Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 12) 562-48-32; 1646

Suallar və cavablar

 
Elvin Abduallayev 01.10.2018
  • Salam. Sulutəpə qəsəbəsi ərazisində nəqliyyat problemləri mövcuddur. Fəaliyyət göstərən 102 nömrəli avtobus Xocasən yolundan keçir və əhali ən azı 15-20 dəqiqəlik yolu piyada getmək məcburiyyətində qalır. Zəhmət olmasa sözü gedən məsələ ilə əlaqədar köməklik göstərəsiniz. Digər məsələsi isə qəsəbə daxili yollar qənaətbəxş deyil. Problemlərin həlli istiqamətində müvafiq tapşırıq verməyinizi Sizdən xahiş edirəm.
  • Hörmətli Elvin Abdullayev! Yeni marşurut xəttinin açılması ilə bağlı sorğunuza cavab olaraq bildiririk ki, sözü gedən məsələ Rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricində olduğundan aidiyyəti üzrə Bakı Nəqliyyat Agentliyinə müraciət etməyiniz tövsiyə olunur. Digər məsələ ilə əlaqədar isə bildiririk ki, yol infrasturukturunun yaxşılaşdırlması digər rayonlarda olduğu kimi Binəqədi rayonundada mərhələli şəkildə Dövlət Proqramına uyğun olaraq keçirilir.
 
Rufanə İbrahimzadə - 17.09.2018
  • Salam, internetdə iş axtararkən təsadüfən Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində Dövlət Məşğulluq İdarəsinin vakant vəzifələrinə rast gəldim, Lakin ora öz “cv”-mi göndərə bilmirəm. Bakalavr təhsilimi Lənkəran Dövlət Universitetində (İqtisadiyyat və idarəetmə fakültəsi, Ekologiya ixtisası), magistr təhsilimi isə Azərbaycan Dövlət İqtisad Universitetində (MBA-Biznesin təşkili və idarə edilməsi ümumi təyinatlı) almışam. Zəhmət olmasa “cv”-mi saytınızda mövcud olan vakant yerlərə necə göndərəcəyəm haqda məlumat verəsiz. Əvvəlcədən təşəkkürlər.
  • Ünvanladığınız suala cavab olaraq bildiririk ki, Binəqədi Rayon Məşğulluq Mərkəzində müxtəlif peşə kateqoriyaları üzrə vakant yerlər mövcuddur. Aidiyyəti üzrə Mərkəzə müraciət etməyiniz tövsiyə olunur. Məşğulluq Mərkəzi haqda ətraflı məlumatı saytımızda mövcud olan “Rayon İdarələri” bölməsində “Məşğulluq Xidməti” adlı alt bölmədən əldə edə bilərsiz. Eyni zamanda saytımızda “Yeni İş Yerləri” bölməsində hər ay yenilənən alt bölmə “Vakansiyalar bölməsi” vardır ki, vakansiyalar barədə məlumatları həmin bölmədən əldə edə bilərsiz.
 
Ayaz Məmmədov, 02.06.2018
  • Yazıb, Sizdən xahiş edirəm ki, məni və ailə üzvlərimi Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mikayıl Mikayılov küçəsi, ev 15 ünvanına qeydiyyata düşməmə köməklik edəsiz. Qeyd etmək istərdim ki, hazırda qeydiyyatda olduğumuz Qaradağ rayonu, Sanqaçal qəsəbəsi, Dəmiryolçular küçəsi, ev 44-dən müəyyən səbəblərə görə çıxarılacağıq.
  • Məlumat üçün bildiririk ki, qeydiyyata alınmağınız Rayon İcra Hakimiyyəti səlahiyyətləri xaricində olduğundan, həmin məsələ ilə əlaqədar aidiyyatı üzrə Binəqədi Rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi şöbəsinə və ya ASAN Xidmət mərkəzinə müraciət etməyiniz tövsiyə olunur.
 
Zəkiyyə Əsgərova, 05.05.2018
  • Yazıb, Sizə bildirirəm ki, hal-hazırda müvəqqəti yaşadığım ünvandan ailəmlə birlikdə çıxarılmışam. Hazırda 8 nəfərdən ibarət ailəmlə birlikdə evsiz qalmışıq. Qeydiyyatımız Rayon Polis İdarəsinədi. Vəziyyətimiz olduqca çətindir. Mənzil məsələsinin yaxşılaşdırılması ilə bağlı bizə kömək etməyinizi Sizdən xahiş edirəm.
  • Sualınıza cavab olaraq, Rayon İcra Hakimiyyəti tərəfindən “Qarabağ əlilləri”, “şəhid ailələri” və “ümumi xəstəlik əlilləri” olan vətəndaşlar mənzil növbəsinə götürülür. Qanunvericiliklə  onlara düşdüyü halda yaşayış yeri üzrə Rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülür. Növbəyə götürüldükdən sonra növbəlilik qaydasında AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə təmin olunurlar. Odur ki, yuxarıda sadalanan güzəştləri təsdiq edən hüquq müəyyən edici sənəd ilə birgə RİH-ə müraciət etməyiniz tövsiyə olunur. Əlavə olaraq bildiririk ki, Rayon İcra Hakimiyyətinin balansında boş mənzil yoxdur.
 
Şəbnəm Bayramova, 02.05.2018
  • Salam. Yazıb, Sizdən xahiş edirəm ki mənim işlə təmin olunmağıma köməklik göstərəsiniz. 2006-cı ildə Azərbaycan Respublikası Hərbi Komissarlığına kadrlar şöbəsinə rəis köməkçisi vəzifəsinə işə düzəlmişəm. Kargüzar və müfəttiş kimi çalışmışam. 2011-ci ildə öz xahişimlə işdən azad olunmuşam. Himayəmdə xəstə təqaüdçü anam var. Hal-hazırda heç bir yerdə işləmirəm. Xahiş edirəm mənə işlə bağlı köməklik göstərəsiniz. Əvvəlcədən təşəkkürümü bildirirəm.
  • Ünvanladığınız suala cavab olaraq bildiririk ki, Binəqədi Rayon Məşğulluq Mərkəzində müxtəlif peşə kateqoriyaları üzrə vakant yerlər mövcuddur. Aidiyyəti üzrə Mərkəzə müraciət etməyiniz tövsiyə olunur. Eyni zamanda saytımızda mövcud olan “Yeni İş Yerləri” bölməsində hər ay yenilənən alt bölmə “Vakansiyalar bölməsi” vardır ki, vakansiyalar barədə məlumatları həmin bölmədən əldə edə bilərsiz.
 
