Şriftin ölçüsü :

Saytın rəngi :

Rəhimli İlham Əziz oğlu - Azərbaycan teatrşünas-tənqidçisi, jurnalist, əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor, , Prezident təqaüdçüsü

İlham Rəhimli 1949-cu il sentyabrın 8-də Yevlax rayonunun Malbinəsi kəndində doğulub. Yevlaxdakı 1 saylı orta məktəbin on birinci sinifini 1966-cı ildə bitirib. Bir il Yevlaxdakı 4 saylı avtobazada çilingər işləyib. 1967-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsinə daxil olub. Bu ali məktəbi fərqlənmə diplomu ilə bitirib (1972). Hələ institutun son kursunda oxuyanda "Kommunist" (indiki "Xalq qəzeti") qəzeti redaksiyasına təcrübə keçməyə göndərilib. Təcrübə zamanı bir neçə məqaləsi çap olunub. Redaksiyanın yazılı məktub-tələbnaməsinə əsasən təyinatla "Kommunist" (indiki "Xalq qəzeti") qəzetinə işə göndərilib. Hərbi xidmətdən sonra (may 1973 - may 1974) yenə redaksiyaya qayıdıb. Müxtəlif illərdə ədəbi işçi, baş müxbir, felyeton və publisistika, mədəniyyət şöbələrinin müdiri işləyib. "Azərbaycan" qəzetinin baş redaktoru, prezident aparatının humanitar siyasət şöbəsinin məsul işçisi işləyib (1991 - 1993). Həmçinin 1993-cü ildən 2003-cü ilə kimi Akademik Milli Dram Teatrının ədəbi hissə müdiri olub.
Teatra aid ilk yazısı dövri mətbuatda 1969-cu ildə "Azərbaycan gəncləri" qəzetində çap olunan İlham Rəhimli səhnə sənətinə, kinoya, təsviri incəsənətə, dramaturgiyaya, aktyor və rejissor peşəsinə, mədəniyyətin müxtəlif problemlərinə aid minə yaxın məqalənin müəllifidir. İlham Rəhimli 1975-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr tarixi kafedrasında dərs deyir. 2007-ci ilin aprel ayından Azərbaycan Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətinin "Maarifçilik" redaksiyasında baş redaktor vəzifəsində çalışıb. 2011-ci il aprel ayının 14-dən Mədəniyyət kanalının direktor müavinidir.
Azərbaycan Televiziyasında "Ekran. Kino. Yeniliklər", "Teatr", "Yeni tamaşalar", "Aktyorlar və rollar", "Sərbəst söhbət" verilişlərinin müəllif-aparıcısıdır. Azərbaycan Jurnalistlər İttifaqının, Rəssamlar İttifaqının, Azərbaycan Teatr Xadimləri İttifaqının, Yazıçılar Birliylnin üzvüdür.
Nəzəriyyəçi alim, milli teatrımızın tədqiqatçısı kimi  Dehli, Praqa, Moskva, Tehran, Dəməşq, Kiyev, İstanbul, Berlin, Brüssel, Paris, Roma şəhərlərində Beynəlxalq teatr simpoziumlarında elmi məruzələrlə çıxışlar edib. Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" (5 may, 1977), Azərbaycan Teatr Xadimləri İttifaqının "Qızıl Dərviş" (10 mart 1992), "Humay" mükafatlarıı laureatıdır.
1989-cu il sentyabrın 1-də ona Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adı verilib. Sənətşünaslıq doktoru və professorudur.

10 may 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

10 mart 2021-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Sənətkar" medalı təltif olunub.

Keçidlər