Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 12) 562-48-32; 1646

Turizm haqqında

Son illər ərzində ölkəmizdə altı beynəlxalq hava limanı tikilib, gözəl, müasir yollar salınıb, magistral yollar istifadəyə verilib, həm Bakıda, həm də bölgələrdə ən müasir otellər yaradılıb. Son 12 il ərzində Azərbaycanda 300-ə yaxın mehmanxana tikilmişdir.  Son bir neçə ildə dünyanın ən məşhur beşulduzlu otel brendləri Azərbaycana gəlmişdir. Azərbaycanda və Bakı şəhərində dünyanın aparıcı otellər şəbəkələrinin mehmanxanaları var. Ölkədə otel biznesinin daha da inkişafı üçün kompleks tədbirlər həyata keçirilir. Həmçinin ölkəmizin təbii şəraiti, gözəl iqlimi, xalqımızın qonaqpərvərliyi, zəngin mətbəxi, tarixi abidələri də mühüm rol oynayır. Binəqədi rayonunun özünə məxsus fauna və flora aləmi də olduqca əlverişli və zəngin olmaqla yanaşı həmçinin turistlər üçün də böyük maraq doğurur. Binəqədi faunası – Abşeron yarımadasının mərkəzində, Binəqədi kəndindən  1 km cənub-şərqdə bitum yataqlarında 1938-ci ildə Azərbaycan geoloqu Ə.S.Mustafazadə tərəfindən qazıntılar zamanı aşkar edilmişdir. Binəqədi tapıntıları Abşeron yarımadasının Pleystosen faunası, hətta florası haqqında da aydın təsəvvür yaradır. Bitki növlərinin zənginliyi və su ilə əlaqədar olan həşəratların çoxluğu burada şirin su olmasına sübutdur. O vaxt Binəqədi yaxınlığındakı şirin su mənbələrindən biri heyvanların suvatı olmuşdur. Sonralar neftli laylarda gedən dəyişikliklər nəticəsində neft yerin üzərinə çıxmış və şirin su gölünə də axmışdır. Yüngül fraksiyalar buxarlandıqdan sonra gölün dibində, sahilində qalmış qatı neft təbəqəsi tələyə çevrilmiş və buraya su içməyə gələn kərgədan, ibtidai öküz, nəhəng maral kimi güclü heyvanlar belə batıb qalmışlar.Binəqədi faunası heyvan qalıqlarının çoxluğuna və növlərinin müxtəlifliyinə görə Kaliforniyadakı Ranco-Lya-Brea asfaltlarında aşkar edilmiş Dördüncü dövr faunasından zəngindir. Binəqədi faunası nəinki Cənubi Qafqaz faunasının tarixi, hətta bütün Qafqazın, Ön Asiyanın və MDB-nin Avropa hissəsinin paleofaunasına aid mürəkkəb problemlərin həlli üçün böyük əhəmiyyətə malikdir.  Yazıçı V.V.Boqoveçin müəllifi olduğu “Карищина первобытной природы Абщерона” adlı kitabda rayona dair məlumatlar öz əksini tapmışdır.

BİNƏQƏDİ QƏSƏBƏSİ

Qəsəbə ərazisində 1908-ci ildə inşa edilmiş "Məscid və minarə", arxeoloji abidələr sırasına daxil edilmiş neft mədənləri ərazisində tunc dövrü nekropolu, neft mədənləri ərazisində XI-XVIII əsr yaşayış yeri Dövlət Qoruğu elan edilmiş, "Binəqədi IV dövr fauna və flora qəbirstanlığı", "Keyrəki" vulkan dağı mövcuddur. Eyni zamanda, "Abix", "Ziyilpri", "Keçəldağ", "Kiçikdağ" palçıq vulkan dağları, "Masazır", "Bostanşor", "Binəqədişor" və s. şor gölləri, ilk neft quyusu, "Binəqədi qır gölü" adı ilə məşhur olan (IV dövrə məxsus) uçan kələzlərin yaşadıqları dövrə təsadüf edən qədim neft gölü və "1941-1945-ci il Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə" salınmış abidə kompleksi, Elektrik muzeyi mövcuddur. 1940-cı ildə Binəqədi yaxınlığında qədim kərgədanın elmə məlum olmayan növünün skeleti, həmçinin çoxlu quş və heyvan sümüyü tapılmışdır. 1963-cü ildə "Tunc dövrü"nün sonlarına aid qəbirdən qadın skeleti, tunc üzük, sancaq, qolbaq, 200 ədəd muncuq, qara boyalı gil qab parçaları, gil piyalə və s. aşkar edilmişdir.

BİLƏCƏRİ QƏSƏBƏSİ
Qəsəbə ərazisində Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə dövlət tərəfindən qorunan 1658-ci ildə inşa edilmiş məscid, 1903-cü ildə inşa edilmiş və 2006-cı ildə yenidən bərpa edilərək genişləndirilmiş "Tunel", "1941-1945-ci il Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə" və "20 Yanvar şəhidlərinin xatirəsinə" salınmış “Güllə yağışı” abidə kompleksləri mövcuddur. Məşhur Bakı milyonçusu, neft maqnatı Ağamusa Nağıyevin qəbri və qəbirüstü abidəsi Biləcəri qəsəbəsində yerləşir.