İlham Rüstəmov, 04.04.2018
  • Yazıb sizə bildirmək istərdim ki, mən Rüstəmov İlham Akif oğlu 24.06.2005-ci ildən Mənzil-uçot siyahısının hərbi xidmət vəzifəsinin yerinə yetirməklə əlaqədar əlil olmuş şəxslər siyahısına götürülmüşəm. Ailə tərkibimin dəyişməsi haqqında məlumat verməyimə baxmayaraq, say əvvəlki rəqəm kimi göstərilir. Xahiş edirəm nəzərə alasınız.
           Təşəkkür edirəm.
           Hörmətlə, İlham Rüstəmov.
  • Müraciətinizlə bağlı aparılmış araşdırma zamanı məlum olmuşdurki siz, hərbi xidmət vəzifələrinizi yerinə yetirərkən II qrup əlil və ehtiyyatda olan zabit kimi Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 24 iyun 2005-ci il tarixli 124 saylı sərəncamı ilə ailə tərkibiniz 2 nəfər (özünüz və həyat yoldaşınız) mənzil növbəsinə götürülmüsünüz. 28 may 2010-cu il tarixdə qızınızın anadan olması səbəbindən BRİH başçısı 30 dekabr 2010-cu il tarixli 221 saylı sərəncamı ilə yuxarıda qeyd olunan sərəncama dəyişiklik edilmiş, sizin ailə üzvləriniz 3 nəfər hesab olunmuşdur. Dünyaya gələn növbəti uşağınızın sənədlərini Rayon İcra Hakimiyyətinə gələrək, müvafiq şöbəyə təqdim etməyiniz tövsiyə olunur.
 
Nihad Eyvazov, 14.03.2018
  • Novruz bayramında əhalinin bazar qiymətlərindən daha ucuz ərzaq və kənd təsərrüfatı malları ilə təmin olunması məqsədilə təşkil ediləcək yarmarkalar Binəqədi rayonunun hansı ərazisində keçirilir?
  • Novruz bayramı ilə əlaqədar Binəqədi rayonunda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları keçirilir. Dərnəgül yaşayış sahəsi, Koroğlu Rəhimov küçəsi 53 saylı binanın arxasında keçirilən yarmarka hər həftənin şənbə və bazar günləri təşkil olunur. Yarmarkanın keçirilməsində məqsəd Novruz bayramı ilə əlaqədar sakinlərimizin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımı və möhtəkirliyin qarşısının alınmasıdır.
 
Ruslan Məmmədov, 09.03.2018
  • Salam. Mən iş axtarıram. Yaşıma görə işə qəbul etmirlər. Ailəliyəm işə cox ehtiyacım var.
  • Binəqədi Rayon Məşğulluq Mərkəzində müxtəlif peşə kateqoriyaları üzrə vakant yerlər mövcuddur. Aidiyyəti üzrə Mərkəzə müraciət etməyiniz tövsiyə olunur. Eyni zamanda saytımızda mövcud olan “Yeni İş Yerləri” bölməsində hər ay yenilənən alt bölmə adlı “Vakansiyalar bölməsi” açılmışdır.Vakansiyalar barədə məlumatları həmin bölmədən əldə edə bilərsiz.
 
Cəmilə Həsənova, 09.12.2017
  • Binəqədi şosesində yağan yağışlar nəticəsində yaranmış subasma halları və tıxac problemləri nə vaxt həllini tapacaq?
  • Binəqədi şosesində yol boyu yağış sularının kənarlaşdırılması üçün yeni yağış kollektorunun inşası ilə bağlı "Azəravtoyol" və "Azərsu" ASC-lər tərəfindən işlər aparılıb, aidiyyəti qurumlar tərəfindən yeni su və qaz xətləri çəkilib, rabitə və enerji xətləri yoldan kənarlaşdırılıb. Hazırda həmin yağış kollektoruna səth sularının ötürülməsi üçün yol kənarında yağış-kanalizasiya quyularının inşası və kollektora qoşulması işləri aparılır. "Azəravtoyol" ASC və "Azərsu" ASC, Binəqədi Rayon İcra Hakimiyyəti və digər aidiyyəti qurumlar Binəqədi şosesində yaranan problemlərin aradan qaldırılması üçün müvafiq işlər görürlər. Yaxın müddətdə bu işin nəticəsini əyani olaraq görmək mümkün olacaq.

 

Elşən Məmmədov, 05.09.2017

  • Bilmək istərdim ki, yaşayış evlərinə yaxın ərazilərdə yerləşən məişət tullantıları üçün konteynerlərin yerinin dəyişdirilməsi və yeni konteynerlərin istifadəyə verilməsi nəzərdə tutulubmu?
  • Məlumat üçün bildiririk ki, əksər hallarda istehsalat tullantılarının (tikinti tullantıları, ağac budaqları), iri ölçülü məişət əşyalarının (müxtəlif mebel məmulatları), məişət cihazlarının (soyuducu, paltaryuyan və s.) konteynerlər yerləşən əraziyə, konteyner meydançalarına və konteynerlərə  atılması halları müşahidə olunur. Nəzərinizə çatdırmaq istərdik ki, məişət tullantılarının daşınması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2005-ci il tarixli 74 nömrəli Qərarına əsasən “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanması, müntəzəm daşınması və zərərsizləşdirilməsi” Qaydalarına əsasən həyata keçirilir. Hal-hazırda rayon ərazisində yaşayış evlərinə yaxın ərazilərdə yerləşən məişət tullantıları üçün konteynerlərin yerinin dəyişdirilməsi və yeni konteynerlərin istifadəyə verilməsi ilə bağlı müvafiq işlər davam edir. 

 

Həsənov İldirim  10.08.2017

  • Salam, Sumqayıt-Bakı avtomobil yolunun təmiri və ətrafında aparılan abadlıq işləri nə vaxt bitəcək? Eyni zamanda həmin ərazidə hal-hazırda tikintisi gedən depo stansiyasına piyada çıxışı olacaq? Cavabınıza görə öncədən minnətdarlığımı bildirirəm.
  • Məlumat üçün bildirmək isdərdik ki, Sumqayıt-Bakı yolu, “Avtovağzal” metro stansiyası yaxınlığında abadlıq işləri aparılıb. Qeyd olunan ərazinin layihələndirmə işləri çərçivəsində hündürlüyü 4-5 metr olan 1900 kvadratmetr hasar hörgüsü inşa edilib, 250 metr məsafəyə səki daşları, 400 kvadratmetr tamet daşı düzülüb.Ərazidə yaşıllaşdırma işləri də aparılıb. 5 min kvadratmetr sahəyə yaşıl çəmən örtüyü salınıb, 2300 ədəd həmişəyaşıl bəzək kolları, 50 ədəd buksus kolları, müxtəlif gül-çiçək, ağaclar və dekorativ bitkilər əkilib, 1 ədəd söhbətgah, 22 ədəd oturacaq, 350 metr ərazidə avtomatlaşdırılmış suvarma sistemləri quraşdırılıb.Yolun Sumqayıta doğru uzanan istiqamətində uzunluğu 157 metr, hündürlüyü 1,8 metr olan hasar hörülüb. 147 metr əraziyə səki daşları düzülüb, 525 kvadratmetr sahədə yaşıl çəmən ötu və 10 ədəd bəzək kolları əkilib. Bundan əlavə olaraq qeyd etmək istərdik ki, Sumqayıt-Bakı yolunda aparılan abadlıq işlərində qeyd etdiyiniz depo stansiyasına piyadaların hərəkəti üçün səkilərin quraşdırılması nəzərdə tutulub. Hazırda ərazidə abadlıq işləri sürətlə davam etdirilir və yaxın vaxtlarda sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub.
 
