət mexanizmlərinin yaradılması üzrə əməli addımlar atılacaqdır. Eyni zamanda, ekologiya və təbiətin mühafizəsi sahəsində elmi araşdırma fəaliyyətinin dəstəklənməsi tədbirləri həyata keçiriləcək və bu cür fəaliyyət üçün zəruri olan infrastrukturun yaradılması hədəflənəcəkdir. Ölkədə ətraf mühitin qorunması üçün beynəlxalq əməkdaşlıq əlaqələrinə, ətraf mühitin mühafizəsi mədəniyyətinin aşılanması məqsədilə ictimai məlumatlandırma tədbirlərinə xüsusi diqqət yetiriləcəkdir.

Keçidlər