RƏSULZADƏ QƏSƏBƏSİ
Qəsəbə ərazisində 3 istirahət parkı: Heydər Əliyev, Ramiz Aboyev adına mədəniyyət və istirahət parkı və Azərbaycanın Milli Qəhrəmanı Fərhad Hümbətov adına parklar yerləşir.

XOCƏSƏN QƏSƏBƏSİ
Qəsəbə ərazisində fəaliyyət göstərən müəssisələrdən sərinləşdirici içkilər istehsalı ilə məşğul olan "Pepsi-cola", "Coca-Cola", "Lider Cola", "Aqua-vita" müəssisələri istehsal etdikləri məhsullarla bütün ölkədə məşhurdur.
Qəsəbə ərazisində Böyük Vətən Müharibəsində həlak olmuş xocəsənlilərin xatirəsinə inşa edilmiş abidə kompleksi mövcuddur. “Stend Atıcılığı İdman Kompleksi” və Bakı Beynəlxalq Avtovağzalıda qəsəbə ərazisində yerləşir.
           Hazırda ölkəmizdə otel biznesinin dünya standartları səviyyəsində qurulması, qonaqların və turistlərin qəbulu üçün silsilə tədbirlər reallaşdırılır.
Azərbaycanda turizmin inkişafı üçün həlledici rol oynayan amillərdən biri də vizalarla bağlı siyasətdir. “ASAN viza”nın fəaliyyətə başlaması və vizanın sadələşdirilmiş elektron yollarla əldə edilməsi ölkəyə turist axınını təmin edir.
Azərbaycan Turizm və Menecment Universitetinin yaradılması da mədəniyyət və turizm sahəsində bilikli, yeni dünyagörüşlü kadrların yetişməsində müstəsna rol oynayır.
Qeyd edilməlidir ki, son illər ərzində “Eurovision-2012” beynəlxalq mahnı festivalının, qızlar arasında futbol üzrə U-17 dünya çempionatının, Beynəlxalq Caz Festivalının, Bakı 2015 I Avropa Oyunlarının, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun, 42-ci Ümumdünya Şahmat Olimpiadasının, Baku Shopping Festivalının, Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarının və xüsusilə Formula-1 yarışlarının Azərbaycanda keçirilməsi ölkəmizi, onun tarixini, mədəniyyətini, qonaqpərvərliyini, mətbəxini və bir sıra digər özünəməxsus xüsusiyyətlərini dünya ictimaiyyətinin diqqətinə çatdıraraq, ölkəmizi dünyaya fərqli bir kontekstdə təqdim etməyə imkan yaratmış, ölkənin tanınması prosesində mühüm rol oynamışdır.  Turistlərin hər biri şəhərimizin, ölkəmizin gözəlliyini öz gözü ilə görür və onların bir çoxu buraya gəlmək istəyir.
Azərbaycanda iqtisadiyyat, idman, mədəniyyət, incəsənət və digər sahələrdə əldə olunan yüksək nailiyyətlər xarici iş adamları ilə yanaşı, turistlərin də ölkəmizə marağını artırıb. Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində ölkəmizdə turizmin inkişafı istiqamətində mühüm layihələrin icrası da buna əlverişli zəmin yaradır.
Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə dünyanın aparıcı dövlətlərində ölkəmizin təqdimatlarının keçirilməsi ənənəsi ictimaiyyətin diqqət mərkəzindədir. Heydər Əliyev Fondunun müəllifi və icraçısı olduğu mədəniyyət proqramları bütün dünyada, eləcə də hər bir vətəndaşımızın düşüncəsində yeni Azərbaycanın real obrazının, müasir imicin formalaşmasına əhəmiyyətli təsir göstərir.
Bir sıra ölkələrin, o cümlədən Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Cənubi Koreya, Malayziya və Sinqapur vətəndaşları üçün 2016-cı ildən etibarən hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsinə başlanması ölkəmizə səyahət edən xarici turistlərin sayını əhəmiyyətli dərəcədə artırmışdır. Belə ki, 2015-ci illə müqayisədə 2016-cı ildə Azərbaycana İordaniyadan 2 dəfə, Küveytdən 3,2 dəfə, Qətərdən 5,5 dəfə, Səudiyyə Ərəbistanından və Omandan 10 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 22 dəfə, İraqdan 30 dəfə çox turist gəlib.
Son illər turizm regionlarda daha çox inkişaf edir. Belə ki, turizm infrastrukturunun yaxşılaşdırılması, o cümlədən dünya səviyyəli Şahdağ və Tufandağ turizm istirahət, Naftalan, Duzdağ, Qalaaltı və sair müalicəvi-sağlamlıq komplekslərinin, müasir otel şəbəkələrinin yaradılması, tarix və mədəniyyət abidələrinin, mədəniyyət ocaqlarının bərpası regionlarda turizmin bütün ilboyu inkişafına təkan verib.