Aidə Hüseynova, 10.07.2017
  • Salam, Binəqədi-Novxanı-Corat avtomobil yolunun təmiri nə vaxt bitəcək? Tıxaclardan əziyyət çəkirik.
  • Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına uyğun olaraq bu il reallaşdırılan 40 kənd və qəsəbələrarası avtomobil yolu layihələrindən biri olan Binəqədi-Novxanı-Corat yolunun tikintisi artıq yekunlaşmaq üzrədir, yol boyu son tamamlanma işləri görülür. Layihəyə uyğun olaraq yol 12 metrə qədər genişləndirilib. Yol 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarətdır.14 km uzunluğunda olan avtomobil yolunun 8 km-lik Binəqədi və Novxanı qəsəbələrini birləşdirən hissəsi artıq tam şəkildə yenidən qurularaq sürücülərin istifadəsinə verilib. Ümumilikdə yolun sözügedən hissəsinin təqribən 100 min m2 sahəsinə 2 və 3 qat olmaqla yeni asfalt-beton örtük döşənib, zəruri olan yerlərdə yol nişanları quraşdırılıb və yolun üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb. Qeyd olunan ərazinin Binəqədi qəsəbəsindən keçən 1.2 km-lik hissəsində yeni piyada səkiləri inşa edilib, yeni səki daşları düzülüb və işıq dirəkləri quraşdırılıb. Binəqədi-Novxanı-Corat avtomobil yolunun Novxanı qəsəbəsindən keçən qalan 6 km-lik hissəsində isə aparılan təmir-tikinti işləri isə son mərhələdədir. Layihə çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq ərazidən daşınıb, zəruri olan yerlərədə yol yatağının bərkitmə işləri aparılıb. Bundan öncə isə bu hissədə yeni su və kanalizasiya xətlərinin çəkilişi işləri də aparılaraq yekunlaşdırılıb. Hazırda ərazi boyu piyada səkilərinin tikintisi, yeni səki daşlarının düzülməsi və asfalt-beton örtüyünün sonuncu layının döşənməsi işləri aparılır ki, bu işlər də yekunlaşmaq üzrədir. Ümumilikdə layihə boyu 150 min m2-dən çox əraziyə 2 və 3 qat olmaqla yeni asfalt-beton örtük döşənəcək. Layihə çərçivəsində yolun 1.3-cü km-də, Binəqədi, Novxanı və Mehdiabad qəsəbələrinə gedən yolların kəsişməsində 12 metr diametrində yeni dairə inşa olunub. Bundan başqa Novxanı qəsəbəsində yerləşən dəmir yolu və su kanalı üzərində yerləşən mövcud körpülər də əsaslı şəkildə yenidən qurularaq eni 7 m-dən 12.5 m-ə qədər genişləndirilib, kommunikasiya xətlərinin yolun altından keçirilməsi üçün bir-neçə yerdə xüsusi boruların quraşdırılması işləri aparılıb. Sözügedən avtomobil yolu uzun müddət təmir olunmadığı üçün deformasiyaya uğramış və dağılmış hissələr yaranmışdı. Üstəlik bəzi ərazilərdə piyada səkilərinin olmaması vətəndaşların normal və təhlükəsiz hərəkətinə maneə yaradırdı. Avtomobil yolunun tikintisi ilə bu problemlər köklü şəkildə aradan qaldırılacaq, 5 yaşayış məntəqəsinin 72 min nəfər əhalisinin gediş-gəlişi xeyli asanlaşacaq.
 
Rasim Nəzərov, 12.06.2017
  • Bələdiyyə tərəfindən yığılan ev pulu necə hesablanır və evə bildiriş hansı formada göndərilir? Xahiş edirəm ətraflı məlumat verəsiniz.
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.03.2000-ci il tarixli, 40 saylı qərarına əsasən, çoxmənzilli yaşayış binalarının saxlanması məqsədi ilə bina daxilində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinə görə vətəndaşlar tərəfindən mənzil xidməti və istismar yığımı 1m2 yaşayış sahəsi üçün özəlləşdirilmiş mənzillərə 0,015 manat, dövlət mənzil fondunun evlərində 1 m2 üçün 0,020 manat, 1m2 qeyri-yaşayış sahəsi üçün 0,05 manat məbləğində xərclər ödənilməlidir. Həmçinin Azərbaycan Respublikası Tarif Şurasının 24.11.2011-ci il tarixli, 5 nömrəli qərarına əsasən, bərk məişət tullantılarının yığılması və daşınması üçün adambaşı 1 aylıq 0,30 manat, qeyri-əhali 1metr kub üçün 10,0 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən, Respublika ərazisində yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq, xüsusi mülkiyyətində tikililər və ya onların hissələri (bundan sonra bina adlanacaq) olan fiziki şəxslər əmlak vergisini ödəyiciləridir. Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinə əsasən, fiziki şəxslərə əmlak vergisi, onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə - onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə bələdiyyənin müəyyən etdiyi dərəcələr tətbiq olunmaqla hesablanılır. Mənzil Məcəlləsinin 12.2-ci maddəsində göstərilir ki, yaşayış sahəsi dedikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən ayrıca sahə başa düşülür. Məcəllənin 12.5-ci maddəsində  isə göstərilir ki, yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar”ın təsdiq edilməsi barədə  2015-ci il 6 aprel tarixli,  101 nömrəli Qərarı ilə müəyyən olunmuş 0,7-1,5 hədlərində əmsallar tətbiq edilir.
  • Hesablanma nümunəsi - Nəzərinizə çatdırırıq ki, Sizin yaşadığınız  Bakı şəhəri, H.Hüseynov küçəsi 15a saylı binanın, 31-ci mənzilinin ümumi sahəsi 69,81 kv.m olduğundan,  Qərarda həmin yer 7-ci zonaya aid edilmiş və zona əmsalı 0,95 müəyyən olunmuşdur. Qeyd olunan əmsal və yaşayış sahəsinin 30 kv.metrinin vergiyə cəlb olunmadığı nəzərə alınaraq Sizə məxsus mənzilə görə əmlak vergisi aşağıdakı kimi hesablanılır: (69,81-30) x 0,4 x 0,95=15,13 manat. Sizin bir il ərzində əmlak vergi borcunuz 15,13 manat təşkil edir. (Vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə  ödənilmədiyinə görə-3,59 manat). Hazırda Sizin Binəqədi bələdiyyəsinə 2015-ci ilə görə 15,13 manat, 2016-cı ilə görə isə  15,13 manat borcunuz var. (15,13 + 15,13 + 3,59 = 33,85 manat cəmi borc). Azərbaycan Respublikasının Konstitusiyasına, “Bələdiyyələrin statusu haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanunlarına, Azərbaycan Respublikası Vergilər Məcəlləsinə və digər mövcud qanunvericilik aktlarına müvafiq olaraq bələdiyyələr vergi və digər ödənişlərin yerli büdcəyə səfərbər olunmasını və maliyyəsinin formalaşmasını təmin edir.  Bildiririk ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 200.1 maddəsinə əsasən fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. Məcəllənin 200.6 maddəsində isə göstərilir ki, fiziki şəxslərdən əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 200.4 maddəsinə əsasən, “Bələdiyyələrin əmlak vergisinin ödənilməsi barədə” tədiyyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər. Həmin Məcəllənin 200.5-ci maddəsində göstərilmişdir ki, cari il üçün əmlak vergisinin məbləği bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir.Vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur.
 
Elşən Məmmədov, 23.05.2017
  • Salam. Mən işsizəm və aşbaz peşə kursuna yazılmaq istəyirəm. Hara müraciət edim?
  • Binəqədi Rayon Məşğulluq Mərkəzi tərəfindən müxtəlif peşə kursları təşkil olunur. Aidiyyəti üzrə Mərkəzə müraciət etməyiniz tövsiyə olunur.
 
Akif Quliyev, 11.05.2017
  • Salam, rayonda abadlıq işləri gedir. Bu barədə tez-tez məlumatlar paylaşırsız.  Biz yaşayan ərazidə bele işlər aparılmayacaq? Ünvanım M.C.Paşayev küçəsi.
  • Məlumat üçün bildiririk ki, çoxmənzilli binaların təmiri proqramına uyğun olaraq, yaxın günlərdə Binəqədi rayonu, M.C.Paşayev küçəsində yerləşən 3, 5, 7, 9, 11, 13 və 15 saylı binaların girişləri əsaslı təmir olunacaqdır. Ümumillikdə, 7 ev və 22 girişin təmiri aparılacaqdır.
 
Əli Hüseynov, 24.04.2017
  • Binəqədi şosesində kanalizasiya sistemi nə vaxt düzəldiləcək?
  • Son dövrlərdə Bakı şəhərində gedən sürətli iqtisadi inkişaf, əhalinin sayının artması, çoxlu sayda müxtəlif təyinatlı binaların və obyektlərin tikintisi şəhər təsərrüfatına, onun infrastrukturuna, o cümlədən mühəndis-kommunikasiya təminatı obyektlərinə düşən yükü dəfələrlə artırmış və 2016-cı ilin sentyabr və oktyabr aylarında yağan yağışların həmin dövr üçün müşahidə edilmiş yağıntı normasından çox olması nəticəsində şəhərin müəyyən ünvanlarında bir sıra müxtəlif təyinatlı obyekt və tikililərə ziyan dəymiş, vətəndaşların və nəqliyyatın hərəkəti məhdudlaşdırılmışdır. Qeyd olunmuş faktorları nəzərə alaraq, Bakı şəhərində yağış kanalizasiya sisteminin, şəhərin ekoloji və sanitar vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə işçi qrupunun yaradılması haqqında 11 noyabr 2016-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalanmışdır. Sərəncamın icrası çərçivəsində, Binəqədi rayonu, Binəqədi şosesindən Böyükşor gölü istiqamətində yağış kanalizaziya sisteminin yaradılması ilə əlaqədar əsaslı tikinti işləri intensiv istiqamətdə aparılır.
 
Ramiz Tağıyev, 18.04.2017
  • Salam, mən evimə qaz xəttinin çəkilməsinə görə sizin 1646 xidmətinə müraciət etmişdim. Mənim müraciətimə operativ cavab verdiyinizə və həll olunmasına köməklik göstərdiyiniz üçün Sizə öz təşəkkürümü bildirmək istəyirəm.
 
Hüseyn Məmmədov , 07.02.2017
  • Salam, mənzil-kommunal xidmətinə 1 nəfər üçün ayda nə qədər pul odənməlidir?
  • Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10.03.2000-ci il tarixli 040 saylı “Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında”  Qərarı ilə tam kommunal təminatlı mənzillər üzrə 1 kv metr üçün  aylıq 2 qəpik və Azərbaycan Respublikasının Tarif Şurasının “Bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin tarifləri haqında” 24 noyabr 2011-ci il tarixli 5 nömrəli Qərar ilə əhali istehlakçı qrupu üzrə 1 nəfər üçün aylıq 30 qəpik olaraq müəyyən edilmişdir. Bu baxımdan siz yaşayış sahəsinin ölçüsünə və qeydiyyatda olan ailə üzvlərinin sayına görə mənzil istismar sahəsinə ödəməli olduğunuz ödəniş məbləğini müəyyən edə bilərsiniz. Bu məbləğə bələdiyyələrin əmlak vergisinin məbləği daxil deyildir.
 