Bununla yanaşı paytaxt Bakıyı səyahət edən turistlərin də sayı olduqca çoxdur. Bakının tarixi və mədəniyyət abidələri turistləri özünə cəlb edir. Binəqədi rayonunda yerləşən  Keyrəki palçıq vulkanı da turizmin inkişafında böyük rol oynayır. Keyrəki palçıq vulkanı — Abşeron yarımadasında, Bakıdan 12 km şimalda, Binəqədi qəsəbəsindən bir qədər aralıda yerləşir. Vulkanın şimal yamacı dik, cənub yamacı isə az meylli olan kəsik konus şəklindədir. Krater bəndi üzərində hazırda qaz və maye çıxışlar müşahidə edilir. Tektonik cəhətdən vulkan eninə, Binəqədi antiklinalının cənub qanadının tağətrafı hissəsində yerləşmişdir. Sahənin geoloji quruluşunda Oliqosen-Miosen və Pliosen kompleksi çöküntüləri iştirak edirlər.
Sopka brekçiyası tərkibinin öyrənilməsi və onun dillərinin yerləşməsi 1885-1968-ci illərdə baş vermiş son səkkiz püskürmənin sərhədlərini ayırmağa imkan verir. Azərbaycanın tez-tez püskürən palçıq vulkanlarındandır. Morfologiyasına görə kiçik kraterli gümbəzşəkilli olub, mütləq hündürlüyü 146 m, nisbi hündürlüyü isə 116 m-dir. İlk dəfə vulkan 1824-cü ildə püskürmüşdür. Vulkan cəmi 17 dəfə püskürmüşdür ki, onlardan 5-i keçən əsrdə olmuşdur. Bütün püskürmələr yeraltı uğultu, partlayış, 15–40 m-dək qalxan brekçiya tullantıları, 1830-cu il püskürməsi istisna olmaqla, qazların yanmaması və alov sütununun olmaması ilə müşayiət edilmişdir.
Daha intensiv püskürmə 1952-ci ildə baş vermiş, bir neçə saat ərzində 30 ha yerin səthi 375 m3 lava ilə örtülmüşdür. Yeni minilliyin başlanması Keyrəki vulkanının aktivləşməsi ilə yadda qaldı – 2001-ci ilin iyun ayında onillik sakitlikdən sonra güclü püskürmə baş verdi. Püskürmə saat 20:42-də başlayaraq müəyyən fasilələrlə 2,5 saat davam etmişdir. Vulkan böyük brekçiya kütləsi (180 min m3) ilə 15 ha sahəni 2 m qalınlıqda palçıq təbəqəsi ilə örtdü. Onun yamaclarında (xüsusilə şərq yamacında) uzunluğu 200–250 m-ə çatan qəribə "dillər" əmələ gəldi. Qərb yamacının ayağındakı çatdan çıxan qaz yarım ildən artıq müddətdə yandı. 2002-ci ilin fevralın 28-də gecə, növbəti nisbətən zəif püskürmə oldu. Vulkan brekçiyasının axını qərb və şərq yamaclarında qeydə alındı.
12 oktyabr 2014-cü il, saat 12:30 radələrində partlayışla müşahidə edilən püskürmə nəticəsində xaric olan vulkan kütlələri 200 metrə qədər uzanıb. 12 iyun 2017-ci il tarixində saat 07:00 radələrində Keyrəki palçıq vulkanında püskürmə baş vermişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə vulkanın püskürməsi ümumən 15 dəqiqəyə yaxın çəkmişdir. Vulkanın püskürmə məhsulları şimal, şimal-şərq və şərq istiqamətlərində iki dil vasitəsilə 3,5 hektara yaxın əraziyə yayılmışdır. Püskürmə zamanı xaric olmuş püskürmə məhsullarının qalınlığı vulkan krateri zonasında 3 metrə yaxın, kənarlarında isə 0,2-0,3 metr təşkil etmişdir.
    Dünya turistlərinin diqqətini Azərbaycana cəlb etmək üçün müxtəlif istiqamətlərdə fəal işlər görülür. Ölkənin turizm potensialını təbliğ etmək, yerli adət-ənənələri, milli mətbəxi, mədəni və tarixi irsi tanıtmaq məqsədilə kitablar, bukletlər, disklər hazırlanır və yayılır, dünyanın müxtəlif televiziya kanallarında reklamlar nümayiş etdirilir, həyata keçirilən yeni layihələr barədə reklam və elanlar verilir, bu istiqamətdə internet imkanlarından geniş istifadə olunur.
Dünyada turizm sahəsində böhran və çətinliklərin olmasına rəğmən, Azərbaycan turist sayının yüksək artımına nail olub. Bu, ölkəmizdə aparılan sosial-iqtisadi siyasətin nəticəsi olmaqla yanaşı, həm də dövlət tərəfindən turizm sahəsinə göstərilən diqqətin təzahürüdür.

 

Keçidlər