Nadir Cabbarov, 28.03.2016
  • Mülkiyyətimdə olan torpaq sahəsində bağ evi tikdirmək istəyirəm. Layihəyə əsasən tikiləcək olan evin hündürlüyü yerdən divarin sonuna qədər olan məsafə 6 metrdir. Evin ümumi hündürlüyü isə 7 metrdir. Dam örtüyünün maillilik dərəcəsi isə 35 dərəcədir. İndi bilmək istəyirəm evlə hasar arasında məsafə nə qədər olmalıdır? Həmin məsafə necə hesablanır?
  • Müraciətinizdə qeyd edilən məsələ ilə əlaqədar nəzərinizə çatdırırıq ki, tikintisi nəzərdə tutulan fərdi yaşayış evi ilə torpaq sahəsinin sərhədləri arasındakı məsafə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin  69.4-cü maddəsi  və Azəbaycan Respublikasının Nazirlər Kabinetinin “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydaları”ın təsdiq edilməsi haqqında 11.03.2014-cü il tarixli 72 saylı Qərarının 8-ci maddəsinin tələblərinə uyğun olaraq hesablanır. Belə ki, tikintisi nəzərdə tutulan fərdi yaşayış evinin yan divarının hündürlüyü ilə damın maillik dərəcəsindən asılı olaraq əlavə hündürlüyün cəminin 30 faizi təşkil edir. Sizin təqdim etdiyiniz ölçülərə uyğun maillik dərəcəsinin 35 dərəcə olduğunu nəzərə alaraq ara mənafəsinin 1,95 m olduğu müəyyən edilmişdir. Daha dəqiq məlumatı hüquqmüəyyənedici sənədlərlə birlikdə tikintisi nəzərdə tutulan fərdi yaşayış evinin layihəsini Rayon İcra Hakimiyyətinə təqdim etdikdən sonra əldə edə bilərsiniz.
Elmin Əlizadə, 26.03.2016
  • Mənim 28 may qəsəbəsində çıxarışı və kadastr planı olan 270 kv metr torpaq sahəm var. Tikəcəyim evin eksiz layihəsini də çəkdirmişəm. Layihədə divar hündürlüyü 3 metr, dam örtütü ilə birlikdə 5 metrdir. Xahiş edirəm mənə ara məsafəni deyəsiniz.
  • Müraciətinizdə qeyd edilən məsələ ilə əlaqədar nəzərinizə çatdırırıq ki, tikintisi nəzərdə tutulan fərdi yaşayış evi ilə torpaq sahəsinin sərhədləri arasındakı məsafə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin  69.4-cü maddəsi  və Azəbaycan Respublikasının Nazirlər Kabinetinin “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydaları”ın təsdiq edilməsi haqqında 11.03.2014-cü il tarixli 72 saylı Qərarının 8-ci maddəsinin tələblərinə uyğun olaraq hesablanır. Belə ki, tikintisi nəzərdə tutulan fərdi yaşayış evinin yan divarının hündürlüyü ilə damın maillik dərəcəsindən asılı olaraq əlavə hündürlüyün cəminin 30 faizi təşkil edir. Sizin təqdim etdiyiniz ölçülərdə damın maillik dərəcəsi göstərilmədiyindən ara məsafəsinin təyin edilməsi mümkün olmamışdır. Daha dəqiq məlumatı hüquqmüəyyənedici sənədlərlə birlikdə tikintisi nəzərdə tutulan fərdi yaşayış evinin layihəsini Rayon İcra Hakimiyyətinə təqdim etdikdən sonra əldə edə bilərsiniz.
Ruslan Məmmədov, 01.02.2016
  • Sizi Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Azadlıq 197 ünvanında yaşayan sakinlər adından Məmmədov Ruslan narahat edir. Biz, binamızın yaxın zamanda plana düşəcəyi barədə məlumatlar yayılmaqdadır. Yayılan məlumatların hansı dərəcədə doğru olub-olmamasını dəqiqləşdirmək üçün Sizə müraciət etmək qərarına gəldik. Öncədən məlumatınız üçün təşəkkür edirik.
  • Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2016-cı il tarixli 8 Qərarına uyğun olaraq “Pilot layihə”nin icrası çərçivəsində rayon ərazisində yalnız qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülərək yerində yeni yaşayış binalarının tikintisi nəzərdə tutulur. Məlumat üçün bildiririk ki, yaşadığınız binanın qəzalı vəziyyətdə olması ilə bağlı aidiyyəti qurumlar tərəfindən hər-hansı bir rəy bildirilməmişdir.
Mehdiyev Əmrah (Nehrəmli) Şücaət oğlu, 12.01.2016
  • Mən "Birgə yaradaq" lahiyəsi haqqında maraqlı bir ideam haqqında sizə müraciət edirəm.İdeamı mən facebook da paylaşdım əvvəlcə(sizə müraciətdən əvvəl).İnsanlar tərəfindən bəyənilib və önəmli sayıldığı üçün sizə də ideamı damışmaq qərarına gəldim.Mən istəyirəm ki,bu lahiyə çərçivəsində təhsilədə yer ayrılsın,xüsusi ilədə vətəndaşın xarici ölkədə öz ölkəsini tanıtmağa kömək olacaq Ədəbiyyatından.İstəyirəm ki,sizlərin başçılığı altında rayonumuzda yaşayan gənc ədəbiyyatçıları tapıb,onlarla birlikdə "Azərbaycan Respublikasının Gənc Ədəbiyyatçılar Birliyi" yaradaq.Bu birlikdə gənclərimizin ədəbiyyatımıza sevgidindən və ən əsası onların qələmə aldığı əsərlərindən,şeirlərindən və digər şeylərdən söz açılsın.Onlar üçün bir birlik yarafılsın və hər kəs öz əsərlərini,şeirlərini digər gənc ədəbiyyatçılara və əsl ədəbiyyatçılarımıza çatdırılsın.Onların istedadları üzə çıxarılsın.Çən artıq bu birliyə veb saytda yığmışam. Buyurun sizdə nəzər yetirin (www.AGEB2016.wix.com/AGEB).  Mən dİgər bir fikrimi də irəli sürmək istəyirəm. Bildiyimiz kimi Azərbaycan istedadlar diyarıdır. Bizim istedadlı gənclərimiz hər sahədə yetərincə vardır.Ama onları üzə çıxarmaq lazımdır.Yoxsa onlar istedadları ilə birlikdə itə bilərlər.Gəlin Binəqədi İstedadları adı altında bir lahiyə keçirdək və lahiyə müxtəlif mərhələlərdən ibarət olsun.Sonda isə Final mərhələsi isə mükafatlandırma mərhələsi olsun.Mənim özümdə istedadıma görə gənclər arasında seçilib ensiklopedik kitaba düşərək mükafatlandırılmışam.Ama istərdim hər istedadlı gənc üzə çıxarılsın onun istadadı nümayiş olunsun.Zənginizi səbirsizliklə gözləyirəm.
  • Sizin Binəqədi Rayon İcra Hakimiyyətinin elektron ünvanına göndərdiyiniz  məktubunuza baxılmışdır. Bildiririk ki, “Birgə yaradaq” layihəsi çərçivəsində irəli sürdüyünüz təşəbbüsləriniz tərəfimizdən müsbət qarşılanmışdır. Fikirləriniz bizim üçün çox dəyərlidir. Bu məqsədlə, əlaqə koordinatlarınız Rayon İcra Hakimiyyəti tərəfindən qeydiyyata götürülmüşdür. Sizinlə əlaqə saxlanılacaqdır.
Anar Rəhimov, 13.02.2015
  • Mənim bağ evimin tikintisi ilə bağlı sualım var. Evin çöl divarının hündürlüyü evin damına qədər 7 metrdir. Evin ümumi hündürlüyü isə 11 metrdir. Evlə hasar arasında məsafə nə qədər olmalıdır? Həmin məsafə necə hesablanır?
  • Nəzərinizə çatdırırıq ki, ara məsafəsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti məcəlləsinin 69.4, 69.5.1-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.03.2014-cü il tarixli 72 saylı qərarı ilə tənzimlənir. Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. Ara məsafəsi divar hündürlüyünün 0,3 hissəsi ilə hesablanır. Bu göstəriciyə 72 saylı qərarın   8.1-ci maddəsinə uyğun olaraq 45 dərəcədən artıq mailliliyə malik olan damların və frontanların hündürlüyünün 30%-i, 60 dərəcədən artıq olduqda 50%-i və 70 dərəcədən yuxarı olduqda isə tam hündürlüyü əlavə edilir. Beləliklə, inşası nəzərdə tutulan bağ evinin hündürlüyü 7 metr olduğu halda ara məsafəsi 2,1 m təşkil edəcəkdir. Bu məsafə dam örtüyünün maillilik dərəcəsindən asılı olaraq dəyişəcəkdir.
Məmmədov Heydər Akif oğlu, 12.01.2015
  • Salam. Biz 5 övladıq. Ata və anam rəhmətə gedib. Hərəmiz başqa-başqa yerlərdə yaşayırıq. Ata evimizdə cəmi bir nəfər qeydiyyatdadır. O bir nəfər ancaq qeydiyyatda olmaqla başqa övladların razılıqlarını almadan valideynlərindən qalan mirası (vəsiyyətnamə olmasa) öz mülkiyyətinə keçirə, yaxud sata bilərmi? Qanun bu halda nə deyir? Xahiş edirəm bu sualımı cavablandırasınız. Əvvəlcədən təşəkkür edirəm.
  • Atanızdan qalma əmlak qanuni əsaslarla ona məxsus olubsa, yəni atanızın miras əmlaka dair mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıbsa, onda ölən şəxsin övladları AR Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə olan vərəsələrdir və onların (övladların) payı bərabərdir. Qeydiyyatla bölgü məsələsinə gəldikdə isə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin vərəsəlik münasibətlərini tənzimləyən normaları mirasın qəbul edilməsi və bölünməsini hansısa evdə qeydiyyatla olmaqla deyil, yalnız qohumluq münasibətləri ilə (qardaş-bacılıq, övladlıq və sair) ilə əlaqələndirir. Evdə kimin qeydiyyatda olub-olmasına baxmayaraq vəsiyyətnamə olmadığı halda qanun üzrə vərəsəlik zamanı birinci növbədə olan vərəsələr yəni ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.  Ümumiyyətlə, miras əmlaka vərəsəlik haqqında şəhadətnamə verilməyincə onun barəsində heç bir vərəsə sərəncam verə bilməz.
Məmmədov Ədalət Hacı oğlu, 01.10.2014
  • Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində edilən son dəyişikliklərə görə "barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə divar hündürlüyünün 0,3 hissəsi" qədər ara məsafəsinin saxlanması nəzərdə tələb olunur. Bəzi hallarda, xüsusi ilə yaşayış evi tikintisi üçün nəzərdə tutulan torpaq sahəsi ərazisinin məhdud olması səbəbindən bu ara məsafəni saxlamaq mümkün deyil. Belə olan hallarda, əgər qonşular arasında razılıq əldə edilərsə, bu məsafəni azaltmaq mümkündürümü?
  • Nəzərinizə çatdırırıq ki,  Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 70-ci maddəsinin 70.1 bəndinə əsasən tikilib abadlaşdırılmış və bərpa olunan ərazilərdə bu məcəllənin 69.4-cü maddəsində müəyyən müəyyən olunmuş məsafə şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri nəzərə alınmaqla azaldıla bilər. Bu halda qonşu sərhəddəki tikintidə layihə ilə nəzərdə tutulmayan boşluq olmamalıdır. Tərəflərdən biri bu qaydalara zidd olaraq, insolyasiya və təbii işıqlandırma şəraiti yaratmaq məqsədilə pəncərə boşluqları və ya digər boşluqlar aça bilməz.
Məmmədov Samir Məmməd oğlu, 02.09.2014
  • Özəl torpaq sahəmdə iki mərtəbəli yaşayış evinin tikintisi ilə bağlı müvafiq sənədlərlə birgə ötən ilin oktyabr ayindan cari ilin avqust ayınadək dörd dəfə Binəqədi İcra Nümayəndəliyinə müraciət etmişəm. Bu zaman tikiləcək evin eskiz layihəsində tərəfinizdən aşkarlanmış iradlar aradan qaldırılaraq yenidən sənədlər təqdim edilmişdir. Sonuncu müraciətimdə isə eskiz planda fərdi yaşayış evinin divarı ilə torpaq sahəsinin sərhəddi arasındakı ara məsafənin “AR Şəhərsalma və Tikinti Məcəlləsi”nə uyğun olmadığı rəsmi cavabda göstərilmişdir. Məlumdur ki, bir müddət əvvəl yuxarıdakı məcəlləyə 69.5.2-1 maddəsi (məcəllənin 80-cı maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə-divar hündürlüyünün 0,3 hissəsi) əlavə edilmiş və 20.06.2014 tarixdə qüvvəyə minərək AR Prezidentinin rəsmi prezident.az saytinda dərc olunmuşdur. Belə ki, tərəfinizdən artıq araşdırılmış və yalnız ara məsafə iradı aşkar edilmiş sonuncu eskiz layihəm hazirda yeni qanunun tələblərinə cavab verir. Bilmək istərdim ki, hazırda yeni qanunvericiliyin tələblərinə cavab verən eskiz layihəmi icra nümayəndəliyinə məlumat qaydasında ünvanladıqdan sonra tikintiyə başlamaq üçün 3 ay yenidən layihəyə cavab gözləməliyəm? Eskiz layihəyə nümayəndəlik tərəfindən edilən iradlar tikintiyə icazə verilməməsi deməkdir yoxsa iradlar nəzərə alınmaqla işə başlamaq mümkündür? Əvvəlcədən cavaba görə təşəkkür edirəm.
  • Sualınızla əlaqədar olaraq bildiririk ki, aldığınız cavab məktubunda qeyd olunan iradlar aradan qaldırılmadan hər hansı tikinti işlərinə başlanılması qanuna ziddir. Azərbaycan Respublikasının Tikinti Məcəlləsinin 80-ci maddəsinə edilmiş dəyişikliklərlə əlaqədar olaraq tikintiyə dair müvafiq hüquqmüəyyənedici sənədlər bir daha Rayon İcra Hakimiyyətinə təqdim edilməli və qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmalıdır.
Heybətov Seymur Akif oğlu, 25.06.2014
  • Məlumat almaq istərdim ki, özəl torpaq sahəsində tikiləcək ikimərtəbəli, 7 metr hündürlükdə fərdi yaşayış evinin divarı ilə torpaq sahəsinin sərhədi arasındakı ara məsafə AR Milli Məclisində 20.06.2014 tarixdə “AR Şəhərsalma və Tikinti Məcəlləsi”nə edilən dəyişikliyə uyğun nəzərə alınmalıdırmı (divar hündürlüyünün 0.3 hissəsi)? Vətəndaş, barəsində məlumatlandırma icraatı tələb olunan tikilinin eskiz layihəsini və müvafiq sənədləri məlumat qaydasında İcra Nümayəndəliyinə təqdim etdikdən sonra hər hansı rəsmi cavab gözləməlidirmi və hansı müddətə? Cavaba görə əvvəlcədən öz minnətdarlığımı bildirirəm.
  • Qüvvədə olan qanunvericiliyə əsasən tikintisi nəzərdə tutulan bağ və ya fərdi yaşayış evinin xarici divarı ilə mülkiyyətdə olan torpaq sahəsinin sərhədləri arasında ara məsafəsi divar hündürlüyünün (0,3 hissəsi AR Milli Məclisində baxılsa da qəbul olunmamışdır) qüvvədə olan qanunvericiliyin tələbinə əsasən 0,6 hissəsi qədər olmalıdır. Tikinti məcəlləsinin 75-ci maddəsinə əsasən istifadənizdə olan torpaq sahəsinin mülkiyyətinizdə olmasına dair hüquqmüəyyənedici sənədlərin notarial qaydada təsdiq olunmuş surəti, həmçinin tikintisi nəzərdə tutulan fərdi yaşayış evinin layihələndirməyə icazəsi olan fiziki və ya hüquqi şəxslər tərəfindən işlənmiş 3(üç) nüsxədən ibarət eskiz layihə Rayon İcra Hakimiyyətinə təqdim edilir və təqdim edilmiş sənədlərin araşdırılması zamanı 3 ay müddətində hər hansı irad bildirilməzsə tikinti işlərinə başlamaq mümkündür.
Məmmədov Heydər Arif oğlu, 12.06.2014
  • Salam. Sualım Qəyyumluq və himayəçilik komissiyasınadır. 1978-ci il təvəllüdlü anadangəlmə ruhi xəstə, özünü idarə edə bilməyən bacım var.Anam 2012-ci ildə vəfat edib.Hal-hazrda xəstə bacım 76 yaşlı atamın himayəsindədir.Atamın yaşını, şəkər diabetinin ağır formasıda olmasını və yaşla əlaqədar səhhətində yaranan bəzi xoşagəlməz xəstəlikləri nəzərə alaraq, xəstə bacımın gələcəkdə hüquq və mənafeyini qanuni yollarla müdafiə etmək məqsədi ilə qəyyumluğa-himayəçiliyimə götürmək istəyirəm. Xahiş edirəm deyəsiniz hansı sənədlər və hansı prossedurlar tələb olunur.
  • Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Odur ki, bacınızın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmə qətnaməsi və müvafiq sənədlər yaşayış yeri üzrə qeydiyyatda olduğunuz rayonun icra hakimiyyətinə təqdim edildikdən sonra müraciətinizə qanunamüvafiq qaydada baxılır.
Bəşirov Bayram Əvəz oğlu, 23.05. 2014
  • Salam. Məni maraqlandıran bir məsələ vardır. Mən Biləcəri qəsəbəsində həyət evi almaq istəyirəm. Həmin evdə hal-hazırda pasport qeydiyyatda olanlar var. Ev bələdiyyədə dislokasiyadan keçmişdir və qəsəbə nümayəndəliyində domovoy qeydiyyatı vardır. Evin bütün kommunal xidmətləri ödənilir. Həmin evin qəsəbə nümayəndəliyində mənim adıma yazılması üçün hansı prosedur qaydalar aparılmalıdır? Əvvəlcədən təşəkkürümü bildirirəm.
  • Sizin, Biləcəri qəsəbəsində almaq istədiyiniz fərdi həyət evinin qəsəbə nümayəndəliyində mövcud sənədlərlə adınıza rəsmiləşdirilməsi qüvvədə olan qanunvericiliyin tələblərinə ziddir. Müraciətinizdən göründüyü kimi həmin həyət evi qanunsuz tikililər kateqoriyasına aiddir. Qanunsuz tikililərin sənədləşdirilməsi üçün aşağıdakı sənədlərin təqdim edilməsi zəruri hesab edilir: Evin yerləşdiyi torpaq sahəsinin mülkiyyətdə və ya istifadədə olmasına dair hüquqmüəyyənedici sənədlər, həmçinin fərdi yaşayış evinin tikintisinə icazə verilməsi barədə Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı və 3 nüsxədən ibarət təsdiq olunmuş eskiz layihə Rayon İcra Hakimiyyətinə təqdim edilməlidir. Daha sonra qeyd olunan sənədlər əsasında Rayon İcra Hakimiyyəti başçısının sözügedən evin mövcud vəziyyətdə ilkin hüquqi qeydiyyata alınması barədə müvafiq Sərəncamı imzalanmalıdır. Bundan sonra bütün sənədlər toplusu almaq istədiyiniz evin indiki sahibinin adına mülkiyyət hüququnun qeydə alınması barədə Çıxarışın verilməsi məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə  təqdim olunmalıdır. Çıxarış alındıqdan sonra həmin evin notarial qaydada alqı-satqı müqaviləsi əsasında təkrar Çıxarış alınmaqla adınıza rəsmiləşdirilməsi proseduru qanunvericiliyə uyğun olaraq başa çatmış hesab olunacaqdır.
Qədirzadə Leyla Salam qızı, 23.05.2014
  • Salam. Mən bağ üçün torpaq sahəsi almışam. Bağ evi tikmək istəyirəm. Tikintiyə icazə üçün hansı sənədləri təqdim etməliyəm və bunun üçün dövlət rüsumu varmı?
  • Nəzərinizə çatdırırıq ki, fərdi yaşayış evinin tikintisi məqsədi ilə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinə əsasən istifadənizdə olan torpaq sahəsinin mülkiyyətinizdə, istifadənizdə və ya icarənizdə olmasına dair hüquqmüəyyənedici sənədlərin notarial qaydada təsdiq olunmuş surəti, həmçinin tikintisi nəzərdə tutulan fərdi yaşayış evinin layihələndirməyə icazəsi olan fiziki və ya hüquqi şəxslər tərəfindən işlənmiş 3(üç) nüsxədən ibarət eskiz layihə Rayon İcra Hakimiyyətinə təqdim edilməlidir.  
    Məlumat üçün bildiririk ki, fərdi yaşayış evinin tikintisi üçün Rayon İcra Hakimiyyətinə rüsum ödənilmir.
Qurbanlı Fəxrəddin Seyfəddin oğlu, 12.05.2014
  • Məlumat almaq istərdim ki, sənədi olan evin həyətyani sahəsində ev tikmək üçün hansı sənədlər lazımdır və ya hara müraciət etməliyəm? Mümkündürsə bu haqda ətraflı məlumat verin.
  • Fərdi yaşayış evinin tikintisi məqsədi ilə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısına ərizə ilə müraciət olunmalıdır. Müraciətə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələblərinə uyğun olaraq, tikinti işləri aparılması nəzərdə tutulan torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti və fərdi yaşayış evinin layihələndirməyə icazəsi (lisenziya) olan fiziki və ya hüquqi şəxslər tərəfindən tərtib edilmiş 3(üç) nüsxədən ibarət eskiz layihəsi, həmçinin şəxsiyyət vəsiqəsinin surəti əlavə edilməlidir. Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 179. Məlumat üçün bildiririk ki, Siz Binəqədi Rayon İcra Hakimiyyətininin rəsmi səhifəsində İcra Hakimiyyəti bölməsinin Müraciət formaları alt bölməsi vasitəsilə ərizə formaları ilə tanış ola bilərsiniz.  
Anar Rəhimov, 07.04.2014
  • Salam. Zəhmət olmasa mənə Novxanı bağlarında 2 mərtəbəli ev tikmək üçün layihə ilə birlikdə hansı sənədləri toplamaq lazım olduğunu yazardınız. Birdə mümkündürsə müraciət formasının nömunəsini (strukturunu) gondərin. Müraciət formasını yazdıqdan sonra kuryerlə hansi ünvana və kimin adına göndərmək lazımdır?
  • Bağ evinin tikintisi məqsədi ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısına ərizə ilə müraciət olunmalıdır. Müraciətə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələblərinə uyğun olaraq, tikinti işləri aparılması nəzərdə tutulan torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti və bağ evinin layihələndirməyə icazəsi (lisenziya) olan fiziki və ya hüquqi şəxslər tərəfindən tərtib edilmiş 3(üç) nüsxədən ibarət eskiz layihəsi, həmçinin “şəxsiyyət vəsiqəsinin” surəti əlavə edilməlidir. Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 179.
Səbuhi Əliyev,  31.03.2014
  • Salam.Zəhmət olmasa sualımı cavablandırardınız. Mənim bələdiyyə sənədi ilə torpağım var. Ona necə cıxarış ala bilərəm? İkinci sualım ev tikmək ücün hansı sənədləri (icazəni) almalıyam?
  • Bildiririk ki, torpaq sahəsinin sənədləşdirilməsi məqsədilə ilkin olaraq Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən plan və ölçü sənədi tərtib edilməlidir. Daha sonra həmin torpaq sahəsinə dair mülkiyyət hüququnun tanınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi  Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsinə müraciət edilməlidir.Fərdi yaşayış evinin tikintisi ilə bağlı bildiririk ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələblərinə uyğun olaraq, tikinti işləri aparılması nəzərdə tutulan torpaq sahəsinin mülkiyyətinizdə olmasına dair sənədin notarial qaydada təsdiq edilmiş surəti və fərdi yaşayış evinin memarlıq fəaliyyəti ilə məşğul olan fiziki və ya hüquqi şəxslər tərəfindən tərtib edilmiş 3(üç) nüsxədən ibarət eskiz layihəsi Rayon İcra Hakimiyyətinə təqdim edilməlidir.
İbrahimov Bala Ağa oğlu, 23.03.2014
  • Salam. Sizə yazmamın səbəbi son vaxtlar bir çoxlarını narahat edən bir məsələdir. Son vaxtlar bu rayonun ərazisində sizin əməkdaşlarınızın tikintiləri sökməsi ilə bağlı hallar muşahidə olunur. Belə ki, sənədsiz tikililərin dayandırılması başa düşüləndi va alqışlanası bir haldır. Lakin bələdiyyə və ya müvafiq icra hakimiyyəti orqanının fərdi yaşayiş evinin tikintisi üçün ayrılmış torpaq sahəsində buna icazə verilməməsi bir qədər sual doğurur. Belə ki, cənab Prezidentin vaxtı ilə verdiyi göstərişə əsasən 2007-ci ilə qədər satılmış bələdiyyə torpaqlarının etibarlı sayılması nəzərdə tutulurdu və ən əsası torpaq sahəsinin hasara alınması yaşayış sahəsi sayılmadığı üçün torpaq sahəsini hasara  almaq qanuni sayılırdı. Sizə yazaraq bilmək istərdim ki, mənim mülkiyyətimdə olan torpaq sahəsini hasara almağa ixtiyarım varmı? Yoxdursa hansi maddələrə və nəyə əsasən? Nəzərinizə çatdırım ki, sənəddə Binəqədi Rayon İcra Hakimiyyətinin də möhürü vardır və fərdi yaşayış evinin tikintisi üçün icazə verilib.
  • Müraciətinizlə əlaqədar bildiririk ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə və “Yerli İcra Hakimiyyəti haqqında Əsasnamə”sinə əsasən III dərəcəli tikintilər rayon və şəhər icra hakimiyyətlərinin səlahiyyətlərinə aid edilmişdir. Rayon ərazisində  aparılan özbaşına tikinti işlərinin qarşısının alınması məqsədilə Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən mütəmadi olaraq monitorinqlər keçirilir və aşkar edilmiş qanunsuz tikililərin qarşısının alınması məqsədilə məhkəməyə müraciət olunur.Torpaq sahəsinin naturada sərhədlərinin müəyyənləşdirilməsi məqsədilə hasar çəkilməsi üçün həmin torpaq sahəsinin dövlət qeydiyyatına alınmış mülkiyyət, icazə və ya istifadədə olunmasına dair müvafiq şəhadətnamə Rayon İcra Hakimiyyətinə təqdim olunmalıdır.Məsələ ilə əlaqədar əlavə məlumat əldə etmək məqsədilə Binəqədi rayon Sakinlərin Müraciət Xidmətinə (1646) və ya Rayon İcra Hakimiyyəti başçısı Aparatının Rayon təsərrüfatı şöbəsinə müraciət edə bilərsiniz.

 

 

Keçidlər